EN

Soyuq hava nə qədər davam edəcək və qışda bizi nələr gözləyir? – İqlimşünasdan VACİB AÇIQLAMA

Son günlər havaların qəfil soyuması bir çoxlarını düşündürür: payız aylarında bu cür kəskin dəyişikliklər normaldırmı? Soyuqlar nə qədər davam edəcək və qarşıdakı qış mövsümündə bizi nələr gözləyir?

Bu suallara KONKRET.az-a açıqlamasında hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov aydınlıq gətirib.

Ekspertin sözlərinə görə, payız aylarında temperaturun enməsi tamamilə normal haldır və bu prosesin oktyabr və noyabr aylarında da davam edəcəyi gözlənilir:

“Oktyabr ayında Abşeron yarımadasında havanın maksimal orta temperatur göstəricisi +20°C, minimal orta temperaturu isə +13°C olacaq. Noyabr ayında isə maksimal orta temperatur +17°C, minimal orta temperatur +12°C səviyyəsində proqnozlaşdırılır”.

Hüseynov bildirib ki, yağıntılar əsasən Astara və Lənkəran rayonlarında daha intensiv müşahidə olunacaq. Kiçik və Böyük Qafqazın yüksək dağlıq zonalarında isə minimal temperaturlar qeydə alınacaq.

Qış fəsli ilə bağlı ilkin proqnoz verən mütəxəssis qeyd edib ki, yanvar və fevral aylarında Arktik hava kütlələrinin təsiri nəticəsində bəzi günlərdə temperatur normadan aşağı düşə bilər:

“Qış fəslinin ortaları və sonunda soyuqların kəskinləşəcəyi, yağıntıların isə əsasən iqlim normasına yaxın olacağı gözlənilir”.

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) proqnozlarına da diqqət çəkən Hüseynov vurğulayıb ki, sentyabrdan etibarən müşahidə edilən La Nina (soyuq cərəyan) fenomeni Şimal yarımkürəsində olacaq. Əsasən qütb və mülayim enliklərdə müvəqqəti soyutma təsiri hələ bir neçə ay ərzində aktiv qalacaq.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
13
1
konkret.az

2Sources