EN

ABŞ Lukaşenkonu seçdi: Sensasion bəyanat

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq sensasion açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Vaşinqton Belarusla birbaşa kommunikasiya kanalı yaradaraq, Rusiya rəhbərliyinə mesajlarını Minsk vasitəsilə çatdırır.

Vətəninfo.az xəbər verir ki, bu barədə Kelloq Polşanın paytaxtında keçirilən Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.

“Biz bilirik ki, (Belarus lideri Aleksandr) Lukaşenko (Rusiya prezidenti Vladimir) Putinlə tez-tez danışır. Məhz buna görə ABŞ onunla münasibət qurub ki, rabitə xətti açıq qalsın və mesajımızın Putinə tam şəkildə çatdırılması təmin olunsun,” – deyə Kelloq vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Belarusda bir neçə siyasi məhbusun azad edilməsində də iştirak edib, lakin bu addımın əsas məqsədi insan haqları yox, məhz diplomatik əlaqə kanalı yaratmaq olub.

Kelloq həmçinin ABŞ-ın keçmiş prezidenti Co Baydenin siyasətini sərt tənqid edib. Onun fikrincə, Bayden Rusiya ilə birbaşa təmas qurmaqdan yayınmaqla ciddi diplomatik səhvə yol verib.

“Düşünürəm ki, bu, əvvəlki administrasiyanın əsas səhvlərindən biri idi. Prezident Bayden Rusiya prezidenti Putinlə müharibə barədə danışmaq üçün heç telefonu belə qaldırmadı,” – deyə o qeyd edib.

ABŞ nümayəndəsinin fikrincə, beynəlxalq münasibətlərdə, xüsusən də münaqişə vəziyyətlərində “düşmənlərlə dialoq aparmaq lazımdır”, əks halda sülhə nail olmaq mümkün deyil.

Bu açıqlama ABŞ-ın rəsmi səviyyədə Belarus lideri Lukaşenko ilə əməkdaşlıq etməyə hazır olduğunu göstərir. Vaşinqton, görünür, Belarusu Rusiya ilə dolayısı əlaqə körpüsü kimi istifadə etmək niyyətindədir. Bu isə həm regional, həm də qlobal diplomatiyada mühüm dəyişiklik kimi qiymətləndirilə bilər.

Chosen
34
veteninfo.az

1Sources