EN

Ermənistanda gərginlik yenidən ARTIR – Seçkiqabağı kimin şansı nə QƏDƏRDİR?

Ermənistanda seçkilər yaxınlaşdıqca müxalifətin baş nazir Nikol Paşinyana qarşı mübarizəsi də kəskinləşir. Amma buna rəğmən erməni müxalifətinin bu mübarizədə dağınıq fəaliyyəti də göz önündədir.

Revanşistlər yenə də Paşinyana qarşı birləşə bilmirlər. Hətta keçmiş prezidentlər, Koçaryanla Sarkisyan belə birləşməyərək, müxtəlif cəbhələrdə vuruşurlar. Hazırda istintaq altında olan bizmesmen Samvel Karapetyanın komandası da mübarizəni təkbaşına aparır. Bunu revanşistlər daxil Paşinyana müxalif demək olar bütün qüvvələrə şamil etmək olar. Yaranmış vəziyyət isə istər-istəməz Paşinyanın xeyrinə işləyən məqamdır.

Mövcud durumda görəsən Paşinyanın qələbə şansları necədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi ki, Paşinyan yenə də nisbi üstünlüklə də olsa qalib gələcək:

“Müharibəyə qədər erməni seçicilərinin 70 faizə qədəri Paşinyana inanırdı. Müharibədə məğlub olandan sonra Paşinyan təkrar seçkilər keçirdi və yenidən 50 faizdən çox səs topladı. İndi Ermənistanla Azərbaycan arasında sülh danışıqları gedir. Paşinyanın şəxsi reytinqi 17 faizdir. Partiyasının reytinqi isə ondan da aşağıdır. Amma məsələ ondadır ki, ən yaxın rəqibinin reytinqi 5-6 faiz daha zəifdir. Ermənistanda gərgin siyasi vəziyyətdir, hakimiyyət uğrunda mübarizə kəskinləşir. Rusiyanın Paşinyanı devirmək istəyi də göz önündədir”.

Buna baxmayaraq, həmsöhbətimizin fikrincə, Paşinyan “dövlət üzərində dövlət” yaradaraq, nəzarəti əlində möhkəm saxlayıb:

“Güc strukturları onun əlindədir. Mətbuatın böyük hissəsinə nəzarət edir. Ehtimallara görə, seçkilərdə yenə də ən çox səs qazanan partiya Paşinyanın partiyası olacaq. Amma əhalinin böyük hissəsi, təxminən 60 faizi seçkilərdə iştirak etməyəcək. Erməni cəmiyyəti gözəl anlayır ki, Paşinyan sülh, barış deməkdir, müxalifət gəlsə isə müharibə ehtimalı artacaq. Erməni xalqının gözünün önündə 2020 və 2023-cü il təcrübəsi canlı şəkidə durub”.

Politoloqa görə, Ermənistan müxalifətinin Paşinyana qarşı birləşə bilməməsinin kökündə gerçək şansı olmasa da belə, hər bir siyasətçinin özünü birinci yerdə görməsi ilə bağlıdır:

“Başqa bir tərəfdən burada indiki müxalifətin erməni xalqına gətirdiyi bəlaları əhalinin yaxşı görməsi də öz sözünü deyir. Ona görə də onlar həmin siyasi xəttin təkrar olunmasını istəmirlər”.

Rüfət Sultan, Bizim.Media

Chosen
10
1
bizim.media

2Sources