EN

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti başa çatıb

"PAŞA Holding"in təşkilatçılığı ilə "INMerge" İnnovasiya Sammiti başa çatıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, 29-30 sentyabr 2025-ci il tarixlərində "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammiti başa çatıb. Sammitin sonuncu günü maraqlı çıxış və müzakirələrlə yadda qalıb.

Günün birinci yarısında "Netflix" şirkətinin həmtəsisçisi Mark Randolf şirkətin ideyadan uğurlu biznesə qədər keçdiyi yoldan danışıb, eləcə də startapların biznes qurarkən hansı vacib məqamları nəzərə almalı olduqları ilə bağlı məsləhətlər verib. Eksperimentlər və yaradıcı sistemlərin gələcəyin formalaşdırılmasındakı roluna həsr olunan paneldə "PAŞA Holding"in baş icraçı dirketoru Cəlal Qasımov, "Netflix" şirkətinin həmtəsisçisi Mark Randolf, Massaçusets Texnologiya İnstitutunun professoru Hal Qregersen və "Pixar" şirkətinin həmtəsisçisi Ed Katmul çıxış ediblər.

Bundan əlavə, gün ərzində vençur kapitalının regional vəziyyəti, marketinq və sosial medianin yerli biznes və mədəniyyətə təsiri, süni intellektin dövrün reallığına çevrilməsi, həmçinin datanın və enerji sektorunun müasir biznes trendləri ilə uzlaşmasına dair panel sessiyaları keçirilib. Sessiyalarda iştirak edən liderlər müxtəlif ölkələrdəki təcrübələrin qlobal trendlərlə uzlaşmasını, eyni zamanda yenilənən dünyanın reallıqlarına uyğun addımların atılmasının əhəmiyyətini vurğulayıblar.

Sammit müxtəlif ölkələrdən olan 40 startapın mübarizə apardığı InBattle Startap Müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə başa çatdı. Onların arasında MULK PROTOCOL adlı startap əsas mükafata layiq görüldü.

Qeyd edək ki, 5-ci dəfədir baş tutan və "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammiti innovasiya, investisiya və əməkdaşlıq sahələrini əhatə edən regional əhəmiyyətli tədbirdir.

Sammit Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan korporasiyaları, investorları, startapları və ekosistem oyunçularını bir araya gətirir ki, bu da öz növbəsində 5,000-dən çox iştirakçını, 150 spikeri, 100 startapı və 80-dən çox vençur fondunu bir araya toplayaraq əməkdaşlıq və inkişaf üçün güclü imkanlar yaradır.

Chosen
9
3
day.az

4Sources