EN

ABŞ hökuməti qismən fəaliyyətini dayandırıb

Senat federal maliyyələşdirmənin uzadılmasına dair razılaşma əldə etmədiyi üçün federal hökumət oktyabrın 1-də yerli vaxtla saat 00:01-dən etibarən (Bakı vaxtilə 08:00) şatdaunla üzləşib. Sonuncu dəfə bu hadisə 7 il əvvəl ABŞ Prezidenti Donald Trampın ilk prezidentliyi dövründə baş vermişdi. Şatdaunun nə qədər davam edəcəyi məlum deyil. ABŞ qanunlarına əsasən, federal hökumətin maliyyələşdirməsinin dayandırılması halında milli təhlükəsizlik və xarici siyasət fəaliyyətlərinə cavabdeh olan departamentlər və agentliklər öz fəaliyyətini davam etdirir.

Fəaliyyəti həyat və əmlakın qorunmasına yönəlmiş dövlət qulluqçularına da oxşar tələblər qoyulur. Belə şəraitdə işləməyə məcbur olan həmin dövlət işçiləri maaşlarını almırlar. Lakin onlar adətən maliyyə məsələsi həll olunandan sonra ödənilir.

Artıq federal idarələr də fövqəladə vəziyyət planlarını hazırlayıblar. Belə ki, hökumət bağlanarsa, yaşlı vətəndaşlara, əlillərə və digər amerikalılara sosial təminat ödənişləri kəsilməyəcək. Dövlət Departamenti pasportlar və vizalar verməyə davam edəcək. Həm ölkə daxilində, həm də xaricdə konsulluq xidmətləri açıq qalacaq.

ABŞ-nin Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda isə deyilir: "Maliyyələşmənin dayandırılması ilə əlaqədar olaraq, "Facebook" sosial media hesabımızda tam fəaliyyət bərpa olunana qədər mütəmadi yenilənmələr aparılmayacaq. İstisna yalnız təxirəsalınmaz hallar və təhlükəsizliklə bağlı vacib məlumatlara aiddir.Hazırda ABŞ-da, eləcə də xaricdəki ABŞ səfirlikləri və konsulluqlarında planlaşdırılmış pasport və viza tranzit xidmətləri imkan daxilində, maliyyələşmənin dayandırıldığı müddətdə də davam etdiriləcək.

Sosial media hesablarımızda yenilənmələr yalnız tam fəaliyyət bərpa olunduqdan sonra davam etdiriləcək. Təxirəsalınmaz və təhlükəsizliklə bağlı məlumatlar istisnadır. Xidmətlərimiz və fəaliyyətimizin cari statusu ilə bağlı ən son məlumatlar üçün travel.state.gov saytına daxil olun", - deyə məlumatda qeyd olunub.

AzVision.az


Chosen
18
11
azvision.az

4Sources