BAKI,TurkicWorld
İtaliya Prezident cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqame ilə mətbuata bəyanatı zamanı bildirib.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Bir daha sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.
İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq.
Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim. Şadam ki, o mənim dəvətimi qəbul edib və bu gün bizimlə birlikdədir.
Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik.
Bu gün Prezident Mattarella ilə söhbət əsnasında onun keçən səfərini xatırladıq. O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.
Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq.
Keçən dəfə Prezident Mattarella Azərbaycanda səfərdə olanda biz birlikdə Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışında iştirak etdik. Bu səfər zamanı isə sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik. Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir. Yəni, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı. Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək.
Bu gün danışıqlar zamanı biz, həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında danışdıq. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. Bu da bizi təbii olaraq məmnun edir.
Bir sözlə, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.
Hörmətli cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.