EN

Azərbaycanın ərazi bütövlüyünün bərpası

Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə əlamətdar gün kimi daxil oldu. Həmin gün Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatla 44 günlük Vətən müharibəsinə son qoyuldu. Bu sənəd Ermənistanın faktiki kapitulyasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpası anlamına gəlirdi. Hərbi sahədə qazanılmış qələbə siyasi müstəvidə də təsdiqini tapdı. Azərbaycan Ordusunun gücü və xalqın birliyi sayəsində 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilmiş ərazilər mərhələli şəkildə azad edildi. Xüsusilə Şuşa şəhərinin azad edilməsi müharibənin taleyini həll edən əsas hadisə oldu. Bu uğurlar Ermənistanı geri çəkilməyə və şərtsiz şəkildə bəyanatı imzalamağa məcbur etdi. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb. Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi. Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi. Bununla da Azərbaycan həm hərbi, həm də diplomatik vasitələrlə öz ərazi bütövlüyünü bərpa etdi. BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınan sərhədlər daxilində Azərbaycanın suverenliyi təmin olundu. Bu tarixi hadisə təkcə Azərbaycanın deyil, bütün regionun gələcəyini dəyişdi. Münaqişənin hərbi fazası başa çatdı və Cənubi Qafqazda yeni reallıqlar yarandı.

Xaləddin TAĞIYEV

YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
sesqazeti.az

1Sources