Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək məqsədilə yaradılan və ölkənin aqrar sektorunun ən iri şirkətlərini birləşdirən “Aqrar Məşvərət Şurası” İctimai Birliyinin (İB) növbəti iclası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, eləcə də müxtəlif şirkət və assosiasiyaların nümayəndələri iştirak ediblər. Tədbirin məqsədi ölkədə heyvandarlıq sektorunun mövcud vəziyyətini təhlil etmək, bu sahədə çağırışların və inkişaf istiqamətlərini müzakirə etmək, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və sahibkarlar üçün yeni imkanların müəyyənləşdirilməsi olub.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə heyvandarlıq sektorunun strateji əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu sahənin inkişafı ərzaq təhlükəsizliyinin təmin olunması, yerli istehsalın artırılması və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Nazir bildirib ki, dövlət tərəfindən həyata keçirilən proqramlar, subsidiya mexanizmləri, investisiya layihələri və fermerlərə göstərilən dəstək heyvandarlıq sektorunun davamlı inkişafına yönəlib.
Aqrar Məşvərət Şurasının sədri Niyazi Əmirbəyov çıxışında dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin, innovativ yanaşmaların tətbiqinin və beynəlxalq təcrübədən faydalanmanın sektorun inkişafında əsas istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.
Tədbir çərçivəsində kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev “Heyvandarlıq sektorunun inkişafı üzrə dövlət siyasəti: Hədəflər və imkanlar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda heyvandarlıq sahəsinə göstəriləcək dövlət dəstəyi, planlaşdırılan proqramlar və inkişaf hədəfləri barədə məlumat verilib.
Daha sonra “Qoç ət” MMC-nin təsisçisi Sənan Təhməzov “Heyvandarlıq sektorunun inkişafına dair təkliflər” mövzusunda təqdimatla çıxış edib. O, heyvandarlıq sahəsində özəl sektorda mövcud vəziyyət, çətinliklərin həlli yolları və dövlətlə əməkdaşlığın gücləndirilməsi istiqamətində təkliflərini səsləndirib.
Tədbir iştirakçıları heyvandarlıq sektorunun mövcud çağırışları, beynəlxalq təcrübənin tətbiqi imkanları, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.