Payız ilin ən rəngarəng, eyni zamanda insan sağlamlığı üçün diqqət tələb edən mövsümüdür. Havaların soyuması, günəş işığının azalması, təbiətin yavaş-yavaş yuxuya getməsi insan orqanizminə də təsirsiz ötüşmür. Fəsil dəyişikliyi ilə immunitet zəifləyir, bədənin müqaviməti azalır, yorğunluq, yuxusuzluq, vitamin çatışmazlığı, mövsümi xəstəliklər, xüsusilə soyuqdəymə və qrip riski artır.
Payızda düzgün qidalanma təkcə sağlamlıq üçün deyil, həm də enerjili qalmaq üçün əsas şərtdir. Bunun üçün gündəlik qida rasionunda vitamin və minerallarla zəngin məhsullar üstünlük təşkil etməlidir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, istehlak etdiyimiz ərzaqların təbii və mövsümə uyğun olmasına diqqət etməliyik: "Mövsümündə yeyilən meyvə və tərəvəzlərin qida dəyəri də yüksəkdir. Onlarda orqanizmə lazım olan maqnezium, kalium, kalsium, dəmir, A, B12, B6, C, E vitaminləri, fol turşusu, lif və antioksidantlar mövcuddur. Xüsusilə payız aylarında alma, armud, üzüm, nar, limon, portağal, brokkoli, gül kələmi, çuğundur, zəncəfil, balqabaq və sair məhsullar istehlak etməkdə fayda var. Bu qidalar mədə-bağırsaq fəaliyyətini tənzimləyir, uzunmüddətli toxluq hissi yaradır. Limon, naringi, portağal və kivi kimi C vitamini ilə zəngin meyvələrin yeyilməsinə üstünlük verilməlidir. A vitamini ilə bol olan balqabaq, kök, şirin bibər, ispanaq, cəfəri isə hən də göz sağlamlığını və dəriyə parıltını təmin edir. Payızda günəş işığı azaldığı üçün D vitamini çatışmazlığı yaranır. Balıq, yumurta sarısı, süd məhsulları bu ehtiyacı qarşılamağa kömək edir".
Gündəlik qida rasionuna sağlam zülallar da daxil edilməlidir. Mütəxəssis bildirib ki, sağlam zülalı adətən balıq, ət, toyuq, yumurta və süd məhsullarından əldə etmək mümkündür. Bu məhsullar həftəlik rasiona uyğun istehlak edilməlidir. Məsələn, 70 kq çəkisi olan bir insan həftədə iki dəfə olmaqla gündəlik 200 qr ətlə kifayətlənməlidir. Həftənin digər günləri isə toyuq və balıq növbələşdirilməlidir. Soyuq aylar balıq istehlakı üçün münasib vaxt hesab edilsə də, əslində, balıq yeməyin mövsümü olmur. Əsas məqam balığın yaxşı olub, müvafiq standartlara cavab verməsidir. Balığı ya diri, ya da buzun içində almaq lazımdır. Onun pulları tökülməməli, gözü bulanıq, qarnı şişmiş olmamalıdır. Əks halda qida zəhərlənməsi ola bilər. Heyvan mənşəli zülallar ilə yanaşı, lobya, mərci, noxud kimi bitki mənşəli zülallar da qəbul edilməlidir.
"Soyuq havada insanlar çox zaman su içməyi unudurlar. Halbuki orqanizmin susuz qalması yorğunluq və halsızlığa səbəb olur. İmmun sistemini gücləndirmək üçün nar, alma, çuğundur, kök şirələri içilməlidir. Onların qarışımı da faydalıdır. Qara çay əvəzinə isə bitki çaylarına - cökə çiçəyi, itburnu, nanə, zəncəfil və limonlu qarışımlara üstünlük vermək sağlamlıq üçün daha faydalıdır. Yarım litr isti suya 1 çay qaşığı bal, yarım dəstə təzə nanə, iki dilim limon əlavə edib içmək isə həm immuniteti gücləndirəcək, həm də xəstələnmisinizsə, orqanizmin sürətli bərpasına kömək edəcək. Zəncəfil, bal və limonla hazırlanan içkilər də eyni dərəcədə effektlidir. Sarımsaq da soyuqdəyməyə qarşı güclü antioksidantdır. Tərkibindəki aliun və allicin adlı maddələr virusları məhv etmək qabiliyyətinə malikdir. Lakin bunun üçün sarımsağı çiy halda yemək lazımdır. Soğan da sarımsaq kimi virus əleyhinə olan tərəvəzdir və onu da çiy halda yemək məsləhətdir. Antioksidantlarla zəngin olan sarıkök, zəfəran, darçın kimi ədviyyatlar immun sistemini gücləndirir. Gün ərzində bu ədviyyatlardan bir çay qaşığı istifadə etmək tövsiyə olunur. Sulu yeməklər soyuqdəymənin dərmanıdır. Belə ki, şorbalar boğaz yolunda olan mikrobların inkişaf etməsinin qarşısını ala bilir. Kənd toyuğu şorbası isə əvəzolunmazdır", - deyə Ağa Salamov qeyd edib.
Payızda enerji ehtiyacının artması insanı şirin qidalara daha çox meyilli edir. Mütəxəssis hazır şəkərli məhsulların əvəzinə quru meyvələrə və təbii balla hazırlanan şirniyyatlara üstünlük verməyi tövsiyə edir. Digər mövsümlərdə olduğu kimi, qışda da mövsümə uyğun olmayan meyvə və tərəvəzlərlə birlikdə, emal olunmuş və az qida dəyərinə malik məhsullardan uzaq durmaq vacibdir. Kolbasa, sosiska, konservləşdirilmiş məhsullar, çipslər, qazlı içkilər və GMO tərkibli qidalar immun sistemini zəiflədir. Şəkər və trans yağlarla zəngin qidalar da bədənə zərər verir, xəstəliklərə qarşı müqaviməti azaldır.
Payızda qida rasionu düzgün planlaşdırıldıqda orqanizm mövsümi xəstəliklərə qarşı daha davamlı olur, insan özünü enerjili, gümrah və sağlam hiss edir. Yəni süfrəmizə yalnız ləzzət deyil, həm də sağlamlığımızı qoruyan məhsullar daxil edilməlidir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"