EN

Məşhur çips məhsulunda uyğunsuzluq aşkarlandı

Məşhur çips məhsulunda uyğunsuzluq aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən mononatrium qlütamat (E 621) − qida əlavəsi ilə bağlı monitorinqlər çərçivəsində 29 yerli istehsal müəssisəsində müxtəlif məhsuldan 45 nümunə götürülərək laborator müayinələrə cəlb olunub.

AFN.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, sınaq nəticəsində "Rekord-2022" MMC-yə məxsus 1 nümunədə ("Rekord" əmtəə nişanlı 03.08.2025-03.02.2026 istehsal və son istifadə tarixli məhsul partiyası) və "Qəbələ Konserv Zavodu" MMC-yə məxsus 2 nümunədə ("Chipsim Kabab" əmtəə nişanlı 19.08.2025-19.04.2026 istehsal və son istifadə tarixli, "Chipsim Tomat" əmtəə nişanlı 07.08.2025-07.04.2026 istehsal və son istifadə tarixli məhsul partiyalarında) qida əlavəsinin normadan artıq olduğu müəyyən edilib.

Aşkar edilmiş uyğunsuzluqla əlaqədar istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, həmin istehsal tarixli məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması və yığışdırılmasına dair qərar qəbul olunub.

Qeyd edək ki, mononatrium qlütamat yeməklərin dadını gücləndirmək üçün istifadə olunan qida əlavəsidir. Bu maddə qlütamat turşusunun natrium duzudur və emal olunmuş qidaların etiketlərində "E621" və ya "monosodium glutamate" kimi qeyd edilir. Qida sənayesində əsasən kolbasa, sosis, hazır şorbalar, fastfud, çips və konservlərdə geniş istifadə olunur.

Yol verilən həddən artıq qəbulu insanlarda allergik reaksiyalar, nevroloji təsirlər yarada bilər. Beynəlxalq təşkilatlar bu maddənin normal miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirsə də, gündə 3-5 qram və daha çox qəbul edildikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər. Xüsusilə uşaqlar, hamilə qadınlar və bu maddəyə həssaslığı olan şəxslər ehtiyatlı olmalıdır. Nəzərə almaq lazımdır ki, E621 müxtəlif məhsullarda ola bilər və gün ərzində fərqli mənbələrdən qəbul edildikdə təsiri artaraq sağlamlığa zərər verə bilər.

Buna görə də istehlakçılar rasionlarında bu maddənin miqdarına nəzarət etməli, mümkün qədər az istifadəsinə üstünlük verməlidirlər.

Chosen
18
26
afn.az

10Sources