EN

Dərman bazarının dərdlərinə “dərman” axtarışı

Qiymət tənzimlənməsi: risk, rəqabət, əlçatanlıq

Dərman preparatlarının qiyməti vətəndaşların sağlamlığı ilə bağlı həssas məsələlərdəndir. İnsanın səhhətində ciddi problem yarananda onun seçimi sadəcə “alım, ya almayım” dilemması ilə məhdudlaşmır, bəzən hər hansı dərman yeganə xilasedici vasitəyə çevrilir. Odur ki, bu sahədə qiymət siyasəti səhiyyə sisteminin əlçatanlığına, hətta əhalinin həyat keyfiyyətinə təsir edir.

Azərbaycanda bu mexanizm molekulyar tərkib və istehsalçı ölkə əsasında müəyyənləşdirilir. Molekulyar tərkib dərmanın əsas təsir göstərən maddəsidir. Məsələn, baş ağrısı üçün istifadə etdiyimiz dərmanların çoxunda “parasetamol” adlı maddə var. Bu, həmin dərmanların molekulyar tərkibidir. Fərqli şirkətlərin biri eyni dərmanı baha, digəri ucuz qiymətə satışa çıxarır. Dövlət qiymət tənzimləməsini həyata keçirərkən əsas təsiredici maddə üzrə yuxarı hədd müəyyənləşdirir. Bununla da həmin molekul tərkibli preparatın pərakəndə satış qiymətinin bu həddi aşmamasını təmin edir. Yəni qiymət dərmanın markasına deyil, tərkibindəki əsas maddəyə görə təyin edilir.

Məqsəd eyni maddənin bahalı brend adı ilə qiymətinin şişirdilməməsidir. Bir tərəfdən qiymətlərin süni şişirdilməsinin qarşısı alınır, digər tərəfdən isə rəqabət zəifləyir, kiçik və orta şirkətlər bazardan sıxışdırılır. Burada bir sual ortaya çıxır: qiymətin inzibati qaydada tənzimlənməsi daha ədalətli sistem yaradır, yoxsa əksinə, rəqabəti zəiflədərək vətəndaşın seçim imkanını məhdudlaşdırır? Dövlətin sosial vəzifəsi dərmanı hər kəs üçün əlçatan etməkdir, amma qiymət tənzimləməsi bazarın təbii dinamikasını pozduqda həm keyfiyyət, həm də çeşid baxımından itkilər baş verir. Hansı yanaşmanın tətbiqi daha müsbət nəticə verər? Sərbəst bazar modeli, yoxsa dövlət tərəfindən nəzarət?

Dərman bazarında son illərdə müşahidə olunan əsas tendensiyalardan biri xərclərin davamlı artmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar–iyul aylarında apteklərdə – 870,8 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz çoxdur. Başqa sözlə, əhali əvvəlkindən daha çox dərman alır və bu xərclər ümumi pərakəndə ticarət dövriyyəsinin 2,5 faizini təşkil edir. Bu mənzərə yalnız daxili bazar göstəriciləri ilə məhdudlaşmır.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin ilk altı ayında ölkəyə 259,39 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal olunub ki, bu da illik müqayisədə 4,6 faiz artım deməkdir. İxrac göstəriciləri isə əksinə, azalma nümayiş etdirir: cəmi 1,7 milyon dollar həcmində dərman ixrac olunub və bu, ötən ilin eyni dövrünə nisbətən 23,4 faiz aşağıdır. Həm idxalın artması, həm də daxildə xərclərin yüksəlməsi dərmanların qiymət tənzimlənməsinin vacibliyini bir daha gündəmə gətirir.

Maraqlıdır, rəsmi qurumlar qiymətləri necə tənzimləyir? Tarif Şurası prosesi belə izah edir:

– Dərman bazarında qiymətlərin formalaşması Tarif Şurası tərəfindən, eləcə də hüquqi baza ilə tənzimlənir. Nazirlər Kabinetinin 178 saylı qərarına əsasən, dərman preparatlarının ölkəyə gətirilməsi və istifadəsi üçün tədbirlər proqramı təsdiqlənib və bu proqramın icraçısı Səhiyyə Nazirliyidir. Nazirlik ölkəyə gətirilən dərmanların keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edir. Bu funksiyanı Analitik Ekspertiza Mərkəzi həyata keçirir.

Qeydiyyatdan keçmiş dərmanlar sonrakı mərhələdə Tarif Şurasına təqdim olunur. Tarif Şurası isə dərmanların pərakəndə satış qiymətini müəyyənləşdirir. Bu prosesdə bir neçə amil nəzərə alınır: iqtisadi modellər, qiymət tənzimləmə metodları və bəzi hallarda xarici ölkələrin təcrübəsi. Məqsəd yalnız qiymət təyin etmək deyil, eyni zamanda dərmanların bazarda həm etibarlı, həm də əlçatan olmasına şərait yaratmaqdır.

Bəs dərman vasitələrinin keyfiyyəti necə yoxlanılır? Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, hər bir dərman vasitəsi əvvəlcə “Dərman vasitələri haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatına alınır. Bu mərhələdə preparatlar müvafiq ekspertizalardan keçirilir və yalnız bütün kriteriyalara cavab verən dərmanlara qeydiyyat vəsiqəsi verilir və dövlət reyestrinə daxil edilir.

Qeydiyyatdan keçmiş dərman vasitəsi ölkəyə gətirildikdə Analitik Ekspertiza Mərkəzi laboratoriyasında dərmanın tərkibi, təsiredici maddələrin miqdarı və keyfiyyət göstəriciləri yoxlanılır. Yoxlamalardan uğurla keçən preparatlar sertifikatlaşdırılır və nəzarət markası ilə təmin olunur. Bu, dərmanın təhlükəsiz və keyfiyyətli olduğunu rəsmi şəkildə təsdiqləyir. Yəni dərman yalnız qeydiyyatdan və bütün laboratoriya yoxlamalarından uğurla keçdikdən sonra ölkəyə idxal olunur və bazara çıxarılır.

Dövlətin qiymət tənzimləməsi bazarda sabitlik və müəyyən ədalət prinsiplərini təmin etməyə yönəlirsə, iqtisadçılar sərbəst rəqabətin həm qiymətləri aşağı salacağını, həm də keyfiyyəti artıracağını iddia edirlər. Bu fərqlilik dərman bazarının həm əlçatanlıq, həm də keyfiyyət məsələlərini müzakirə obyektinə çevirir. Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli dərman bazarındakı qiymət tənzimləmə mexanizminin üstünlükləri və çatışmazlıqlarından bəhs etdi:

– Tarif Şurası tərəfindən dərman preparatlarının qiymətlərinin tənzimlənməsini optimal mexanizm hesab etmirəm. Dövlətin funksiyası daha çox dərmanların keyfiyyətinə, təhlükəsizlik standartlarına və istehlakçı hüquqlarının qorunmasına yönəlməlidir. Yəni əsas məsələ odur ki, bazara daxil olan hər bir preparat insan sağlamlığı üçün təhlükəsiz olsun, keyfiyyəti beynəlxalq normalara cavab versin. Hazırkı tənzimləmə mexanizmi, yəni molekullar və istehsalçı ölkələr üzrə qiymətlərin müəyyən edilməsi isə bazarda rəqabət mühitini daraldıb. Belə ki, əvvəllər bu sektorda 220–230-a yaxın şirkət fəaliyyət göstərirdisə, indi onların sayı təxminən 10 dəfə azalıb.

Bu, bazarda kiçik və orta şirkətlərin sıxışdırılaraq çıxarılması ilə nəticələnir. Əksinə, iri şirkətlərə sərf edən bu model onların bazarda dominantlıq qazanmasına, rəqabət balansının pozulmasına gətirib çıxarır. Daha ucuz istehsalçı ölkələrdən gətirilən, keyfiyyəti qənaətbəxş olmayan dərmanlar bazarda artır. Bu isə həm əhalinin narazılığına, həm də qiymətlərin süni şəkildə artmasına səbəb olur.

Düşünürəm ki, bazarda rəqabət imkanı yaranmalı, qiyməti məhz bazar özü formalaşdırmalıdır. Çünki rəqabət artdıqca iki mühüm nəticə əldə edilir: qiymətlər aşağı düşür, şirkətlər müştərini cəlb etmək üçün daha münasib qiymət qoymağa məcbur olurlar. Eyni zamanda, keyfiyyət yüksəlir. Çünki rəqabət mühitində yalnız keyfiyyətli və etibarlı məhsul təklif edən şirkətlər bazarda üstünlük qazanırlar. Bu halda biz həm daha əlçatan qiymətlərlə dərman təminatına, həm də əhali üçün daha yüksəkkeyfiyyətli xidmətə nail ola bilərik.

İndi dərman bazarında gündəlik çətinliklərlə üzləşən sahibkarların baxışına nəzər salaq. Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev bazarda yaşanan real vəziyyəti belə açıqladı:

– Tarif Şurası dərmanların qiymətlərini tənzimləməyə 2015–2016-cı illərdən başlayıb. Lakin apteklərdə bu mexanizmin təsiri çox hiss olunmur, əksinə, sahibkarlar və dərman idxalçıları üçün çətinliklər artıb. Qiymət tənzimləməsi nəticəsində bazarda qıtlıq yaranıb, çünki təyin olunan qiymətlər xaricdəki referent qiymətlərlə uyğun gəlmir. Məsələn, Avropadan gətirilən dərmanlar üçün nəzərdə tutulan qiymətlər Azərbaycan bazarında kifayət qədər mənfəət gətirmədiyindən, preparatların idxalı bazarda defisit yaradır.

Sahibkarlar üçün mənfəət şərtləri sərfəli deyilsə, dərmanı gətirmək riskli olur. Üstəlik, dərmanların 5 illik qeydiyyat müddəti də vəziyyəti mürəkkəbləşdirir: bir dəfə qeydiyyatdan keçmiş dərmanı həmin müddət ərzində yenidən qeydiyyatdan keçirmək çətindir. Nəticədə bazarda daha ucuz və əlçatan dərmanlar üstünlük təşkil edir. Hindistan və digər Asiya ölkələrindən gətirilən preparatlar sahibkarlar üçün daha cəlbedicidir. Tarif Şurası tərəfindən təyin olunan referent qiymətlər isə əvəzləyici dərmanlar üçün həmişə sərfəli olmur.

Məsələn, aşağı qiymətli dərmanlarda (5–10 manatlıq) apteklərin qazancı 20 faiz civarında olsa da yüksək qiymətli dərmanlarda bu marja yalnız 5 faizə bərabərdir. Belə marja apteklərin xərclərini qarşılamağa yetmir və sahibkarları ciddi maliyyə çətinlikləri ilə üz-üzə qoyur. Hətta təzə açılan pərakəndə apteklərin təqribən yarısı bir il ərzində bağlanır ki, bu da riskin böyük olduğunu göstərir. Yeni fəaliyyətə başlayan əczaçı sahibkarlar sərmayə yatırmazdan əvvəl satış nöqtəsinin marketinq planını hazırlamaq və potensial riskləri hesablamaq məcburiyyətindədir.

Hazırda bir çox aptek sahibkarlarının qazancı hətta bir işçinin maaşı səviyyəsindədir. Xaricdən baxanlar bazarda çox sayda aptek olduğunu görsələr də reallıq tam fərqlidir: xərclər yüksək, qazanc məhduddur və bazarda işləmək asan deyil.

Rəsmi şəkildə satılan hər bir dərman vasitəsi Tarif Şurası tərəfindən tənzimlənir. Lakin bazarda bəzi dərmanlar mövcuddur ki, həkimlər tərəfindən təyin olunmasına baxmayaraq, hələ dövlət qeydiyyatından keçməyib və qanunsuz, yəni qaçaq yolla təqdim olunur. Bu dərmanlar reseptlə satılsa da Tarif Şurası onların qiymətini müəyyən etmir və tənzimləmə tam şəkildə həyata keçirilmir. Belə dərmanların qiymətləri bazar şərtlərinə uyğun olaraq dəyişə bilər və stabil deyil.

Qaçaq yolla gətirilən dərmanlar arasında onkoloji və nadir xəstəliklərin müalicəsi üçün istifadə olunan dərmanlar da var. Bu dərmanlar az miqdarda idxal edildiyindən satışı da məhdud olur. Sahibkarlar üçün isə belə dərmanlar risklidir, vaxtı keçdikdə isə ziyana düşmək ehtimalı yüksəkdir.

Dərman əlçatanlığı məsələsi iki tərəfdən qiymətləndirilməlidir: bir tərəfdən əhalinin sosial-iqtisadi vəziyyəti, digər tərəfdən isə sahibkarların farmasevtik bazarı təminetmə imkanları nəzərə alınmalıdır. Yəni, müxtəlif dərman məhsullarının təminatı yalnız molekulyar tərkibə əsaslanmamalı, eyni zamanda bazarın tələbatı və sahibkarların fəaliyyət imkanları çərçivəsində planlaşdırılmalıdır.

Əgər dərmanların qeydiyyatı, vergi və gömrük məsələləri ilə bağlı hər hansı bir problem yoxdursa, sahibkarlar bazarda mövcud olmayan və ya nadir dərmanları idxal edə bilərlər. Bununla, vətəndaşların xaricdən xüsusi məhsullar sifariş etməsi və ya qaçaq yolla dərman gətirməsi ehtiyacı minimuma enər.

Dərman bazarında əsas hədəfin vətəndaşın sağlamlığı və dərmanların əlçatanlılığı üçün dövlətin tənzimləmə funksiyası ilə bazar mexanizmi arasında balans olmalıdır. Yalnız bu yanaşma ədalətli, davamlı və sağlam mühit yarada bilər.

Fidan ƏLİYEVA
XQ

Chosen
2
1
xalqqazeti.az

2Sources