"Müstəqillikdən sonra ölkəmiz çox ciddi və ağır mərhələlərdən keçdi. Heydər Əliyevin dövlətçilik siyasi kursu Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi. İlham Əliyev dövründə bu siyasi xətt davam etdirildi, iqtisadi və hərbi güc artırıldı, xarici siyasətdə aparılan davamlı və planlı strategiya isə ölkəmizin beynəlxalq nüfuzuna mühüm dividentlər qazandırdı". "Olaylar" xəbər verir ki, bunu "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri, Siyasi ekspert Ramil Hüseynov deyib: "Unutmayaq ki, iqtisadiyyatı güclü olmayan dövlətin hər hansı ciddi uğur qazanmaq şansı demək olar ki, sıfıra bərabərdir. Azərbaycan Xəzərin neft və qaz ehtiyatlarını uğurla dünya bazarına çıxardı, həyata keçirilən nəhəng layihələr isə ölkəmizin strateji mövqeyini möhkəmləndirdi. Əldə olunan gəlirlər ilk növbədə hərbi gücümüzün artırılmasına yönəldildi. Ordunun güclənməsi, modernləşməsi və yeni texnologiyalarla təmin edilməsi ölkənin əsas prioritetinə çevrildi. Qazandığımız qələbə məhz bu siyasətin nəticəsi oldu. Bununla yanaşı, peşəkar zabit heyəti, əsgər heyəti və ən əsası xalqın sarsılmaz etimadı və həmrəyliyi bizi qalib etdi. Unutmayaq ki, tarixi, siyasi, iqtisadi və strateji amillərin vəhdəti nəticəsində Azərbaycan qalib və güclü dövlətə çevrildi. Geosiyasi addımlar, diplomatik çeviklik və qətiyyətli qərarlar yalnız liderlik xüsusiyyətlərinə malik olan insanlar tərəfindən verilə bilər. Bu prinsipiallığı İlham Əliyev mükəmməl şəkildə həyata keçirdi. Şəhidlərimizin və qazilərimizin fədakarlığı isə ədaləti bərpa etdi və Azərbaycan tarixində şərəfli bir qəhrəmanlıq salnaməsi yazdı.
Uzun illərin siyasi müdrikliyi öz bəhrəsini verdi. Vətən müharibəsində əldə olunan qələbə isə bu gücün zirvəsi oldu. Biz bu zirvəni qorumaq və saxlamaq missiyasında hər bir vətəndaş olaraq öz töhfəmizi verməliyik. Beynəlxalq təşkilatlarda fəallığımızı artıraraq, bütün təhdid və təzyiqlərə baxmayaraq bir addım belə geri çəkilmədik. Dövlətçilik maraqlarımızı heç nəyə qurban vermədik, əksinə, mədəni və ədalətli diplomatiyamızla bizə qarşı çirkin siyasi oyunlar aparan qüvvələri isə öz qətiyyətimiz və siyasi müdrikliyimizlə geri çəkilməyə məcbur etdik.
Azərbaycan bu amillərə görə qalibdir, qüdrətlidir. Bu möhtəşəm uğurları kiçiltməyə çalışan, böhtanla yanaşan, qısqanclıq içində siyasi spekulyasiya aparanlara qətiyyən fikir vermək olmaz. Bu, siyasi cinayət və vətənə, dövlətə hörmətsizlikdir. Xalqın milli kimliyinə, dövlətin milli dəyərlərinə biganə qalan, siyasi xarakterini itirmiş şəxslərə əsla inanmayın. Səsvermə hüququna malik insanların iradəsini sarsıtmağa çalışan bu tip siyasilər mütləq tarix qarşısında cavab verəcəklər bu, labüddür.
Siyasi, iqtisadi və diplomatik sirləri qoruyan, məsuliyyət və vətənpərvərlik nümayiş etdirənlər hər zaman məsuliyyətsiz, bəsit siyasətçilərin hədəfinə çevrilmişdir. Amma unutmayaq! Güclü dövlətin güclü lideri, Ali Baş Komandanın qətiyyətli siyasi strategiyası ilə "biz birlikdə daha güclüyük" şüarı ilə yalnız irəli!"Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31