Vətəninfo.az xəbər verir ki, sentyabrın 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında Ermənistanla münasibətlərin normallaşdırılması prosesi müzakirə edilib.
Prezidentin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunmasının bütün region üçün faydalı olacağı vurğulanıb:
“Ermənistanla münasibətlərin normallaşdırılması prosesi müzakirə olunub. Azərbaycan və Naxçıvan arasında maneəsiz əlaqəni təmin edəcək və regionun bütün ölkələrinə fayda verəcək nəqliyyat xəttinin əhəmiyyəti qeyd olunub. Həmçinin yekun sülhün bərqərar olması ilə bağlı arzumuz da diqqətə çatdırılıb”, – deyə bəyanatda qeyd edilib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla aralarındakı etimadın səviyyəsinin davamlı olaraq artdığını bildirib. O, Ermənistan-Türkiyə dialoqunu “misilsiz və müsbət” adlandırıb.
Xatırladaq ki, avqustun 8-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Ermənistanın cənubundan (Sünik bölgəsi) keçəcək və Azərbaycanın Naxçıvana kommersiya qatarları ilə çıxışını təmin edəcək, “Tramp yolu” (TRİPP) adlandırılan strateji tranzit marşrutuna dair 7 bəndlik birgə bəyannamə imzalayıblar.