EN

“Müflisləşmə və iflas haqqında” qanun təkmilləşdirilməlidir - Razi Nurullayev

"Azərbaycanda "Müflisləşmə və iflas haqqında" qanun var. Məqsəd borclu şəxslərin iqtisadi vəziyyətini normallaşdırmaq və onları yenidən bazara qaytarmaqdır. Hazırkı qanun bunu edə bilirmi? Birmənalı yox".

Redaktor.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev bildirib. 

O qeyd edib ki, zaman keçdikcə iqtisadi şərait və müflisləşmə prosedurlarına olan ehtiyac dəyişib:

"Bu qanunun digər ölkələrdəki müflisləşmə və iflas qanunları ilə müqayisəsini aparsaq acınacaqlı mənzərə ortaya çıxır. Ona görə də "Müflisləşmə və iflas haqqında" qanunun iş planına salınmasını və təkmilləşdirilməsini təklif edirəm".

Deputatın sözlərinə görə, Azərbaycanda müflisləşmə və iflas yalnız bir dəfəyə, ümumi prosedur kimi nəzərdə tutulub:

"Həm də hüquqi və fərdi müflisləşmələr arasında fərqlər açıq şəkildə nəzərə alınmayıb. Azərbaycanda hüquqi müflisləşmə proseduru daha çevik və borclu şirkətlərin fəaliyyətini davam etdirməsinə imkan verəcək şəkildə təkmilləşdirilməlidir. Borclulara işlərini bərpa etmək və iqtisadi vəziyyətlərini düzəltmək üçün dəstək proqramlarının əlavə edilməsi faydalı ola bilər”.

Razi Nurullayev qeyd edib ki, Azərbaycanda borcluların və şirkətlərin yenidən qurulması üçün tam mükəmməl mexanizm yoxdur. Bu sahədə əlavə təkmilləşdirmələr tələb olunur:

“Azərbaycan qanunvericiliyində borclu şəxslərin borcunun silinməsi və ya azaldılması üzrə daha elastik bir sistemin tətbiqi müflisləşmə prosedurunu daha effektiv edərdi. Şirkətlərə borclarını ödəmək və eyni zamanda fəaliyyətlərini davam etdirmək üçün daha çevik bir sistem tətbiq edilməlidir. Azərbaycanda da fərdi şəxslər üçün uzun müddət ərzində borclarını ödəməyə imkan verən sistemlər inkişaf etdirilməlidir”.

R.Nurullayev təklif edib ki, qanuna ciddi dəyişikliklər bu sahələr üzrə nəzərdən keçirilsin:

“Birinci, reabilitasiya sistemləri. Azərbaycanda müflisləşmənin yalnız iflasla bitməməsi, şirkətlərin və fərdi şəxslərin iqtisadi vəziyyətini normallaşdırmaq üçün müxtəlif reabilitasiya proqramlarının tətbiq edilməsi həyata keçirilsin. İkincisi, şirkətlər üçün könüllü razılaşma və borc restrukturizasiyası: Şirkətlərə daha çevik və uzun müddətli borc ödəmə imkanları təqdim etmək müflisləşmənin nəticələrinin daha az zərərli olmasına səbəb olar.

Üçüncü, fərdi şəxslər üçün müflisləşmə prosedurlarının yüngülləşdirilməsi: Fərdi şəxslərin müflisləşmə nəticəsində bizneslərinə davam etmələrini təmin etmək üçün borclu şəxslərin müflisləşmə müddətini uzadaraq daha yumşaq qaydalar tətbiq olunsun. Bu düzəlişlər, Azərbaycanın müflisləşmə və iflas qanunvericiliyini daha çevik və effektiv hala gətirə bilər”.

Aminə ŞAHSUVARQIZI

Chosen
18
4
redaktor.az

5Sources