EN

Trampla Netanyahu razılaşdı, HƏMAS 21 maddədən xəbərsizdir...


Ramil Məmmədli: “Çətin ki, Trampın sülh planı həyata keçsin”

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzzadakı münaqişəyə son qoymaq üçün hazırladığı 20 bəndlik sülh planını açıqlayıb. Plana görə, dərhal atəşkəs elan olunmalı və İsrail qoşunları bölgədən çıxarılaraq girovların azad edilməsi təmin edilməlidir.

Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə keçirdiyi mətbuat konfransında sülh planı ilə bağlı mühüm açıqlamalar verib. Prezident bəyan edib ki, Netanyahunun razılığı ilə irəli sürülən plan yalnız Qəzza deyil, bütövlükdə Yaxın Şərqdə “əbədi sülh” yaratmağı hədəfləyir.

Trampın açıqlamalarında əsas məqamlar bunlardır:

HƏMAS planı qəbul edərsə, girovlar 72 saat ərzində azad olunacaq və müharibə dərhal dayandırılacaq.

Ərəb ölkələri Qəzzanın demilitarizasiyası və HƏMAS-ın tərksilahı üçün öhdəlik götürüb. HƏMAS razılaşmanı rədd edərsə, İsrailin tam dəstəklənəcəyi bildirilib.

Tramp vurğulayıb ki, Netanyahunun mövqeyini anlayır və hörmətlə yanaşır, hazırkı addımlarını isə İsrail üçün “çox yaxşı” adlandırıb.

ABŞ Prezidenti bildirib ki, “Qəzza üzrə Sülh Şurası”na Toni Bler daxil ediləcək, digər üzvlər isə yaxın günlərdə açıqlanacaq.

O, həmçinin İordan çayının qərb sahili, Qolan təpələri və Qüds məsələsində İsrailin suverenliyini tanıdığını bir daha təsdiqləyib.

“İsrail heç vaxt yox olmayacaq, qonşu ölkələrlə sülh şəraitində birgə yaşayacaq”, – deyə Tramp vurğulayıb.

Maraqlıdır, Trampın 20 maddəlik sülh təklifi hansı nəticəni verəcək? Qəzzaya, Yaxın Şərqə sülh gətirəcəkmi? HƏMAS buna razı olacaqmı? Nə gözlənilir?

“20 maddəlik plandan görünür ki, burada əsasən İsrailin istəkləri, maraqları öz əksini tapıb”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli Trampın planının nəticə verəcəyinə şübhə ilə yanaşdı: “Ən azından ona görə ki, Trampın planı birtərəflidir. 20 maddəlik plandan görünür ki, burada əsasən İsrailin istəkləri, maraqları öz əksini tapıb. Fələstin tərəfi ilə hansısa məsləhətləşmə aparılmayıb. Düzdür, ABŞ HƏMAS-ı terrorçu tərəf kimi tanıyır. Ancaq bu o demək deyil ki, Fələstin prosesdən kənarda qalmalıdır. Digər tərəfdən, Tramp gərək aparıcı ərəb dövlətləri ilə də bu yöndə müzakirə aparaydı. Məsələn, Misirlə, Səudiyyə Ərəbistanı və İordaniya ilə müəyyən müzakirələr aparılmalı idi. Ərəb dövlətlərinin də rəyi müəyyən qədər nəzərə alınmalı idi. Görünən odur ki, bunların heç biri olmayıb. Başqa bir tərəfdən, sülh planının ən mürəkkəb və mübahisələrə səbəb ola biləcək bəndi Qəzzanın müvəqqəti hökumət tərəfindən idarə olunması ideyasıdır. Eyni zamanda HƏMAS-ın və digər radikal qrupların regionu tərk etməsi və razılaşmadan 72 saat sonra bütün girovların azad olunması da mürəkkəb məsələdir. Bu üç məsələ, xüsusən də HƏMAS tərəfindən qəbul olunmayacaq məsələlərdir. Digər tərəfdən, HƏMAS-ın və digər radikal qrupların bölgədən uzaqlaşdırılması HƏMAS-ın ilk gündən dirəniş göstərdiyi məsələlərdən biridir. Bundan əlavə, HƏMAS və Fələstin tərəfinin heç bir ciddi zəmanət əldə etmədən bütün girovları azad etməsi qəbul olunmayacaq. Bu baxımdan çətin ki, Trampın sülh planı həyata keçsin”.

Vidadi ORDAHALLI

Chosen
325
50
baki-xeber.com

10Sources