EN

Azərbaycan Media Liqası: 3-cü mövsüm keçiriləcək, mətbuat konfransı baş tutdu

Park Cinema-da Azərbaycan Media Liqasının futbol üzrə 3-cü mövsümünə həsr olunmuş rəsmi mətbuat konfransı keçirilib.

Sportal.az xəbər verir ki, tədbir çərçivəsində komandaların püşkatması da baş tutub. Konfransda layihənin təşkilatçıları, Azərbaycan Futbol Federasiyasının nümayəndələri, sponsorlar, tərəfdaşlar, jurnalistlər və komandaların təmsilçiləri iştirak etdilər.

Media Liqasının üçüncü mövsümü 4 oktyabr tarixində Bayıl Arena stadionunda start götürəcək. Oyunlar hər şənbə və bazar günləri keçiriləcək. Turnirdə 6 komanda iştirak edəcək; komandalar məşhur bloqerlərdən, müğənnilərdən, aktyorlardan, tanınmış idmançılardan, jurnalistlərdən, influensərlərdən formalaşdırılıb.

Layihənin həmtəsisçilərindən biri Nuqzar Kvirtiya isə konfransda bunu deyib: "Azarkeşləri həyəcanlı oyunlar, parlaq şou elementləri və idmanla medianı birləşdirən unikal format gözləyir. "Biz Azərbaycan üçün yeni bir format yaradırıq və layihə artıq 3-cü mövsümünə qədəm qoyur. Komandaların sayı artdı, bu isə daha çox oyun və daha çox emosiyalar deməkdir. Məqsədimiz gəncləri ruhlandırmaq, tamaşaçılara yadda qalan şou bəxş etmək və yeni ənənələrin təməlini qoymaqdır".

Layihənin digər həmtəsisçisi Ziya Əliyev isə yeni mövsümlə bağlı bunları bildirib: "Azərbaycan Media Liqası təkcə futbol deyil. Bu, medianı, incəsənəti və idmanı bir araya gətirən böyük platformadır. Bizim üçün əsas məqsəd, gənclərin futbola və sağlam həyata marağını artırmaq, eyni zamanda ölkəmizdə yeni əyləncə ənənələri formalaşdırmaqdır. Bu layihə gənclər üçün nümunə olacaq və onları meydanda da, həyatda da özlərini göstərməyə ruhlandıracaq".

Layihə Azərbaycan Futbol Federasiyasının, həmçinin baş sponsorların və tərəfdaşların dəstəyi ilə həyata keçirilir. İlk oyunlar artıq qarşıdakı həftəsonu baş tutacaq və tamaşaçılar ölkədə idman-media hadisələrinin yeni mərhələsinin şahidi olacaqlar.

saytlarin hazirlanmasi

Chosen
10
1
sportal.az

2Sources