EN

"Zəngəzurla bağlı səslənən fikirlər Moskvanın Paşinyana təzyiqidir" -Polkovnik

"Təkcə Levon Ter-Petrosyan deyil, Robert Köçəryan və Serj Sarkisyan son vaxtlar aktiv hərəkətə keçiblər və Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın fəaliyyətinə kölgə salmaq, onu erməni ictimaiyyətinin gözündən salmaq üçün əllərindən gələni edirlər".

Bu fikirləri Redaktor.az-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın mətbuat konfransı zamanı Nikol Paşinyanın sülh məsələsində səmimi olmaması və Zəngərur dəhlizi ilə bağlı ciddi təhlükələr gördüyünü bildirməsindən danışarkən qeyd etdi.

"Levon Ter-Petrosyanın mətbuat konfransında söylədikləri Paşinyanın gözdən salınmasına hesablanmış bir açıqlamadır. Paşinyanın düşünmürəm ki, o ağıla gücə sahibdir ki, Amerikada Donald Trampın, İlham Əliyevin iştirakı ilə avqustun 8-də imzalanmış sənədə qarşı hansısa hərəkətlər eləsin. Zaman-zaman onun təəccüb doğuran bəyanatları və yaxud da çıxışları olur. Bunu biz görmüşük. Amma Zəngəzur Ermənistanın məsələsi deyil, Zəngəzur bu dünyanı maraqlandıran bir məsələdir. Dünyanın aparıcı gücləri olan Amerika Birləşmiş Ştatlarının, Çinin, elə Rusiyanın özünün və digərlərinin də çox böyük maraqları var. Paşinyan Zəngəzur məsələsində istəsə də, istəməsə də beynəlxalq güclər qarşısında, beynəlxalq arenada verdiyi sözə əməl etməyə məcbur olacaq. Çünki əgər bu məsələdə o yaxasını kənara çəksə, onun üçün çox ciddi problemlər yarana bilər".

Onun fikrincə, Zəngəzurla bağlı Levon Ter-Petrosyanın, Sarkisyanın və Köçəryanın dilindən səslənən fikirlər Moskvanın Paşinyana təzyiqidir:

"Sadəcə olaraq Ermənistanın öz daxilində bu təzyiqi dilə gətirirlər. Zəngəzurla bağlı hansı təhlükə ola bilər ki? O, sadəcə olaraq burada Rusiya faktorunu qabartmaq istəyir ki, 102-ci baza bu məsələyə müdaxilə edə bilər. Hələ də 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli müqavilədən danışırlar. Halbuki Rusiyanın özü ilk növbədə orada göstərilən müddəaların heç birini yerinə yetirmədi. Nə qeyri-qanuni erməni silahlı birləşmələrini oradan çıxardı, nə də Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü məsələləri həll elədi. Ona görə də belə çıxışlar dünən də olub, bu gün isə bir az çoxdur. Narahatdırlar ki, artıq Amerika ilə Ermənistan arasında, Azərbaycan arasında Zəngəzurla bağlı danışıqlar sürətlənib və məsələnin texniki tərəfi həll olunur. Siyasi tərəfi həll olunub, texniki, yəni bu məsələnin reallaşması ilə bağlı məsələlər həll olunur.

Levon Ter-Petrosyanın birdən-birə mətbuat konfransı keçirərək bunu dilə gətirməsi aydın məsələdir. Levon Ter-Petrosyanın ayağının biri buradadır, biri də gordadır. Aydın məsələdir ki, o, başqalarının, daha doğrusu, Rusiyanın və bu mövqeyə yaxın olan tərəflərin, hətta İran İslam Respublikasında da olan bəzi qüvvələrin fikirlərini dilə gətirir".

Aytəkin TOFİQQIZI

Chosen
12
1
redaktor.az

2Sources