EN

İran mülki dronların istifadəsi ilə bağlı sərt qaydalar tətbiq edib – ÖZƏL

İran hökuməti ölkədə şəxsi pilotsuz uçuş aparatlarının (PUA) istismarına dair daha sərt qaydalar müəyyən edib. 

Olaylar.az xəbər verir ki, Mehr agentliyinin məlumatına görə, bu qərar İsrail rejiminin kiçik dronlardan istifadə edərək İrana hücum etməsindən üç ay sonra qəbul olunub.

İranın Mülki Aviasiya Təşkilatı çərşənbə axşamı açıqlama yayaraq, bütün mülki dronların qeydiyyatı üçün onlayn platforma istifadəyə verildiyini bildirib. Qaydalar bütün kateqoriyalara - kənd təsərrüfatında, çəkilişlərdə və ya geodeziyada istifadə olunan cihazlara da şamil edilir.

Yeni tələblərə görə, hər bir dron qeydiyyatdan keçirilməli və üzərində göstərilmək üçün identifikasiya nömrəsi almalıdır. İdentifikasiya nömrəsi olmayan PUA-ların istifadəsi qanunsuz hesab ediləcək və sahibləri məhkəmə qarşısında cavab verməli olacaq.

Bu qərar iyunda baş verən 12 günlük müharibə zamanı İsrail rejiminin dron hücumları fonunda qəbul olunub. Həmin hücumlar nəticəsində İranda min nəfərdən çox insan həlak olmuş, hədəflər isə əsasən hərbi komandirlərin evləri və nüvə alimlərinin yaşayış məntəqələri olmuşdu.

İran təhlükəsizlik qurumları həmçinin gizli obyektlərin üzərində və ya yaxınlığında dron uçuşlarının yaratdığı risklərə diqqət çəkib.

Hazırda ölkədə əksər mülki dronlardan kənd təsərrüfatında pestisidlərin səpilməsi və müxtəlif tədbirlərin çəkilişi üçün istifadə olunur. Lakin gözlənilir ki, yaxın illərdə kommersiya məqsədli tətbiqlər də artacaq. Xüsusilə onlayn ticarət şirkətləri poçt bağlamalarının çatdırılması üçün dronların istifadəsini genişləndirməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
olaylar.az

1Sources