EN

UNEC-in “Huawei” ilə əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Çin Xalq Respublikasında səfərdədir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində professor Ədalət Muradov azərbaycanlı həmkarları ilə birlikdə dünyanın qabaqcıl texnologiya şirkətlərindən biri olan “Huawei”nin dəvəti ilə bir sıra görüşlərdə iştirak edib.

İlk olaraq azərbaycanlı nümayəndələr şirkətin Pekində yerləşən baş ofisini və əsas sərgi mərkəzini ziyarət ediblər. Burada “Huawei” tərəfindən müxtəlif sahələrdə tətbiq olunan müasir ağıllı (Smart) texnoloji həllər nümayiş etdirilib.

Daha sonra “Huawei”nin vitse-prezidenti David Vang ilə görüş keçirilib. Görüşdə şirkətin “Smart Education” (ağıllı təhsil) modeli ətraflı təqdim olunub. Professor Ədalət Muradov və nümayəndə heyəti smart modelin üstünlükləri, tədris prosesinə gətirdiyi yeniliklərlə bağlı məlumat əldə ediblər. Eyni zamanda, “ağıllı təhsil” konsepsiyasının Azərbaycanda tətbiqi perspektivləri müzakirə olunub və gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Qonaqlara, həmçinin “Huawei”nin süni intellekt və 5G-A texnologiyaları üzrə həyata keçirdiyi son yeniliklər təqdim olunub. Bu texnologiyaların müxtəlif sahələrdə yaratdığı imkanlar, həmçinin qlobal inkişaf proseslərinə təsiri barədə ətraflı məlumat verilib.

Chosen
24
9
xalqqazeti.az

10Sources