EN

Azər Qəribin cəza tələbi: Mətanət Türkiyəyə görə üzr istəyəcək? Video

ain.az bildirir, Axar.az portalına istinadən.

Əməkdar artist Cabir İmanovun 49 yaşında Bakıdakı idman zallarından birində infarkt keçirərək, dünyasını dəyişməsi ictimaiyyətdə dərin təəssürat yaradıb.

Axar.az xəbər verir ki, əməkdar artistin idman zalından ölüm anını əks etdirən görüntülərin yayılması isə birmənalı qarşılanmayıb. Bəziləri bunun qeyri-etik olduğunu iddia edib.

Bu iddiaya qoşulanlar arasında tanınmışlar da var. Məsələn, bloger Azər Qərib olaya daha sərt reaksiya verib: “Bu gün Cabir İmanovla vida mərasimi oldu, amma mən başqa məsələni vurğulamaq istərdim. Əgər mənim hüquq-mühafizə orqanlarına göstəriş vermək səlahiyətim (“səlahiyyət” yazmaq istəyib – red.) olsaydı, tapşırardım ki, idman zalından rəhmətliyin son kadrlarını mediyaya (“mediaya” demək istəyib – red.) ötürənləri müəyyən edib, ciddi cəzalandırsınlar.

Həm qanuna zidd oldu bu çirkin əməl, həm mənəviyata (“mənəviyyata” yazmaq istəyib – red.)

Amma mənəviyatdan uzaq olanlar bunu çətin anlayarlar...”

Sərt reaksiya verənlərdən digəri aparıcı Mətanət Əliverdiyevadır. O deyib: “Cabirin idman zalındakı həmin o görüntülərinə biz də baxdıq, amma verilişlərimizdə bunu yayımlamadıq. Pandemiyada da mən bunun qəti əleyhinə idim. Məni top atəşinə tutdular, amma sonra dedilər ki, yox, Mətanət düz deyir. Arif Quliyevin o videoları yadınıza gəlir? Allah rəhmət etsin, insan canı ilə əlləşirdi, bizimkilər isə videoya çəkib paylaşırdı. Ayıb, ayıb, bir də ayıb. O video bir sənəd olaraq həkimə lazımdır, amma bunu yaymaq olmaz. Bunu kimin etdiyini bilmirəm, amma mən həmin adamların adından Cabirin ailəsindən üzr istəyirəm. Belə insanlara görə xəcalət çəkirəm”.

Bəs, dünya mediasında bu məsələyə yanaşma necədir? Medianın hansısa tanınmış və yaxud tanınmamış şəxsin ölüm anını yayması doğrudurmu?

Aşağıda təqdim etdiyimiz videoları izləyə bilərsiniz:

Birinci görüntü Mətin Arolata aiddir, 2024-cü il sentyabrın 21-də İstanbulun Kadıköy rayonunda səhnədə olarkən keçirdiyi ürək tutması nəticəsində vəfat edib;

İkinci görüntü sadə vətəndaşdır, Qaziantepdə sükan arxasında ürək tutması keçirən avtobus sürücüsünə aiddir, 30 iyul 2025-ci il;

Üçüncüsü görüntü millət vəkili Həsən Bitməzə aiddir, TBMM-də çıxış edərkən infarkt keçirdiyi və dünyasını dəyişdiyi görüntüdür;

Dördüncü görüntü “Benfika”nın 24 yaşlı hücumçusu Mikloş Feherə aiddir – oyun zamanı yıxılaraq, ürəktutmadan vəfat edir.

Beşinci görüntü Volkan Konaka aiddir, 30 mart 2025-ci ildə Şimali Kipr Türk Respublikasında verdiyi konsert zamanı ürək tutmasından ölür.

Bu siyahını nə qədər istəsəniz artırmaq olar – saysız-hesabsızdır; hələ qəza anlarını demirik!

Yəni əgər zorakılıq, qətl, qan, şiddət yoxdursa, faciədirsə, dünya mediası ölüm anını yaymağı qeyri-etik hesab etmir, əksinə, ölənə sayğı, bir az da ibrət kimi, insanların öz sağlıq durumuna daha həssas yanaşmasını təşviq etmək üçün tirajlayır.

Amma görünür ki, beynəlxalq media və onminlərlə peşəkar çox səhv edir – Azər Qəribin əlində olsa, “bu qanuna zidd, çirkin əmələ görə” CNN-i bağlatdırıb, əməkdaşlarını sərt şəkildə cəzalandırar və Trampı sevindirər, Mətanət xanım isə yəqin ki, fürsəti olsaydı, məsələn, Həsən Bitməzin ölüm anını yaydığına görə Türkiyə və ümumilikdə dünya mediası adından türkiyəli millət vəkilinin ailəsindən üzr istəyərdi – çünki “belə insanlara” görə xəcalət çəkir.

Zəruri qeyd:

Azər Qərib – 1961-ci il təvəllüdlüdür, BDU-nun Şərqşünaslıq fakültəsini bitirib, "Azneft" şirkətinin xarici əlaqələr departamentində çalışıb, DİN-də işləyib, 1990-cı ildən bizneslə məşğul olub, 1999–2003-cü illərdə Böyük Britaniyanın "İnter Logistic" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri olub.

2003-cü ildə biznes sahəsini tərk edib və "Qərib Azər" adlı səyahət verilişi ilə xarici ölkələri gəzməyə, blogerliyə başlayıb.

Azər Qərib 2020-ci ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının idarə heyətinin sədridir.

Yəni şərqşünasdır, neftçidir, DİN strukturunda çalışıb, biznesmen olub və yalnız 40 yaşından sonra, daha dəqiq desək, 42 yaşından bloger və həvəskar kimi “jurnalistika ilə də” məşğuldur.

Mətanət Əliverdiyeva isə peşəkar aktrisadır, TV-də də verilişlər aparır, xüsusilə efirdə ilk dəfə şpaqat açması ilə mediamıza inqilabi yenilik gətirib.

Belə...

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
2
axar.az

3Sources