EN

4 il əvvəl ölkəyə yayıldı, narazılığa səbəb oldu Bölgələrdə daha çoxdur

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda icbari tibbi sığorta (İTS) sistemi əhalinin bütün təbəqələrini əhatə etsə də, xidmətlərlə bağlı narazılıqlar az deyil. Vətəndaşlar əsasən həkim qəbuluna düşməkdə çətinlik çəkir, xidmət keyfiyyətinin aşağı olması və bəzi tibbi prosedurların sığortaya daxil edilməməsindən şikayətlənirlər.

Ekspertlərin fikrincə, problemin kökündə idarəetmə mexanizmlərinin qeyri-səmərəliliyi və sistemin regionlarda bərabər şəkildə tətbiq olunmaması dayanır.

İcbari tibbi sığorta sistemindəki mövcud problemlərin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı bildirib ki, İcbari Tibbi Sığorta (İTS) Azərbaycanda 2021-ci ildən etibarən bütün ölkəni əhatə etsə də, vətəndaşların narazılıqları hələ də qalmaqdadır.

“Bu problemlərin səbəblərini və həll yolunu analiz etmədən öncə bir az dünya praktikasında sığorta ilə bağlı vəziyyətə diqqət edək. Dünya ölkələrində də icbari tibbi sığorta və universal səhiyyə sistemləri müxtəlif modellərlə fəaliyyət göstərir. Məsələn, “Bismarck” modeli Almaniya, Fransa, Belçika, Niderland, İsveçrə və Yaponiya kimi ölkələrdə işləkdir. “Bismarck” modelinin əsas xüsusiyyətləri odur ki, hər kəs məcburi sığorta olunmalıdır. Müxtəlif sığorta fondları var və onlar işəgötürənlərin və işçilərin ödənişləri ilə maliyyələşir. Tibbi xidmətlərin ödənişi bu fond vasitəsilə həyata keçirilir. Dövlətə məxsus olmur, amma dövlət tərəfindən ciddi şəkildə tənzimlənir. Fondlar əsasən qeyri-kommersiya xarakterlidir, yəni mənfəət güdülmür. Yüksək gəlirli vətəndaş daha çox ödəyir, aztəminatlı ailələrin sığorta ödənişi isə dövlət tərəfindən Vətəndaş istədiyi həkimi seçə bilir. Bu modelin mənfi tərəflərindən biri idarəetməsinin çox mürəkkəb olmasıdır. Çünki çox sayda sığorta fondları fəaliyyət göstərir. İri inzibati xərclər, bürokratiya yaranır. Xidmətlər çox yüksək səviyyəlidir, amma kifayət qədər bahalıdır. Əhalinin yaşlanması səbəbindən sistemin uzunmüddətli maliyyə sabitliyi risk altına düşə bilər”.

N.Abbaslı əlavə edib ki, “Beveridge” modeli də çox məşhurdur:

“Bu, 1948-ci ildə ilk dəfə Böyük Britaniyada tətbiq olunub. Onun banisi sosial islahatçı Uiliyam Beveridge idi. Əsas xüsusiyyəti səhiyyə sisteminin vergilər hesabına, yəni dövlət büdcəsindən maliyyələşməsidir. Vətəndaşlardan sığortaya görə ayrıca pul tutulmur, bunu vergilər vasitəsilə həll edirlər. Xidməti əsasən dövlət xəstəxanaları və dövlət işçisi olan həkimlər göstərir. Hər bir vətəndaş ödənişsiz tibbi xidmət almaq hüququna malikdir. İlkin səhiyyə xidməti anlayışı var. Yəni ilkin mərhələ ailə həkimidir (GP – General Practitioner). Xəstə birbaşa ixtisaslı həkimə gedə bilmir, əvvəlcə ailə həkiminə müraciət etməlidir. Hər kəs üçün bərabər çıxış imkanı var, gəliri az olan da, çox olan da eyni keyfiyyətdə xidmət ala bilir. Sadə idarəetmə vahid dövlət sistemi olduğuna görə inzibati xərclər “Bismarck” modelindən azdır. Xəstələr üçün birbaşa ödəniş yükü yoxdur. Amma mənfi cəhətləri də var ki, uzun gözləmə müddətləri buna daxildir. Planlı əməliyyatlar və bəzi müayinələr üçün aylarla növbə ola bilər. Həkim seçimində məhdudiyyət var, xəstə birbaşa ixtisaslı həkimə yox, yalnız ailə həkimi vasitəsilə müraciət edə bilir. Xərclərin tamamilə dövlət büdcəsindən asılı olması iqtisadi böhran zamanı səhiyyə maliyyələşməsi çətinləşdirir”.

Nərmin Abbaslı

Müsahibizim deyib ki, Azərbaycandakı İTS daha çox “Bismarck” modelinə bənzəyir (sığorta haqları və fond sistemi var):

“Əgər Beveridge modeli tətbiq olunsaydı, səhiyyə tamamilə dövlət büdcəsi hesabına maliyyələşərdi və bütün xidmətlər ödənişsiz olardı. Amma bizim üçün bu model baha başa gələ bilər, çünki dövlət büdcəsinin yükü çox artardı. Göründüyü kimi, uzun gözləmə müddəti təkcə Azərbaycanda deyil, Britaniya və digər inkişaf etmiş Avropa ölkələrində də narazılıq doğurur. Bu, səhiyyə xidmətlərinə yüksək tələbat və resursların məhdudluğu ilə bağlıdır. Dünya təcrübəsi göstərir ki, uzunmüddətli uğur yalnız sistemli islahatlarla mümkündür. Azərbaycanın sığorta sahəsində atmalı olduğu addımlar da islahatlarla olmalıdır. İdarəetmənin səmərəliliyini artırmaq vacibdir, regionlarda tibbi resursların balanslı paylanmasını təmin etmək, xidmət keyfiyyətinə ciddi nəzarət lazımdır. Sığorta paketindəki xidmətlərin sayı mərhələli şəkildə genişləndirilməli, xüsusilə əhalinin ən çox ehtiyac duyduğu sahələr analiz olunmalı və paketə əlavə edilməlidir. Eyni zamanda kadr potensialı gücləndirilməlidir, regionlarda işləyən həkimlər üçün maddi və sosial stimullar olmalıdır. Dövlət və özəl sektor əməkdaşlığını təmin eləmək lazımdır. Bu, gözləmə müddətini azaltmaq üçün müəyyən xidmətlərin özəl klinikalarda həyata keçirilməsini təmin etmək üsuludur”.

Nərmin Abbaslı bildirib ki, İcbari Tibbi Sığorta həm Azərbaycanda, həm də dünyada vətəndaşların sağlamlığa çıxışını təmin edən ən vacib sosial mexanizmlərdən biridir:

“Lakin hər bir modelin öz üstünlükləri və zəif tərəfləri var. İnkişaf etmiş ölkələrdə də əsas problemlərdən biri gözləmə müddətləri və maliyyə yüküdür. Amma Azərbaycanda isə əlavə olaraq sistemin yeni olması, idarəetmədə səmərəsizlik, yüksək keyfiyyətli tibbi xidmətin təşkil olunmaması və regionlarda bərabərsizliyin qalmasıdır. Doğru islahatlar aparılarsa, Azərbaycanın İTS sistemi vətəndaşların gözləntilərinə daha çox cavab verə və həqiqətən də ədalətli, bərabər və keyfiyyətli səhiyyə təminatına çevrilə bilər”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
globalinfo.az

1Sources