EN

İbrahim Nəbioğlunun “Gələcək çox tez gələcək” kitabının təqdimatı olub

“LİBRAFF” kitab mağazaları şəbəkəsində Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının daimi təmsilçisi, texnika üzrə fəlsəfə doktoru İbrahim Nəbioğlunun “Gələcək çox tez gələcək” adlı kitabının təqdimat mərasimi keçirilib.

XQ xəbər verir ki, tədbirdə millət vəkilləri, tanınmış tarixçilər, tədqiqatçı-alimlər, elm və mədəniyyət xadimləri, dövlət qurumlarının və ölkə ictimaiyyətinin nümayəndələri, iş adamları, KİV mənsubları və digər qonaqlar iştirak ediblər.

Mərasimi giriş nitqi ilə kitabın müəllifi İbrahim Nəbioğlu açaraq iştirkçıları salamlayıb, nəşrin məziyyətlərindən danışıb. Qeyd edib ki, “Gələcək çox tez gələcək” adlı kitabında gələcək barədə hikmətli fikirlər, bir sıra aforizmlər və həyat dərsləri yer alır.

“Müasir dövrdə süni intellekt müəyyən mənada kitabları əvəz etsə də, bu əsər çox böyük əhəmiyyətə malikdir”, – deyən İbrahim Nəbioğlu vurğulayıb ki, yeni nəşrdə “Süni intellekt”, “Dünya 4.0”, “Tibb 4.0”, “Nobel mükafatının cazibəsi”, “Sapere Aude” adlı fəsillərdə oxucular üçün diqqətçəkən, maraq kəsb edən məqamlara yer verilib.

O, nəşrin təqdimatının müəllimi və elmi rəhbəri olmuş akademik Azad Mirzəcanzadənin və atası professor Nəbi Yaqubovun doğum günü ərəfəsində keçirildiyini və onların unudulmaz xatirələrinə ithaf olunduğunu bildirib.

Çıxışının sonunda müəllif nəşrin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib.

Sonra Milli Məclisin deputatı Fazil Mustafa çıxış edərək İbrahim Nəbioğlunun əsərlərinin Azərbaycan ədəbiyyatına yeni ab-hava gətirdiyini söyləyib. Bildirib ki, “Gələcək çox tez gələcək” kitabı bir müddət kəsilmiş elmin populyarlaşdırılması ənənəsinin yenidən bərpası baxımından xüsusi önəm daşıyır və həmin ənənənin davamı kimi dəyərləndirilə bilər.

Deputatın sözlərinə görə, ictimaiyyətə təqdim olunan yeni nəşr düşünməyi üstün tutan cəmiyyət üçün mühüm yaradıcı işdir və onun işıq üzü görməsi əhəmiyyətli hadisədir. Əsər oxuculara dünyanın hansı problemlərin həllində irəlilədiyini və hansı hədəflərə doğru istiqamətləndiyini xatırladır. Kitabda, həmçinin sosial şəbəkələrin imkanlarından səmərəli istifadə edərək fikir mübadiləsi aparmağın vacibliyi xüsusi vurğulanır.

Fazil Mustafa bu kimi tədbirlərin cəmiyyətin kitaba olan maraq və bağlılığını daha da artırdığını söyləyib. Qeyd edib ki, oxucular bu əsəri mütaliə etməklə elmi və texniki biliklərini zənginləşdirərək intellektual dünyagörüşlərini genişləndirəcəklər.

Daha sonra çıxış edən Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı kitabın gələcəyə işıq salan yol xəritəsi kimi əvəzsiz dəyərə malik olduğunu vurğulayıb. O, İbrahim Nəbioğlunun həyat və yaradıcılıq yoluna nəzər salıb, müəllifin çoxşaxəli fəaliyyəti ilə seçildiyini söyləyib.

Kitabdakı yazıların bir çoxunun redaktoru olduğunu deyən Elçin Şıxlı yeni nəşrin Azərbaycan intellektual mühitində mühüm yer tutacağını bildirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə, həmçinin Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, filosof, bəstəkar, şair və naşir Rasim Müzəffərli, türkiyəli iş adamı Cemal Yangın, Salman Mümtazın nəvəsi, şərqşünas-alim Urxun Qalabəyli, İngiltərədə yaşayan azərbaycanlı şair Rauf Qaraişıq, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, tanınmış jurnalistlər İlhamiyyə Rza, Aydın Can, Bahəddin Həzi və digərləri çıxış edərək nəfis tərtibatda hazırlanmış “Gələcək çox tez gələcək” kitabının elmin inkişafına xidmət göstərəcəyinə, gələcək nəsillər üçün dəyərli mənbə olacağına əminliklərini ifadə ediblər.

Natiqlər İbrahim Nəbioğlunun cəmiyyətdə uğurlu ictimai fəaliyyəti ilə seçildiyini, sosial şəbəkələrdə rəqəmsal texnologiyalar, süni intellekt və digər aktual mövzularda maarifləndirici çıxışlar edərək öz elmi biliklərini bölüşdürdüyünü vurğulayıblar.

Çıxışlarda İbrahim Nəbioğlunun müasir dövrdə Azərbaycan dilinin fəal müdafiəçisi, yenilikçi düşüncəli, gənclərə motivasiya verən ziyalı kimi tanındığı qeyd olunub.

Sonda İbrahim Nəbioğlu “Gələcək çox tez gələcək” kitabını oxucular üçün imzalayıb.

Qeyd edək ki, Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov kitaba “Onun içərisindəki saat” başlıqlı “Ön söz” yazıb.

image-1 image-2 image-3 image-4 image-5 image-6

Chosen
8
2
veteninfo.az

3Sources