EN

Azərbaycan yalnız regional deyil, qlobal səviyyədə proseslərə təsir imkanlarına malikdir

27 sentyabr Anım günü və Vətən Müharibəsinin başlanmasının 5-ci ildönümü ərəfəsində 25 sentyabr 2025-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış xüsusi əhəmiyyət daşıyıb. Budəfəki çıxış digər üç çıxışdan fərqli olmaqla bərabər, həm də tarixi idi. İlk növbədə ona görə ki, Azərbaycanın qazandığı böyük Qələbə yeni reallıqlar yaradıb və rəsmi Bakının bütün qlobal-regional proseslərə yanaşması bu reallıqlar kontekstində formalaşır.

Dövlət başçısı tribunadan çıxışı zamanı ədaləti bərpa edən lider kimi çıxış edərək, əldə olunan nailiyyətlərin yalnız Azərbaycanın deyil, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutu olduğunu bildirdi. Bir daha Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti, hərbi cinayətlər və nəticədə bir milyon azərbaycanlının doğma yurdlarından didərgin salınması faktlarını, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin icrasız qalması, Ermənistanın cəzasızlıq mühiti sayəsində işğalı davam etdirməsini qlobal ədalətsizlik nümunəsi kimi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Cənab Prezident çıxışında sülh danışıqlarının əsas təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd etdi. Zəfərdən dərhal sonra rəsmi Bakı qarşı tərəfə sülh çağırışı etdi. Ölkə Prezidenti dəfələrlə bildirdi ki, Ermənistanla münasibətlər qarşılıqlı ərazi bütövlüyünün və suverenliyin tanınması prinsipi əsasında normallaşdırıla bilər. Bu, regionun gələcəyi üçün strateji seçim idi. Azərbaycanın mövqeyi açıq və ardıcıl olaraq qalır: davamlı sülh yalnız qarşılıqlı hörmət və beynəlxalq hüquqa riayət üzərində qurula bilər. Bununla da beynəlxalq ictimaiyyət üçün bir daha aydın oldu ki, müharibədən dərhal sonra Ermənistanla münasibətlərdə yeni səhifə açmaq təklifi də Azərbaycandan gəlib.

Son hadisələrin yeni regional reallıqlar və strateji tərəfdaşlığı gündəmə gətirdiyini deyən Prezident İlham Əliyev çıxışında regional bağlantıları davamlı sülhün əsası kimi təqdim edərək Bakı və Vaşinqton arasında əldə olunan razılaşmalara xüsusi diqqət çəkdi. Bu istiqamətdə mühüm dönüş nöqtəsi 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edildi. Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Bu hadisə göstərdi ki, artıq proses konkret mərhələyə daxil olub və Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşır. Azərbaycanın qətiyyətli mövqeyi regionu münaqişələrdən sabitlik və əməkdaşlıq məkanına çevirməkdədir. “Tramp Marşrutu” adlanan beynəlxalq nəqliyyat layihəsi Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regionu yeni əməkdaşlıq xəritəsinə çıxaracaq. Bununla yanaşı, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açan Strateji Tərəfdaşlıq Xartiyası haqqında Anlaşma Memorandumu iki ölkənin siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirəcək.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra beynəlxalq arenada ədaləti bərpa edən bir dövlət olduğunu sübut etdi. Beləliklə, Azərbaycan artıq yalnız regional deyil, qlobal səviyyədə də proseslərə təsir imkanlarına malikdir. Dövlətimizin başçısı beynəlxalq ictimaiyyətə Azərbaycanın yeni rolunu – güclü, müstəqil, ədalətli və strateji tərəfdaş kimi rolunu nümayiş etdirdi.

Anar Məmmədov,

Milli Məclisin deputatı

Chosen
10
ikisahil.az

1Sources