Bakı şəhərində PAŞA Holding və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) birgə təşkilatçılığı ilə ilk dəfə INMerge İnvestisiya Forumu keçirilib.
Bu barədə Neft Fondundan AzPost-a məlumat verilib.
Forumda suveren fondların, dövlət qurumlarının, beynəlxalq şirkətlərin, özəl kapital və aktivlərin idarə edilməsi üzrə ixtisaslaşmış qurumların, risk kapitalı fondlarının və digər nüfuzlu maliyyə institutlarının yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Yalnız dəvət əsasında təşkil olunan bu Forumun məqsədi idarəedici tərəfdaş (General Partner) və məhdud investorlar (Limited Partner) arasında peşəkar müzakirələr aparmaq, təcrübə və bilik mübadiləsi həyata keçirmək, həmçinin yeni investisiya imkanlarını dəyərləndirmək olub. INMerge İnnovasiya Sammitinin uğurlu təcrübəsinə əsaslanan bu yeni platforma Bakını beynəlxalq investorlar, sahibkarlar və siyasi qərarvericilər üçün mütəmadi görüş məkanına çevirməyi hədəfləyir.
Forumun açılışında çıxış edən ARDNF-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramov tədbirin Azərbaycanın iqtisadi inkişafında mühüm bir dövrə təsadüf etdiyini vurğulayıb. O, bu inkişaf trayektoriyasını müəyyən edən üç əsas istiqaməti – enerji, nəqliyyat əlaqəliliyi və iqtisadi diversifikasiyanı diqqətə çatdıraraq bildirib ki, ARDNF bu istiqamətlərin hər birinə resurs gəlirlərini davamlı investisiyalara çevirərək töhfə verir. Bu töhfə ölkədə iqtisadi sabitliyin qorunması, davamlı iqtisadi artımın təşviqi və uzunmüddətli dəyər yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəhruz Bəhramov qeyd edib: “ARDNF uzunmüddətli və məsuliyyətli investisiya fəaliyyətini şəffaflıq, intizam və beynəlxalq səviyyədə tanınmış idarəetmə standartlarına əsaslanaraq həyata keçirir. Ortaq hədəfimiz Bakının dərin məzmunlu müzakirələrin aparıldığı, tərəfdaşlıqların sağlam əsaslarla qurulduğu və təşəbbüslərin məsuliyyətlə həyata keçirildiyi etibarlı bir məkana çevrilməsidir.”