EN

Premyer Liqanın KİMSƏSİZİ

Azərbaycan çempionatı cəmi altı turdu başlayıb, indidən bir qırğın, bir həngamə düşüb ki, gəl görəsən.

O deyir, mənim haqqım yeyildi, bu deyir, hakim haqsızlıq etdi, biri deyir, qalib gəlmişəm, 3 xalımı rəqibə yazdılar, o biri deyir, filan klubu dartırlar, bu vurhavurda deyəsən kim yetimdi, kim yazıqdı, axırda günah keçisi də onu çıxardacaqlar.

Ataların yaxşı bir misalı var, deyir oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı...

Əslində bu yazını yazmaqda məqsədim çempionatın altıncı turunda baş verənlərlə bağlıdır. Bu tura qədər meydana çıxdığı 4 oyundan 3-də rəqiblərinin hakimlikdən şikayət etdiyi, idman ictimaiyyətinin böyük əksəriyyətində deyəsən bunları “dartırlar” fikri möhkəmlənən “Sabah” qalmaqallı hakim qərarlarının növbəti dəfə ön plana çıxdığı “Sumqayıt”la oyundan sonra hakimlərin əslində onlara qarşı haqsızlıq etdiyini iddia etdi.

Necə deyərlər, qara məni basınca, qoy, qaranı mən basım...

VAR qərarı ilə ləğv edilən və hər ikisindən öncə aşkar qayda pozuntusunun olduğu qolları elə “aformut” eləməyə çalışırlar ki, sanki biz heç nə görmürük, bilmirik, ümumiyyətlə, nə futboldan, nə də qaydalardan xəbərimiz var.

İşıq söndü-yandı, qurtardı getdi...

Meyxana həvəskarlarının xatirində olar yəqin ki, bu sətir. Deyəsən, meydan sahibləri elə düşünürdülər ki, stadionda işıq sönüb, sonra yansa da, hakimlər oyunu elə qaranlıqda idarə etməliydilər, aşkar qayda pozuntularını görməməliydilər. Axı necə ola bilər ki, kimsə “Sabah”ın oyunçusuna gözün üstə qaşın var deyə bilsin.

Bu, o “Sabah”dır ki, bu oyuna qədər meydana çıxdıqları həm “Neftçi”, həm də “Turan”la matçlarda hər iki klub onların əlindən dad çəkmiş, aşkar qayda pozuntularından videolar hazırlayıb paylaşmışdılar ki, hakimlər göz görə-görə haqqımızı əlimizdən aldılar. Açığını deyim, izlədiyim qədər, elə bu oyunda da buna bənzər hallar olacaqdı, amma deyəsən, VAR hakimi heç özünü o yerə qoymadı.

Hətta deyərdim ki, açıqlanan, müzakirə edilən epizodlardan başqa, məsələn, qarşılaşmanın 40-cı dəqiqəsində daha əvvəl “Sumqayıt”ın braziliyalı müdafiəçisi Keffelə qarşı kobudluğa görə sarı vərəqə almış, hətta deyərdim ki, “qırmızı”dan son anda “sürüşmüş” Kahim Parris Rüstəm Əhmədzadənin üzərində açıq ayaqla elə hücum edir ki, baxsan, deyərsən ki, hansısa karate ustası kirəmiti qırmağa çalışır.

And ola futbol tanrısının ədalətinə, o anda Rüstəm azca ləng tərpənib, ayağını bir balaca gec kənara çəksəydi, indi hamımız Əhmədzadəyə keçmiş olsun yazırdıq. O zərbədən sonra ayağın qırılmamaq ehtimalı yox idi. Amma nədənsə, nə baş hakim, nə də VAR-dakılar bu epizodu təcavüzkar davranış kimi dəyərləndirmədilər.

Öz gözündə tiri görmür, başqasının gözündə tük axtarırlar...

Oturub burda dəqiqə-dəqiqə epizodları təhlil eləmək fikrim yoxdu, amma elə-belə yadıma düşdü, hamının diqqətindən qaçan bu epizodu vurğulamaq istədim.

İndi sözümün canı nədir? Bəlkə bu da peşəkar PR-ın bir növüdür?

Bəlkə yazıq, yetim elə bir “Sumqayıt”ı görmüsünüz? “Neftçi”nin öz kanalları, dəstəkçiləri, “Turan”ın öz havadarları var, “Sumqayıt” kimsəsizdie?

Yox, cənablar! Siz çirkli pal-paltarlarınızı ağartmaq, təmizə çıxmaq üçün yanlış yol seçmisiniz.

Elə sizə havadarlıq edən bəzi həmkarlarıma da sözüm var. Niyə “Neftçi”nin haqqı yeyiləndə səsiniz çıxmadı? Niyə “Turan” etiraz videosu paylaşanda reaksiya vermədiniz? Amma məsələ “Sumqayıt” olan kimi qabaqdangəlmişlik edib özünüzü oda-alova yaxırsınız. Gücünüz onlara çatır?

Yaxşı, tutalım ki, bu turu qoyduq qırağa. Sizin dediyiniz kimi, “Sabah”ı dartmırlar. Hakim səhvləridi, o tərəfə də olur, bu tərəfə də. Görək, gələn turlarda necə olacaq?

Mən ölü, siz diri, mütləq görüşəcəyik!

XUDAVERDİ

Chosen
2
sportinfo.az

1Sources