BAKI, 30 sentyabr. TELEQRAF
Sosial şəbəkələrdə Bakıdakı 281 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin soyundurularaq videoya çəkilməsi ilə bağlı məlumat yayılıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, fakt üzrə polis araşdırma aparır.
Məktəbdən verilən məlumatda deyilir ki, 7-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv hərəkətlər edirdi:
“Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı ona xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib. Sentyabrın 18-də tənəffüs vaxtı 7-ci sinif şagirdləri davranış qaydalarını mütəmadi pozan şagirdə təzyiq göstəriblər.
Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə iş aparır.
Məktəb psixoloqu tərəfindən şagirdlərlə müvafiq dəstəkləyici tədbirlər həyata keçirilir. Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib”.
Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, məktəbdə sağlam psixoloji mühitin möhkəmləndirilməsinə dəstək üçün əlavə psixoloq cəlb olunub:
“Bu kimi hallarda təhsilalanların psixoloji zərər görməməsi və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır, şagird davranış qaydalarına uyğun olmayan hallara qarşı qanunauyğun tədbirlər görülür”.