EN

Bakıda II Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi keçirilib

Sentyabrın 30-da Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi olub.

Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, Forum Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlıq əlaqələrinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edərək bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında olan tarixi bağlar bu gün prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatıb. İkitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar açdığını vurğulayan İcraçı direktor qeyd edib ki, rəqəmsal media mühitinin nizama salınması, yeni texnologiyaların tətbiqi və jurnalistikanın peşəkar standartlarının qorunması istiqamətində qarşılıqlı təcrübə və bilik mübadiləsi hər iki ölkənin media sektorunun inkişafına mühüm töhfə verəcək. “Süni intellekt texnologiyalarının media sahəsinə tətbiqindən irəli gələn spesifik məsələlərin həlli günümüzün vacib çağırışları sırasındadır. Bu yeni bilik və bacarıqlara yiyələnmək, onun verdiyi fürsətləri dəyərləndirərək ölkələrimizin informasiya landşaftını müasirləşdirmək zərurəti artıq hiss olunur. Media süni intellektdən yalnız forma baxımından təkmilləşmək üçün deyil, eyni zamanda, daha maraqlı kontent yaradılması prosesindən də yararlanmalıdır”, - deyə Ə.İsmayılov bildirib.

Forumda çıxış edən Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov iki qardaş ölkə arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayıb. O deyib ki, ortaq tarixi və mədəni dəyərlərə söykənən bu əlaqələr informasiya mübadiləsinin intensivləşdirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə strategiyalarının formalaşdırılması və regional informasiya təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. "Mövcud geosiyasi vəziyyət şəraitində əməkdaşlığımız xüsusi rəng alır. Qardaş ölkələrimizin bir-birilərini tanıması çox vacibdir. Rəqəmsal transformasiya əsrimizə qədəm qoyan yenilikdir. Biz çox çalışırıq ki, media və blogerlər bu texnologiyaları qanunvericiliyin tələblərinə uyğun tətbiq edə bilsinlər. Bu, bizə milli maraqlarımızı qorumağa imkan verəcək”, - deyə D.Saidjanov əlavə edib.

Özbəkistanda media üçün məzmun yaratmaq məqsədilə Mərkəz yaradıldığını diqqətə çatdıran Dilşod Saidjanov bütün praktiki mexanizmləri hazırladıqlarını bildirib. "İndiki şəraitdə məzmunun keyfiyyətinə diqqət yetirməyimiz vacibdir. Biz informasiya sahəsində öz məzmunumuzun yer almasına xüsusi diqqət yetiririk. Bu vəziyyətdə Azərbaycan təcrübəsi bizə çox kömək edəcək. Sizin təcrübəniz çətin şəraitdə - müharibə şəraitində qazanılıb. Sizin mediada bizdə olmayan xüsusi təcrübə var. İki ölkənin mediası arasında təcrübə mübadiləsini gücləndirməli, birgə layihələr və məzmun yaratmaq üçün kadrlar hazırlamalı, ortaq məqsədlər, tarix və mədəniyyət haqqında birgə seriallar, sənədli filmlər çəkməliyik", - deyə sektor müdiri diqqətə çatdırıb.

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov qeyd edib ki, rəqəmsal medianın inkişafı audiovizual məzmunun istehsalı və müvafiq sahənin tənzimlənməsi istiqamətində yeni yanaşmaların tətbiqini tələb edir. Onun sözlərinə görə, bu proses qlobal media məkanında keyfiyyət standartlarının yüksəldilməsini, peşəkar prinsiplərə əsaslanan fəaliyyətin gücləndirilməsini və beynəlxalq əməkdaşlığın daha sıx qurulmasını zəruri edir. “Azərbaycan və Özbəkistan xalqlarını, sadəcə, ortaq tarix və mədəniyyət deyil, eyni zamanda, qardaşlıq, dostluq və bir-birinə bağlılıq duyğuları birləşdirir. Bu gün Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumu da məhz həmin qardaşlığın bariz nümunəsidir”.

İ.Səttarov bu münasibətlərin dövlət başçılarının şəxsi dostluğu və qardaşlığı sayəsində daha da gücləndiyinə diqqət çəkib. “Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev xalqlarımız arasında əsrlərdən gələn dostluğu strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırıblar. Onların siyasi iradəsi nəticəsində ölkələrimiz bu gün bütün sahələrdə, o cümlədən media sahəsində yeni imkanlar əldə edib. Media sahəsində əməkdaşlığımız bu güclü əlaqələrin vacib hissəsidir. Çünki informasiya yalnız xəbər ötürmək deyil, həm də xalqlarımızı daha sıx bağlayan körpüdür. Audiovizual Şura olaraq biz inanırıq ki, Azərbaycan və Özbəkistan media subyektləri arasında qurulan sıx əməkdaşlıq informasiya mühitimizin sağlam, obyektiv və peşəkar inkişafına mühüm töhfə verəcək”, - deyə Şuranın sədri vurğulayıb.

Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov diqqətə çatdırıb ki, informasiya və media sahəsində əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. O vurğulayıb ki, Azərbaycan və Özbəkistan mediası arasında qurulan birgə platformalar qarşılıqlı informasiya mübadiləsini gücləndirir və xalqlarımızın ortaq dəyərlərinin təbliğinə xidmət edir.

Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Nozima Muratova isə Forumun həm elmi müstəvidə, həm də praktik sahədə əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu platforma ali təhsil müəssisələrinin əməkdaşlığını genişləndirməklə yanaşı, gələcək jurnalistlərin rəqəmsal sahədə bacarıqlarının artırılmasına, media təhsilində müasir innovativ yanaşmaların tətbiqinə və təcrübə mübadiləsinin gücləndirilməsinə mühüm imkanlar yaradır.

Qeyd edək ki, Forum işini “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” və “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzularında panel sessiyalarla davam etdirib.

Oxuməni.az

Chosen
27
16
oxumeni.az

10Sources