EN

Baş Prokurorun açıqlaması Rusiyaya mesajdır ŞƏRH

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Fuad Abbasov: Kremlin səssizliyi Moskvanın Bakının mövqeyini ignor etməsi anlamına gəlir

Bu gün sanki 1990-cı illərin Rusiyasına qayıdış müşahidə olunur

Məqsəd miqrantları daim qorxu altında saxlamaqdır

Yekaterinburuqda azərbaycanlılara qarşı törədilən cinayətlə bağlı Azərbaycan Respublikası Prokurorluğunda da araşdırma aparılır.

Bunu Baş Prokuror Kamran Əliyev mətbuata açıqlamasında deyib.

O bildirib ki, bu faktlar - zor tətbiq edilməsi, işgəncə verilməsi ilə bağlı ayrıca olaraq Rusiyada da istintaq aparılır: "Bu işin də məntiqli nəticəsi olacağına inanıram".

Xatırladaq ki, İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. Hadisənin ilk anlarında şəhər sakinləri Rusiya KİV-lərinə bildiriblər ki, onlarla azərbaycanlı saxlanılaraq Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə aparılıb.

Həmin gün mediaya açıqlama verən ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli Yekaterinburqda qardaşları Ziyəddin və Hüseyn Səfərovların OMON dəstəsi tərəfindən işgəncələrlə öldürüldüyünü deyib.

Politoloq Fuad Abbasov Sherg.az-a deyib ki, Kamran Əliyevin bu açıqlaması Rusiyaya ünvanlanmış bir mesajdır:

"Mesaj ondan ibarətdir ki, siz bizə bu cinayəti unutdurmağa çalışsanız da, biz bunu unutmuruq. Azərbaycan xaricdə yaşayan vətəndaşlarının taleyi ilə maraqlanır və Kremldən buna cavab gözləyir. Lakin Rusiya nə Yekaterinburqda baş vermiş cinayəti, nə də ötən ilin dekabr ayında törədilmiş “AZAL” təyyarəsinin vurulması ilə bağlı hadisəni araşdırıb. Əgər araşdırıbsa da, Azərbaycan tərəfinə heç bir məlumat təqdim etməyib. Bu isə onu göstərir ki, Rusiya Azərbaycanın tələblərinə laqeyd yanaşır və bir mənalı şəkildə onları saymazlıqla qarşılayır. Nəticə etibarilə belə qənaətə gəlmək olar ki, Moskva Bakının mövqeyini ignor edir. Azərbaycan dəfələrlə bəyan edib ki, həm təyyarə hadisəsi, həm də Yekaterinburq cinayəti ilə bağlı lazımi cavab verilməsə, məsələ beynəlxalq məhkəməyə çıxarılacaq və tələblər Rusiyadan həmin səviyyədə irəli sürüləcək. Bunun nəticələrinə isə artıq Azərbaycan yox, Rusiya cavabdeh olacaq.

Ümumiyyətlə, Rusiyada belə bir yanaşma mövcuddur: xarici vətəndaşlara və ya etnik azlıqlara qarşı törədilən cinayətlər çox vaxt ikinci plana keçirilir, sanki baş verməmiş kimi sayılır. Biz bunu 1990-cı illərdə “skinhead” adlanan dəstələrin qafqazlılara, orta asiyalılara və miqrantlara qarşı törətdikləri cinayətlərdən də görmüşük. Həmin cinayətlərin əksəriyyəti açılmamış qalıb. O zaman onlarla insan öldürülmüşdü, onların arasında azərbaycanlılar da var idi. Bu gün isə sanki 1990-cı illərin Rusiyasına qayıdış müşahidə olunur. Miqrantlara qarşı cinayətlər nə araşdırılır, nə də cəzalandırılır. Hətta “Rus icması” (“Russkaya Obşina”) adlı təşkilat vasitəsilə bu cinayətlərin törədilməsinə şərait yaradılır. Məqsəd miqrantları daim qorxu altında saxlamaq və onlarda hər yerdə təhlükə ilə üzləşə biləcəkləri təəssüratını yaratmaqdır".

Analitikin sözlərinə görə, Azərbaycan Baş Prokurorluğunun müraciətlərinə Rusiya tərəfindən cavab gözləmək, yaxud da cinayət işlərinin ciddi şəkildə araşdırılacağını düşünmək, əslində, real görünmür:

"Çünki Rusiya indiyə qədər cavab verməyib və bundan sonra da inandırıcı deyil. Ancaq prezident səviyyəsində xüsusi təlimat verilsə, bu zaman cinayətlərin araşdırılması, günahkarların cəzalandırılması və Azərbaycanla münasibətlərin yaxşılaşdırılması istiqamətində dəyişiklik baş verə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
sherg.az

2Sources