EN

Qubada keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sentyabrın 30-da Quba rayonunda vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə əsasən Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər iştirak ediblər.

Vətəndaşların müraciətlərində dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyini, məşğulluq, “Böyük Qayıdış”la bağlı və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.

Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu, Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda vətəndaşlara bir daha xatırladılıb. Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə onların işğaldan azad olunmuş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır. Həmçinin qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi vətəndaşların diqqətinə çatdırılıb.

Görüş zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.

Chosen
17
10
azerbaijan-news.az

10Sources