EN

Azərbaycan Rusiya qazını İrana buraxmayacaq? - BMT sanksiyalarının bərpası rəsmi Bakıya seçim yeri qoymur

Məlum olduğu kimi, Rusiya ilə İran ötən ilin yayında təbii qaz nəqlilə bağlı ilkin razılaşma əldə ediblər. Bu ilin yanvarında isə İran Prezidenti Məsud Pezeşkianın Moskvaya səfəri zamanı bu məsələ əsas gündəm mövzularından biri olub.

Belə ki, Rusiya qazının İrana ildə iki milyard kubmetrə qədər nəqlinə başlanılması, gələcəkdə isə bu həcmin 50 milyard kubmetrə çatdırılması ilə bağlı saziş imzalanıb. Bu həcmin bir hissəsinin İranın daxili ehtiyacları üçün istifadə olunması, qalan hissəsinin isə üçüncü ölkələrə, xüsusilə də Asiyaya ixracı nəzərdə tutulurdu.

Ən əsası isə bu tədarüklərin mövcud infrastrukturdan istifadə etməklə Azərbaycan üzərindən həyata keçirilməsi planlaşdırılırdı. Lakin rəsmi Bakı bugünə qədər tranzit ölkə kimi bu layihədə iştirakını təsdiq etməyib.

Baş nazirin müavini Şahin Mustafayevin bu yaxınlarda Tehrana səfəri də bu məsələyə aydınlıq gətirməyib və bununl bağlı müzakirələrin təfərrüatları qeyri-müəyyən olaraq qalır. Sadəcə məlumdur ki, İran tərəfi guya bütün şərtlərin razılaşdırıldığını bəyan edib. Qalıb yalnız qiymət məsələsi. Belə ki, iran Avropa qiymətlərinin yarısına bərabər olan qiymət təklif edir…

Lakin indi əsas məsələ heç də qiymıt razılaşdırılması məsələsi deyil. İndi ümumiyyətlə, bu layihənin Azərbaycan ərazisi vasitəsilə reallaşması böyük sual altındadır. Belə ki, 28 sentyabr 2025-ci il tarixdən BMT Təhlükəsizlik Şurası İrana qarşı 2015-ci ildə dayandırdığı sanksiyaları bərpa edib. Bu sanksiyalar İranla Qərb arasındakı nüvə sazişinə əsasən dayandırılmışdı. Lakin Tehranın Böyük Britaniya, Almaniya və Fransanın nüvə obyektlərində MAQATE-nin təftişinə icazə vermək tələblərini yerinə yetirməkdən imtinası səbəbindən sanksiyalar yenidən qüvvəyə mindi. Beləliklə, altı sanksiya qətnaməsinin bütün müddəaları yenidən qüvvədədir. BMT-yə üzv dövlətlərdən bütün vasitələrdən istifadə edərək, onlara tam əməl etmələri tələb olunur.

Xatırladaq ki, silah satışına qadağanı, eləcə də enerji daçıyıcıları, maliyyə, bankçılıq və digər əsas sektorlara məhdudiyyətləri ehtiva edən sanksiyalar 2015-ci ildə İran və altı beynəlxalq vasitəçi arasında razılaşmadan sonra dayandırılmışdı. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi qəbul olunmuşdu. Lakin 2025-ci ilin avqustunda İran və İsrail arasında 12 günlük müharibədən sonra Fransa, Almaniya və Böyük Britaniyadan ibarət Avropa “üçlüyü” həmin qətnamədə nəzərdə tutulan və sazişin şərtlərinin pozulması halında əvvəlki sanksiyaların avtomatik olaraq geri qaytarılmasını nəzərdə tutan “snapback” mexanizmini işə salıb. Danışıqları davam etdirmək üçün bütün cəhdlərə baxmayaraq, tərəflər kompromis əldə edə bilməyib. İran MAQATE-ni öz nüvə obyektlərinə buraxmayıb. Nəticədə sanksiyalar rejimi bərpa olunub.

Tehran təbii ki, bu qərarı rədd edir. İran Xarici İşlər Nazirliyi bunun “İran və ya BMT-yə üzv dövlətlər üçün heç bir öhdəlik yaratmadığını” bəyan edərək, onları “hüquqi cəhətdən əsassız, mənəvi cəhətdən qəbuledilməz və məntiqi cəhətdən qüsurlu” adlandırıb.

Lakin bu, İranın mövqeyidir, Qərb dövlətləri Tehran kimi düşünmür. Artıq BMT Təhlükəsizlik Şurasının ardınca Avropa Birliyi də İranın ballistik və nüvə proqramlarına, eləcə də maliyyə və enerji sektorlarına təsir edən yeni məhdudiyyətlər elan edib.

Sanksiyaların bərpası onsuz da dərin tənəzzüldə olan İran iqtisadiyyatına ağır zərbə vurur. Rusiya qazının Azərbaycan üzərindən İrana idxalı planlarının faktiki olaraq dondurulması da bunun göstəricisidir. Bu tədarüklər Moskva və Tehran arasında genişmiqyaslı enerji sazişinin bir hissəsi olmaq üçün nəzərdə tutulmuşdu. Lakin sözügedən sanksiyalar səbəbindən bunu Azərbaycan üzərindən yerinə yetirmək mümkün deyil.

Qərbin həm İrana, həm də Rusiyaya artan təzyiqləri, eləcə də dünya birliyinin böyük əksəriyyəti tərəfindən dəstəklənən sanksiyalar fonunda Rusiya qazının İrana tranzitində iştirak etmək Azərbaycan üçün əlbəttə ki, məqbul deyil.

Hazırda rəsmi Bakı Azərbaycanın milli maraqlarına uyğun olaraq, ABŞ və Avropa İttifaqı ilə iqtisadi və siyasi əlaqələri fəal şəkildə inkişaf etdirir. Digər yandan, daim beynəlxalq hüquqa hörmətlə yanaşan ölkəmiz BMT-nin qətnamələrini pozan ölkələr sırasına daxil ola bilməz. Odur ki, belə bir layihədə potensial iştirak Azərbaycan üçün təkcə nüfuz itkisinə deyil, həm də ağır iqtisadi nəticələrə səbəb ola və ölkəmizi olduqca pis vəziyyətdə qoya bilər. 

Aydın görünür ki, İrana qarşı beynəlxalq sanksiyaların bərpası yaxın gələcək üçün Moskva ilə Tehran arasında Azərbaycan üzərindən enerji tərəfdaşlığına faktiki olaraq son qoyur. Bu, əlbəttə həm İran, həm də Rusiya üçün ağrılı zərbədir. Əgər sözügedən layihə reallaşsaydı, bu, Rusiya üçün cənuba potensial ixrac kanalının açılması, İran üçün isə xarici təzyiqlər qarşısında enerji çatışmazlığını kompensasiya etmək imkanı demək idi. Lakin təəsssüf ki, hər iki dövlətdəki hakim rejimlər öz irticaçı siyasətlərindən, xüsusilə də Rusiya beynəlxalq hüquqa qarşı açıq etinasız münasibətindən əl çəkmək, işğala son qoymaq fikrində deyil. Bu isə o deməkdir ki, həmin dövlətlərdəki hakim rejimlər indiki mövqelərində qaldıqca, onlara qarşı bu cür ağır sanksiyalar da davam edəcək.

AzPolitika.info

Chosen
15
1
hurriyyet.az

2Sources