EN

ZƏFƏR TƏQVİMİMİZİ NECƏ QURAQ? Bayram günlərini birləşdirən Qələbəmiz...

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Zahid ORUC

Azərbaycan xalqının siyasi təqvimi 3 fərqli dövrün - Cümhuriyyətin mirası, 90-cı illər SSRİ-nin dağılması nəticəsində qazanılan müstəqilliyin qürur və kədər günləri, nəhayət, 2020-ci ildə prezident İlham Əliyevin rəhbərliyi ilə millətimizlə müqəddəs Vətən müharibəsində qazandığı Zəfərdən doğulan bayram günləri müasir milli tariximizi təşkil edən əsas sütunlardır.

Vətən müharibəsində Qələbə siyasi təqvimimizə də azadlıq qazandırıb, təqvim inqilabı və ya qalibiyyət silsiləsindən yaranan yeni dövlətçilik səlnaməsi formalaşdırıb.

Müharibədən keçən xalqlar üçün ən böyük vəzifə Qələbə təqvimini yaratmaqdır, çünki Zəfər ən böyük milli ideologiyadır, həm fəlsəfi, həm siyasi, həm də ictimai baxımdan bütöv bir ideoloji doktrinanın bünövrəsidir. Qələbə Təqvimi yeni siyasi və milli kimlik kursunun onurğa sütunudur. Niyə bu ideologiyanın mərkəzinə “təqvim” qoyulur? Çünki siyasi təqvim sadəcə günlərin ardıcıllığı deyil – o, tarixi necə kütləvi yaddaşa çevirməyi, hansı dəyərləri önə çıxarmağı və gələcəyə necə baxmağı müəyyənləşdirir. Yəni, təqvim, ictimai yaddaşımızın siyasi redaktəsidir.

Zəfər ani hadisə deyil-bir prosesdir. Qələbə təqvimi o dinamikanı mərhələ-mərhələ xalqın yaddaşında qurur: Müstəqillik → Qurtuluş → Mübarizə → Şəhidlik → Qələbə → Qayıdış → Gələcək. Gördüyünüz kimi, xüsusilə də şərqli təfəkküründəki ierarxik düzülüş təmin olunur. Keçmişi qoruma, gələcəyi istiqamətləndirmə nəticəsində təqvim həm faciə günlərini mənalandırır, həm də gələcək nəsillər üçün dəyərlər toplusu formalaşır: bayramlar, anım günləri, rəsmi tədbirlər xalqla birbaşa emosional bağı yaradır. Qələbə təqvimi – bu emosional əlaqəni vahid sistemə salır.

“Zəfər Təqvimi” necə qurula bilər? Müstəqillik günü Zəfərə gedən yolun başlanğıcı, Qurtuluş Günü xilas və daxili xaosa son qoymaq, onu nizamla əvəzləmək, Silahlı Qüvvələr günü Cümhuriyyətin yaratmağa çalışdığı orduya ehtiram və onların yarımçıq qalan ideallarının İlham Əliyevin ordusu ilə gerçəyə çevrilməsi, nəhayət, Zəfər günü ən ali mərhələyə-ümumxalq arzularına yetişmək yalnız bayramların təqvim sıralaması deyil, xalqın yaddaşında yeni nəsil siyasi tarix yaratmaqdır.

Təqvim islahatı siyasi tariximizi düzgün mənalandırmaq, ona münasibəti yenidən qurmaq, yəni “qara haşiyəli günlərə”-milli faciələrə, işğal və məğlubiyyət tarixinə yeni məna qazandırmaq deməkdir. Nəticədə, milli travmanı idarə etməklə işğal dövründəki faciəli günlər – yalnız yas və acı deyil, dirəniş, müqavimət, vətən sevgisinin simvolu kimi təqdim olunur. Qələbədən sonra həmin günlərə “məğlub olsaq da uzun illərin sistemli mübarizəsi ilə qələbəyə çatdıq”, mesajı ilə yanaşılır, “qaranlıq tarix” aydınlığa çıxır.

Tarix emosional yükündən kənar edilmir, əksinə ağrı pozitiv gücə çevrilir, çünki artıq “müharibədə yenilmək faciə deyil, xalqın səfərbərliyi ilə yenidən doğuluşa gətirən hadisədir”. Yeni siyasi təqvim həm dövlət kursunda, həm də vətəndaş yaddaşında ortaq məna daşıyıcısı olur.

Beləliklə, yeni tarixi dönəmin astanasında-17 noyabr Milli Dirçəliş, 18 oktyabr Müstəqilliyin bərpası və 20 sentyabr Suverenlik gününün birləşdirilməsi eyni siyasi amalda çulğaşan tarixi hadisələri vahid bir gündə-20 sentyabrda Bütövlük və Suverenlik bayramına çevirməyi təklif edirik. Onda Qələbə təqvimi düzgün fasada yerləşir. Əsla hər hansı tarixi günün üzərindən mexaniki xətt çəkilmir, əksinə, istər xalqımızın meydan epopeyası, istərsə də müstəqilliyin elanı nəhayət, öz dolğun mənasına yalnız 2023-cü ildə çatır.

Milli azadlıq yalnız hansısa imperiyalardan qurtulmaq deyil, həm də milli dövlət qurmaq idealına qarşı son iki əsrdə qarşı qoyulan erməni məsələsini həll etmək əsil müstəqillik və milli azadlıq hadisəsidir. Ona görə də İlham Əliyevin liderliyində qazanılan bayramlar əvvəlki tarixi nəinki inkar etmir, tam əksinə ona yeni düzən verir, daha doğrusu, onların arasında məna bağlarına görə vəhdət yaradır. 8 noyabr və 20 sentyabrla birlikdə azad olunan Kəlbəcərdən Zəngilana qədər torpaqların təqvimi, Qayıdışın gerçəkləşdirildiyi günlər Zəfər təqviminin parlaq səhifələridir.

Tarix göstərir ki, bir xalqın qələbəsi yalnız döyüş meydanında qazanılmaz. Qalibiyyət həm də xalqın ruhunda, onun ideyalarında, milli-mənəvi dəyərlərində təcəssüm etməlidir. Bizim Qələbə Təqvimini qurmaq ideyası-məhz ruhun və ideyanı birləşdirmək məramından qaynaqlanır. Təqvimdə birləşən günlər, hadisələr və tarix milli yaddaşımızın əsas sütunları olur.

Yeni siyasi təqvimin təməlində Zəfərin davamlılığı ideyası dayanır. Çünki biz yalnız torpaqlarımızı işğaldan azad etmədik, həm də milli birliyimizi, dövlətimizin suverenliyini və gələcəyə inamımızı bərpa etdik. Qələbə müharibənin bitməsi ilə tamamlanmır, o, sülhün və inkişafın təminatı ilə davam edir.

Qələbə Təqvimi tarixi və siyasi kimliyi sistemləşdirmək deməkdir. Bu təkcə dövlətin yaratdığı rəsmi konsept deyil, xalqla birgə yaşanan və formalaşan yol xəritəsidir.

Gəlin, bir daha tarixin daşlarını öz yerinə qoyaq-1991-ci ilin sentyabrın 8-də ölkəmizdə ilk prezident seçkiləri keçiriləndə artıq “Dağlıq Qarabağ respublikası” yaradılmışdı. Lakin əgər torpaqlarımız işğal olunmayasaydı belə, biz digər sovet respublikaları kimi seçkilərə getsəydik, onda Dağlıq Qarabağ Muxtar Vilayəti və ermənilərin yaşadığı bir şəraitdə seçki keçirməliydik. İndi isə ermənilər İrəvanda hakimiyyəti devirmək, hərbi-siyasi qarşıdırma salmaq ssenarisi ilə ərazini könüllü tərk ediblər və Dağlıq Qarabağ adlı qurum da yoxdur. Biz 100 il əvvəllə-1920-ci illə də müqayisə edə bilmərik, Cümhuriyyət zamanı ilə də, çünki ermənilər onda da müəyyən sayda Qarabağda vardılar. Rusiya imperiyasının tərkibində olduğumuz dövrlə heç oxşarlıq yoxdur, çünki onda vahid və müstəqil dövlətimiz mövcud deyildi. Gördüyünüz kimi, Azərbaycanın varlığı, mövcudluğu tarixində ilk dəfə millətimiz ermənilər olmadan və işğalsız öz müstəqil iradəsi ilə gələcəyini, taleyini müəyyən edir. Təkcə müstəqilliyi deyil, varlığı tarixində...

Biz təqvim islahatları təklif edərkən, ona Zəfərin gətirdiyi hərbi-siyasi və gələcək strateji hədəflər baxımından düzgün sıralama, düzülüş verməyi nəzərdə tuturuq. Çünki Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə millətimizə bəxş olunan bayram günləri təkcə torpaqların azadlığı hadisəsi olmayıb, gələcək qalib 100 ili formalaşdırmaq gücünə, yeni milli ideoloji platformaya çevrilmək potensialına malikdir. Yəni, prezident təqvim inqilabını gerçəkləşdirib, milli taleyi müəyyənləşdirən günlərə, aylara, konstitusion və bəşəri nümunəyə çevrilən tarixi hadisələrə müəlliflik edib.

Bəs digər xalqlarda təqvimi necə tərtib ediblər-biz Sezar zamanına qayıtmaq istəmirik, yaxud Qriqorian təqviminin gətirdiyi hesablama sistemi də dünyanın yaşını ölçən universal kalendardır.

Lakin siyasi təqvim islahatlarının nümunələri dünyada az olmayıb: Fransız inqilabı təqvimi, Çində xalq respublikası və bayram dəyişiklikləri, Britaniya tarixində belə tədbirlər çox olub. Bayramların bir tarixdə birləşdirilməsi daha güclü simvol yaratmaq, milli identikliyi möhkəmləndirmək, müstəqillik, dirçəliş və suverenlik kimi idealları xalqa bir bütün kimi qəbul etdirmək və milli ruhu bütövləşdirmək məramına xidmət edir. Nəticədə, yaradıcı enerji toplanır, tarixi mesajlar sadələşir, xalqın yaddaşında mürəkkəb hadisələr bir dalğada səsləşir, əbədiləşir.

Söhbət əsla inzibati qərarla süni təqvim yaratmaqdan getmir. Tarixi fərqliliklər qorunmalıdır, çünki siyasiləşmiş günlər müxtəlif hekayələrə malikdir. Fərqli sosial qrupların təqvim və qələbə kultunun quruculuğuna münasibəti sosioloji institutların daim tədqiq etdiyi sahədir.

Bir rus yazar öz dövləti haqda bunları deyir-digər xalqlardan fərqli olaraq, Rusiya ictimai fikrində milli tarixi başlanğıc nöqtəyə yığacaq konstitusion bütövlük hadisəsi mövcud deyil. Fransada belə nümunə Bastiliyanın alınması, ABŞ-da müstəqilliyin elanı, Almaniyada vahid dövlətə çevrilmə və o cümlədən, əsrin sonunda ayırıcı divarların sökülməsi həmin dövlətlərdə milləti birləşdirən əsas dayaq nöqtələridir, təməl daşlarıdır.

Müəllif qeyd edir ki, Putinin mifik Korsunu müqəddəs etmək və ya Kiyev Rusunu mənimsəmək cəhdləri uğursuz oldu. Nəticədə, Rusiyanın başlanğıcı qaranlıq bir zamansızlığa keçdi.

Kütləvi şüurda ölkənin formalaşma tarixinin qeyri-müəyyənliyi ərazinin müstəmləkə kimi genişlənməsi və yad torpaqların ələ keçirilməsi prosesinə uyğun gəlir.

Beləliklə, təqvim islahatı ideoloji-siyasi hədəflərimizə və Qarabağdan sonra xalqımızın tarixinə yeni nəzərlərlə baxmağa imkan verir, siyasi təqvimi yalnız qırmızı və qara rənglərlə boyamaq deyil, ona düzgün məna verərək dövlətçilik fəlsəfəsini və şüurunu düzgün qurur, ona kütləvilik qazandırır. İnsanlar onun ətrafında yalnız dövlət elan etdiyi üçün yox, həqiqətən qanından və canından keçdiyi üçün keçmişlə gələcək arasında rabitəni və bağları düzgün qurur, arasıkəsilməzliyi təmin edir.

Təqvimə münasibətdə hakimiyyətin və ya müxalifətin iradəsinin əsas götürüldüyü nümunələr çoxdur. Müasir Ukraynada baş verən son 10 illik inqilablar və nəhayət, Rusiyanın hərbi təcavüzü yeni qürur və faciə günləri yaradıb. Lakin həmin təqvimə xalqın birmənalı münasibəti yoxdur.

İki il əvvəl, 2023-cü ilin 20 sentyabrında Azərbaycanın qazandığı Bütöv Suverenlik millətimizin etnik, sosial və siyasi vahidliyinə bağlı olduğu üçün yalnız Xankəndinin azadlığını nəzərdə tutmur, daha çox son iki əsrlik köçkünlük və qaçqınlığın sonu, taleyimizin yad əllərdə həll edilməsinin bitməsi, erməni məsələsinin bizim coğrafiyadan kənara çıxması kimi qəbul olunur.

Biz bayramları birləşdirməyi təklif edərkən, əsla riyaziyyatdan danışmırıq, dirçəlişdən başlayan, müstəqilliyə nail olan bir xalq yalnız 2023-cü ilin 20 sentyabrında bütövlüyə qovuşubsa, əsil müstəqilliyə də onda çatıb.

Belə yanaşma bütün ictimai-siyasi institutlarımızın ətrafında birləşdiyi və xalqımızın qeyd etdiyi, məna verdiyi, daşıdığı, gələcəyə ötürdüyü siyasi təqvimimizi formalaşdırır, uğur hekayələrimizi birləşdirir, başlanğıc dayağa, kollektiv yaddaşımızın düzgün təməllər üzərində qərar tutmasına səbəb olur.

Konstitusiya və Suverenlik ilindən baxaraq, ən böyük çağırışı məhz son 5 ildən sonra daxil olduğumuz yeni siyasi dövrün keçmiş tariximizlə düzgün əlaqələnməsini təmin etmək mühüm dövləti vəzifədir.

Xankəndiyə qovuşmaq təkcə erməni məsələsinin həlli deyil, ən əsası Azərbaycan milli dövlətçiliyi daxili təhlükələrdən tam xilas olub, köçkünlük və qaçqınlığa son qoyulub. Bəli, Qayıdış çox illər aparacaq, çünki söhbət təkcə infrastruktur hadisəsindən getmir, daha çox millətin varlığına, ənənələrinə, dəyərlərinə dönüş tələb olunur.

Ona görə də Dirçəliş, Müstəqilliyin bərpası və Suverenlik gününü 20 sentyabrda birləşdirmək tamamilə qanunauyğundur.

Sentyabr təkcə suverenlik ayı deyil, həm də “Əsrin neft müqaviləsi” ilə iqtisadi suverenliyin təntənəsi, öz sərvətləri üzərində qazanılan hüquq və neft savaşının qazanılması ilə Ulu öndərin Əsrin Qələbəsinə gələn yola ən böyük töhfəsi idi.

Qarabağlı bütövlüyü müstəqillik dövründə ilk dəfədir, yaşayırıq...Hələ oraya köçən insanlar tamlığı yeni hiss edirlər..Həqiqi müstəqillik dövründə Qarabağ yalnız indi inzibati, siyasi və sosial mahiyyəti ilə ölkəmizin həyatında qurucu rol oynamağa başlayır. Fasilərlə 300 il davam edən savaş milli dövlətçiliyimizin altına qoyulan siyasi mina idi. Torpağın bətni həmin ölüm eliksirindən azad olduqca Vətənin gövdəsi dinclik tapır və üstündəki insanlara əbədi həyat verir. Belə hadisənin bənzəri milli tariximizdə yoxdur.

Siyasi təqvim islahatları-yəni ölkənin rəsmi təqvim sistemində, bayramlarda, iş və istirahət günlərində, bəzən hətta ilin başlanğıcında və günlərin sayında dəyişikliklər dünyada geniş yayılıb.

Müharibədə Qələbədən əvvəlki bayramları bir yerə yığmağı təklif edərkən mexaniki və ya inzibati birləşdirməni deyil, müstəqillik, dirçəliş, kimi tarixləri, yeni bir ideoloji və tarixi çərçivəyə – Zəfər təqviminə daxil etməyi hədəfləyirik. Belə yanaşma həm tarixi ardıcıllığı, həm də milli ideoloji bütövlüyü əks etdirir. Niyə bu yanaşma əhəmiyyətlidir, çünki tarixi sıralanma da yeni milli kimlik quruculuğudur.

Beləliklə, Zəfərdən əvvəlki dövr-hazırlıq və mübarizə mərhələsi kimi təqdim olunur, Zəfər- kulminasiya nöqtəsi olur. Zəfərdən sonrakı dövr-quruculuq, bərpa və yeni gələcək mərhələsinə keçir. Milli ideologiyanın mərkəzləşdirilməsi nəticəsində dağınıq bayramlar əvəzinə vahid ideoloji çərçivə: Zəfərə gedən yol, Zəfərin özü, Zəfərin gələcəyə ötürülməsi silsiləyə çevrilir. Yeni nəsil üçün daha anlaşılan tarix yaranır-millət üçün bayramlar yalnız təqvimdə “qırmızı günlər” deyil, bir ideoloji xətt üzrə birləşdirilmiş hadisələr qovşağını görür.

Qələbə kultunun qəbulu, onun zamanla həm kədər, həm də qələbə duyğuları harmoniyasını təmin etməsi, bir sözlə, yeni bayram və anım günləri kədər tarixinin əvəzi deyil, tamamlayıcısıdır.

Kimsə düşünə bilər ki, faciə və qələbəni yanaşı qeyd edəndə millət ikiləşir. Ona görə türklər Qalib millət kodunu seçiblər, çünki tarixi acıların üstündən qalxa və imperiyadan Cümhuriyyət quruculuğuna keçə biliblər.

Qələbə Təqviminin dövlət səviyyəsində rəsmiləşdirməsi, ona hüquqi status verilməsi prezident fərmanı ilə gerçəkləşdirilə bilər, lakin xalq və bütün ictimai institutlar keçmişlə hesablaşmağı, Zəfəri xalq yaddaşına köçürməyi, gələcəyi hansı ideoloji dayaqlar üzərində qurmağı bilməlidirlər.

Məsələn, Fransa 1944–45 illəri nasizmdən xilas və “Resistance” ideologiyasını yaratdılar. Çünki ölkə alman orduları tərəfindən 1940–44-cü illərdə işğal olundu. Yeni ideologiya: “Resistance” (Müqavimət)-yəni, xalqın işğala qarşı birgə dirənişi və əyilməzliyi simvola çevirdi.General de Qollun liderliyi, Parisin azad olunması, xalqın birliyi təqvimdə yer aldı: 8 may – Qələbə Günü, 18 iyun – Dirəniş Günü.

Polşa kommunizmə və işğala qarşı milli yaddaş formalaşdırdı. II Dünya Müharibəsində Almaniya, daha sonra Sovet İttifaqı tərəfindən azadlığının əlindən alınması “Qurbanlıq və dirəniş” + “Solidarnośt” hərəkatı həm faşizmə, həm də kommunizmə qarşı mübarizə ideologiyasına çevrildi və təqvimdə: Varşava üsyanı günü-1 avqust və mesaj formalaşdı-tarix bizi sınadı, amma xalq olaraq sınmadıq.

İndi fransızlar, polyaklar kimi azərbaycanlılar da Böyük Qayıdışa mülki Zəfər kimi baxır, çünki doğma torpaqlara dönən ailələr milli tamlıq yaradır, yollar, məktəblər, kəndlər, şəhərlər bərpa olunduqca insanlıq və həyat ahəngi, ruh Vətənə qayıdır. Yurduna dönən vətəndaş-Zəfərin mülki simvollarıdır.

Bəs “Ermənistanla sülh Zəfər ideologiyasına necə təsir edər?” Əgər düzgün siyasi-ideoloji çərçivəyə salınsa, sülh Zəfər ideologiyasını zəiflətmir, əksinə, onun daha yüksək mərhələyə qaldırır. Çünki Zəfər ideologiyasının əsasları yalnız “qalib gəldik” duyğusu deyil, tarixi ədalətin bərpa olunmasıdır, gələcək nəsillərə ilk dəfə qalib dövlətin ötürülməsidir.

Yəni, yeni milli ideologiya yalnız keçmişə yox, sabaha yönəlib. Sülh o gələcəyin zəruri mərhələsidir. Sülh qalibin iradəsidir-sülhə məcbur edən tərəf bizik-bu, Zəfərin siyasi davamıdır. “Biz torpaqları döyüşlə aldıq, sülhlə qoruyuruq”. Hərbi qələbəni siyasi sabitliyə çevirmək bacarığı çox önəmlidir. Ermənistan onu gerçəkləşdirə bilmədi və ona görə özü qazanmadığı qələbəni əldən verdi.

Qələbə quruculuq üçündür. Şəhidlik əbədi müharibələr üçün deyil, ədalətli sülhdən ötrüdür. Əks halda xalqda könülsüz barış hissi formalaşır.

Vaşinqton görüşündə paraflanan sülh sənədində ərazi bütövlüyümüz və suverenliyimiz tanındığı üçün Zəfərə siyasi möhür vuruldu. Sülh “Əliyev müqaviləsi”ni rəsmiləşdirdi.

O üzdən Azərbaycan xalqı qazandığı Zəfəri Qalibiyyət kultuna çevirə bilər.

Qələbə bayramıza gətirən hər günün mənasını düzgün müəyyənləşdirməklə biz bir daha köçkünlüyə, torpaq və insan itkilərinə məruz qalmamaq üçün güclü yaddaş siyasəti qazanmış oluruq.

Əliyevin xalqımıza qazandırdığı bayramları qorumaq və Qələbəmizi əbədi etmək hər bir azərbaycanlıdan asılıdır.

Təqvim Siyasəti Siyasi Təqvimdir, ümumxalq məsələsidir!

Ona görə də yeni milli və siyasi kimlik yeni qalib dövlət siyasətinin nüvəsini təşkil edir.

Mübarək savaşımızın 5-ci ilində yeni zəfərlərə doğru…

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
2
azpolitika.info

3Sources