EN

Tramp ABŞ ordusunu yenidən qurur 1 trilyon dollarlıq büdcə və sərt kurs

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ-nin Virciniya ştatındakı Kuantiko dəniz piyada bazasında çıxış edən Pentaqon rəhbəri Pit Heqset bəyan edib ki, ABŞ ordusunun yeni missiyası yalnız hərbi əməliyyatların aparılması olacaq. Onun sözlərinə görə, “pasifizm sadəlövhlük və təhlükədir”.

Heqset sərt mesajlarla çıxış edərək bildirib: “Müdafiə Nazirliyinin erası başa çatdı, indi qarşınızda Müharibə Nazirliyi dayanır. Əgər düşmənlər bizə meydan oxuyarsa, qəddarlıqla və amansızlıqla darmadağın ediləcəklər.”

Pentaqon rəhbəri vurğulayıb ki, nazirlik illərlə “siyasi korrektlik və ideoloji təsirlər” səbəbindən zəifləyib. O, ordunun yeni inkişaf konsepsiyasını təqdim edib:

-inklüzivlik siyasətindən imtina;

-hərbi qulluqçular üçün daha sərt görünüş və fiziki hazırlıq tələbləri;

-“ən yüksək kişilik standartlarına qayıdış”.

Heqset açıq şəkildə bildirib ki, ABŞ ordusunda “paltar geyinmiş kişilərə” və “kök generallara” yer olmayacaq. Yeni qaydalarla razılaşmayan hərbçilər isə istefa verməlidirlər. Bundan başqa, komandir heyətinin sayının 20 faiz azaldılması və nazirliyin tarixi adı olan “Müharibə Nazirliyi”nə (Department of War) qayıdış da planlaşdırılır. Qeyd edək ki, bu ad ABŞ-də 1789–1947-ci illərdə istifadə olunub.

Eyni tədbirdə çıxış edən ABŞ Prezidenti Donald Tramp isə açıqlayıb ki, 2026-cı ildə ordunun büdcəsi 1 trilyon dolları ötəcək. Bu, ABŞ tarixində rekord göstərici olacaq. 2025-ci il üçün artıq 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqlənib.

Tramp bildirib ki, ABŞ ordusu “qalibgələn döyüş maşını”na çevrilməlidir. O, Hərbi Dəniz Qüvvələri üçün 19 yeni gəminin – sualtı qayıqların, esmineslərin və hücum gəmilərinin tikintisini planlaşdırdıqlarını vurğulayıb. Prezident əlavə edib ki, ona “çirkin gəmilər” xoş gəlmir.

Xatırladaq ki, Tramp sentyabrın 5-də imzaladığı sərəncamla Pentaqonun əlavə rəsmi adı kimi “Müharibə Nazirliyi” ifadəsini təsbit edib. Lakin qurumun adının tam dəyişdirilməsi yalnız Konqresin səlahiyyətindədir.

Müşahidəçilərin fikrincə, ABŞ rəhbərliyinin bu addımı Vaşinqtonun qlobal siyasətdə daha aqressiv kurs götürdüyünün göstəricisidir. “Müdafiə Nazirliyi”ndən “Müharibə Nazirliyi”nə keçid sadəcə terminoloji dəyişiklik deyil, həm də ideoloji mesajdır. Bu yolla Tramp administrasiyası orduda sərtlik və intizamı bərpa etməklə yanaşı, beynəlxalq rəqiblərə qarşı güc nümayişini prioritetə çevirir.

Ekspertlərə görə, bu ritorika Rusiya, Çin və İran kimi ölkələrə açıq xəbərdarlıqdır. ABŞ-nin rekord həcmdə hərbi büdcə ayırması və yeni silahlanma proqramları isə yaxın illərdə qlobal silahlanma yarışını daha da gücləndirəcək. Bununla yanaşı, Tramp daxili auditoriyaya da mesaj göndərir: siyasi korrektlikdən yorulmuş amerikalılara güclü, sərt və ənənəvi dəyərlərə söykənən ordu vədi verir.

Rasim “AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
azpolitika.info

1Sources