EN

İcraçı direktor: Media süni intellekdən daha maraqlı kontent yaratmaq üçün yararlanmalıdır

Media süni intellekdən yalnız forma baxımından təkmilləşmək üçün deyil, eyni zamanda daha maraqlı kontent yaradılması prosesində də yararlanmalıdır.

KONKRET.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının media sahəsinə tətbiqindən irəli gələn spesifik məsələlərin həlli günümüzün vacib çağrışları sırasındadır:

“Bu yeni bilik və bacarıqlara yiyələnmək, onun verdiyi fürsətləri dəyərləndirərək ölkələrimizn informasiya landşaftını müasirləşdirmək zərurəti artıq hiss olunmaqdadır”.

Əhməd İsmayılov qeyd edib ki, media süni intellekdən yalnız forma baxımından təkmilləşmək üçün deyil, eyni zamanda daha maraqlı kontent yaradılması prosesində də yararlanmalıdır:

“Məlumdur ki, kontentin jurnalistika prinsiplərinə uyğun formada hazırlanması, faktların yoxlanılması, analitik təhlillərin və müqayisələrin aparılması, xüsusən də hazırlanmış materialın vizualizasiyası süni intellekt texnologiyalarının tətbiqi olmadan reallaşa bilməz”.

O, həmçinin əlavə edib ki, bu müasir yanaşma jurnalistikanın artıq yeni və tamam fərqli inkişaf fazasına keçdiyini deməyə əsas verir:

“Bir sıra ölkələrin mediası artıq yeni texnoloji tərəqqinin nailiyyətlərindən istifadə edir. Prosesi yaxından izləyir, ciddi təhlil edir, medianın rəqəmsal mühitdə rəqabətə davamlılığını yüksəltmək üçün müxtəlif təşəbbüslərlə çıxış edirik.

3-cü Şuşa Qlobal Media Forumunda süni intellektin artan roluna və ictimai inkişafdakı təsirlərinə toxunan Azərbaycan Respublikasının Prezidenti cənad İlham Əliyev bildirib ki, ölkədə IT texnologiyalarının inkişafı dövlətin önəm verdiyi prioritetlərdən biridir. Azərbaycanın bu istiqamətdə aparıcı beynəlxalq şirkətlərlə təmasları mövcuddur. Süni intellektin yayılması kifayət qədər sürətlə gedir və heç şübhəsiz ki, ondan istifadə edən şəxslərin sayı da çox olacaqdır. Cənab Prezidentin vurğuladığı kimi Azərbaycan bütün yeni texologiyalara açıq ölkədir, “əsas odur ki, süni intellekt bizi bildiyimiz kriteriyalardan, meyarlardan uzaqlaşdırmasın”.

Hesab edirik ki, süni intellektin tətbiqindən irəli gələn məsələlər ətrafında biz ciddi düşünməli, istər Özbəkistan, istərsə də Azərbaycan mediasının təcrübəsini əsas götürərək bu istiqamətdə səylərimizi birləşdirməli, birgə fəaliyyətimizin effektiv mexanizmini yaratmalıyıq”.

Chosen
14
26
konkret.az

10Sources