EN

“Rusiyada hərbi xidmətə çağırış üçün sağlam gənclər çatışmır”

Xəbər verdiyimiz kimi, Rusiyada orduya rekord sayda əsgər çağırıb. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Sənədə əsasən, Rusiya ordusuna 135  min nəfərin çağırılması nəzərdə tutulur. 

Məsələylə bağlı Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Ukraynada davam edən müharibə səbəbindən Rusiya ordusu çox ciddi şəxsi heyət çatışmazlığı ilə qarşılaşıb:

“Buna görə mövcud olan çox sayda hərbi məktəblər belə zəruri olan kursant sayını toplaya bilmir və bu da həmin məktəblərdə bəzi fakültələrin birləşdirilməsi və ümumilikdə hərbi məktəbin qəbul sayının azalması ilə nəticələnir. Digər tərəfdən isə Rusiyada hərbi xidmətə çağırış üçün sağlam, fiziki cəhətdən normal olan gənclər çatışmır və nəticə etibarı ilə bu da Rusiya ordusunda vakant vəzifələrin sayını kifayət qədər artırır”. 

Ə.Verdiyev bildirib ki, Rusiya ordusunun Ukraynada qarşılaşdığı əsas problemlərdən də biri hücum templərinin kifayət qədər aşağı olması ilə bağlıdır:

“Bunun da səbəbləri şəxi heyətin, xüsusilə də zabit və müddətdən artıq xidmət edən hərbi qulluqçuların çatışmazlığı ilə bağlıdır. Bütün bu problemləri aradan qaldırmaq üçün Rusiya müvafiq addımlar atmağa yəni, ilin sonuna qədər 135 min nəfərin orduya çağırılmasını nəzərdə tutur. Bu fərman 18-dən 30 yaşına qədər, ehtiyyatda olmayan və hərbi xidmətə yararlı olan Rusiya vətəndaşlarının ordu sıralarına çağırılmasını nəzərdə tutur. Çağırış ilə bağlı Rusiyanın özündə çox böyük və genişmiqyaslı korrupsiya faktları da mövcuddur ki, bu da bəzən sağlamların ordudan kənarda, yararsız və yaxud da qismən yararsız olanların isə hərbi xidmətə çağırılması ilə nəticələnir ki, bu da ümumilikdə Rusiya cəmiyyətində çox ciddi narazılıqlara gətirib çıxarır”. 

Hərbi ekspertin sözlərinə görə, güc strukturlarında xidmət edənlərin maaşlarının artırılması belə Ukrayna müharibəsinə gənclərin müddətdən artıq hərbi qulluqçu kimi cəlb edilməsini təmin etmir:

“Şəxsi heyət çatışmazlığı yalnız Rusiya ordusunda deyil, digər güc strukturlarında, həm daxili işlər nazirliyində, həm onların tabeliyində olan daxili qoşunlarda, ədliyyə nazirliyinin hərbi hissələrində və digər sahələrdə çox böyük vakansiyalar var. Bu vakansiyaların ümumi faizi 25 ilə 40 faiz dəyişir. Ən böyük vakansiyalar isə Ukrayna cəbhəsində iştirak edən birlik, hissə və bölmələrindədir. Oradakı vakant vəzifələrin sayı təxminən ümumi ştat cədvəli üzrə vəzifələrin 50 faizinə qədər çatır. Bu çatışmazlıqlar da birbaşa olaraq özünü döyüş əməliyyatlarında göstərir. Son aylar ərzində biz Rusiya tərəfindən PUA zərbələrinin artmasını müşahidə etsək də, hücum əməliyyatlarında azsaylı şəxsi heyətə malik bölmələrdən istifadə edildiyini görürük. Bunlar isə əksər vaxtlarda uğurlu nəticələrə gətirib çıxarmır. Belə bir genişmiqyaslı heyətin orduya çağırılması Ukraynada mövcud olan katastrofik şəxsi heyət çatışmazlığını aradan qaldırmaq və heç olmasa Dombas istiqamətində qoşunların qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi ilə bağlıdır”.

Vasif ƏLİHÜSEYN

Chosen
4
adalet.az

1Sources