EN

"İnanıram ki, futbolçularımız azarkeşləri sevindirə biləcəklər" - Qurban Qurbanov

Sevindirici haldır ki, belə böyük turnirin oyunu yenidən Bakıda keçiriləcək. Həm sevincli, həm həyəcanlı, həm də məsuliyyətliyik.

"Unikal" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı keçirəcəkləri II tur oyunundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis matça mümkün qədər yaxşı hazırlaşdıqlarını bildirib: "Çox yaxşı, ciddi rəqibə qarşı oynayacağıq. İnanıram ki, futbolçularımız yaxşı oyunla azarkeşləri sevindirə biləcəklər".

Q. Qurbanov vurğulayıb ki, dünyanın Azərbaycan futboluna diqqət ayırması sevindirici haldır: "Futbolda ciddi nəticələrimiz olmasa da, ciddi rəqiblərlə oyunlardakı qələbələr xalqımızı sevindirir, futbola yatırım etmək istəyən şəxsləri cəlb edir. Meydanda elə çıxış etməliyik ki, ölkəmizə, futbolumuza dəyər versinlər. Belə olanda hər birimiz stadiona ümidlə gəlirik. Biz bunu dərk edirik. Məsuliyyət olan yerdə uğur da olur".

Baş məşqçi deyib ki, oyun öncəsi futbolçularda qorxu yox, həyəcan var. O, futbolçuların mərkəzi arenada keçirilən oyunlarda özlərini daha rahat hiss etdiklərini vurğulayıb: "Bəlkə də Bakı Olimpiya Stadionu hazır olsaydı, oyunlarımızı orada keçirərdik. Çünki Çempionlar Liqası kifayət qədər nüfuzlu turnirdir. Orada da oynasaydıq, meydana eyni məsuliyyətlə çıxacaqdıq".

Mütəxəssis əsas heyəti fikrində formalaşdırdığını qeyd edib: "Müəyyən rotasiyalar ola bilər. Amma böyük ölçüdə heyəti müəyyənləşdirmişəm. Rəqibin oyun üslubu əvvəlki illərlə müqayisədə təxminən eynidir. Sadəcə, hər il daha da inkişaf edirlər. Bu il həyətlərində daha texnikalı və sürətli futbolçuları var. Klubun fəlsəfəsi isə dəyişməz olaraq qalır".

O, Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün normal vəziyyətdə olduğunu söyləyib: "Bəzən müəyyən problemlər olur. Bu da iqlimlə bağlıdır. Amma hər il yaxşıya doğru gedir".

"Futbolda qələbənin düsturu olur. Biz də qalib gəlmək üçün çalışırıq. Təbii ki, məğlub da ola bilərik. Qarşımızda ciddi komanda var. Biz onların da göstərdiyi oyuna hazır olmalıyıq", - deyə Qurban Qurbanov fikirlərini tamamlayıb.

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyunu saat 20:45-də başlayacaq.

Chosen
32
8
unikal.az

10Sources