EN

Azərbaycan-İtaliya: Strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq - ANALİTİK

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycana səfərə gəlib. Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra nümayəndə heyətləri geniş tərkibdə görüş keçiriblər. İlham Əliyev çıxışı zamanı İtaliya-Azərbaycan əlaqələrinin inkişafından, əməkdaşlığımızın çoxşaxəli, energetikadan başlamış sənaye istehsalına qədər bir çox sahələri əhatə etməsindən danışıb. Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin tam icra edildiyini qeyd edib. Energetika sahəsində bir çox əhəmiyyətli nəticələrin əldə edildiyini deyən İlham Əliyev bununla bağlı “bir-birimizi haqlı olaraq təbrik edə bilərik”fikrini səsləndirib.

İtaliya Prezidenti Sercio Mattarella çıxış edərək Azərbaycan Prezidentinin Romaya etdiyi çox mühüm səfərləri xatırlayıb. İki ölkə arasında tərəfdaşlığın iqtisadi sahələrlə, çох vacib enerji və sənaye sektorları ilə məhdudlaşmadığını, həmçinin mədəniyyət, gənclərimiz üçün təhsil sahələrini əhatə etdiyini qeyd edib. Qonaq, eyni zamanda, Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik edib.

İtaliya ilə Azərbaycan arasında enerji əlaqələri

Son illər Azərbaycan Rusiyadan qaz tədarükünə mühüm alternativ kimi meydana çıxıb. Azərbaycan qazını ən çox alan ölkələr arasında Bolqarıstan (Azərbaycandan ixrac ümumi qazın 60%-ni təşkil edir), Yunanıstan (18%) və İtaliya (15%) var. İtaliya və Azərbaycan 2020-ci ildə imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə əsaslanan əla münasibətləri davam etdirirlər. Bakı Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində həm neft, həm də təbii qaz tədarükü üzrə İtaliya üçün əsas enerji tərəfdaşıdır. Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan təbii qazı Yunanıstan və Albaniyadan keçərək Puglia əyalətinin Melenduqno şəhərinə nəql edir. Uzunluğu 878 km-dir və ilkin gücü ildə 10 milyard kubmetrdir, 20 milyarda qədər genişləndirilə bilər.

Keçən ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev nazirlərin görüşü zamanı bildirmişdi ki, "Avropa İttifaqından tələbat artarsa, Azərbaycan təbii qaz hasilatını artırmağa hazırdır. Biz qazımıza Avropada tələbatın olmasını təmin etməliyik, əmin olmalıyıq ki, Avropa bazarında bu tələb uzun illər davam edəcək". İlham Əliyev Azərbaycanın qaz ixrac etdiyi ölkələrin siyahısının genişləndirilməsinin mümkünlüyü ilə bağlı nikbinliyini bildirib ki, hazırda bu siyahıya 12-si daxildir, onlardan 8-i Avropa İttifaqı ölkələridir. “Bizim qazın Avropaya tədarük coğrafiyası, şübhəsiz ki, artacaq, çünki biz regionda paylayıcı şəbəkənin genişləndirilməsi üzərində işləyirik”. Azərbaycan Prezidenti həmçinin bildirib ki, Cənub Qaz Dəhlizi hazırda tam gücü ilə işləyir, ona görə də onun infrastrukturunun genişləndirilməsi zəruridir, lakin bunun üçün resurslar lazımdır.

2024-cü ilin noyabrında Azərbaycanın paytaxtında keçirilən COP29 iqlim sammiti zamanı “İtalgas” və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iki sənaye qrupu arasında əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalayıblar. Italgas-ın baş direktoru Paolo Gallo və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov tərəfindən imzalanmış saziş qazpaylayıcı sektorda innovasiya, səmərəlilik və davamlılığın təşviqinə yönəlmiş strateji tərəfdaşlığı birləşdirir. Əməkdaşlıq sahələrinə Picarro texnologiyası ilə qaz sızmasının aşkarlanması və 2018-ci ildən Italgas-ın rəqəmsal fabrikində qəbul edilmiş çevik metodologiyadan istifadə edərək prosesin rəqəmsallaşdırılması vasitəsilə infrastrukturun dekarbonlaşdırılmasına xüsusi diqqət yetirilməklə enerji keçidi və rəqəmsallaşmanı təşviq etmək üçün ən yaxşı təcrübə və texnologiyaların mübadiləsi daxildir. Müqavilə “İtalgas”ın rəqəmsal şirkəti Bludigit ilə Azərbaycanda qazın paylanması və satışına cavabdeh qurum olan “Azəriqaz” İstehsalat Birliyi arasında Azərbaycanın qaz şəbəkəsində sızmaların aşkar edilməsi və paylayıcı sektora aid emissiyaların azaldılması üçün mövcud müqavilədən irəli gəlir.

Azərbaycan və İtaliya arasındakı münasibətlər son illərdə dinamik şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. İki ölkə arasında diplomatik əlaqələr 8 may 1992-ci ildə qurulmuş, lakin münasibətlərin əsas mərhələləri xüsusilə 2000-ci illərdən sonra enerji, iqtisadiyyat, mədəniyyət və siyasi sahələrdə genişlənmişdir. Bu məqalədə Azərbaycan-İtaliya münasibətlərinin əsas istiqamətləri və inkişaf perspektivləri araşdırılır.

Siyasi əlaqələr

Azərbaycan və İtaliya arasında yüksək səviyyəli siyasi dialoq intensiv şəkildə davam edir. İtaliya, Azərbaycanın Avropadakı əsas tərəfdaşlarından biri olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biridir. Xüsusilə 2020-ci ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri və Romada imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, iki ölkə arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bu sənəd iki ölkə arasında strateji tərəfdaşlığın hüquqi əsasını möhkəmləndirdi. Bundan başqa, İtaliya nümayəndə heyətləri 2020-ci il Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə səfərlər etmiş, bu bölgələrin bərpasında əməkdaşlıq niyyəti bildirmişdir.

Enerji sahəsində əməkdaşlıq

Enerji sektoru Azərbaycan-İtaliya münasibətlərinin əsas sütunlarından biridir. İtaliya Azərbaycanın neft və qazının əsas ixrac istiqamətlərindən biridir. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən TAP (Trans Adriatik Boru Kəməri) vasitəsilə Azərbaycan qazı İtaliyaya çatdırılır və bu, Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolunu artırır. TAP layihəsi 2020-ci ildə tam istismara verildikdən sonra Azərbaycan qazının Avropa bazarına çıxışı mümkün oldu və İtaliya bu qazın əsas alıcısına çevrildi. 2023-cü ilin statistikasına görə, Azərbaycan İtaliyanın əsas qaz tədarükçülərindən biri olmuşdur.

Azərbaycan‑İtaliya qaz ticarəti TAP vasitəsilə həyata keçirilir. TAP Türkiyə‑Yunanıstan sərhədindən başlayaraq Yunanıstan, Albaniya üzərindən Adriatik dənizini keçib İtaliyaya çatır. TAP kəməri İtaliya sisteminə birləşir. TAP‑ın ilkin nəqli gücü ildə 10 milyard kubmetr (bcma) qaz idi, gələcəkdə bu gücün 20 bcma‑ya qədər artırılması nəzərdə tutulur.2024‑cü ilin əvvəllərində TAP vasitəsilə İtaliyaya Azərbaycan qazının tədarükü 9.6 bcma‑ya yaxınlaşmışdır. Bununla yanaşı, TAP gücünün 2026‑cı ildə 1.2 bcma artırılması gözlənir.

Texnologiya, „yaşıl enerji“ keçidi

İtaliyalı MAIRE şirkəti ilə Azərbaycan arasında energetika keçidi, karbon izini azaltma, bərpa olunan enerji, „green hydrogen“, bioyanacaqlar və tullantıdan enerji istehsalı kimi sahələrdə əməkdaşlıq MoU (anlaşma memorandumu) imzalanıb.Sumqayıt Kimya Sənaye Parkında italyan “Technip Energies S.p.A.” şirkəti ilə plastik tullantıdan piroliz yağı istehsalı layihəsi üzrə anlaşma var („Pyrolysis oil production“ layihəsi). Bu tip layihələr, neft‑qaz əsaslı iqtisadiyyatdan enerji və kimya sənayesində “yaşıl” texnologiyalarla diversifikasiya yönündə önəmlidir.

İtaliya Aİ daxilində enerji təminatı və mənbələrin diversifikasiyası məqsədilə Azərbaycanı mühüm tərəfdaşlardan biri kimi görür. Azərbaycan qazı İtaliya üçün Rusiyadan asılılığın azaldılması, Avropada qaz bazarının şaxələndirilməsi baxımından əhəmiyyəti artıb.TAP kəmərinin genişləndirilməsi planları, habelə “Caspian‑Black Sea‑Europe Green Energy Corridor” kimi təşəbbüslər enerji təhlükəsizliyi və yaşıl enerji axınlarının formalaşması baxımından perspektivlər təklif edir.

Perspektivlər

TAP gücünün artırılması – Hazırda planlaşdırıldığı kimi 10 bcma‑dan 20 bcma‑ya qədər genişləndirilməsi, İtaliya və Avropa üçün Azərbaycan qazının daha çox hissəsinin təmin olunmasına gətirib çıxara bilər.
Yaşıl enerji layihələri – SOFAZ‑ın İtaliyada günəş enerjisi stansiyalarına investisiyası ilə yanaşı, bioyanacaq, hidrogen, tullantıdan enerji istehsalı, karbon tutma texnologiyalarının tətbiqi sahəsində geniş əməkdaşlıq imkanı var.

Texnoloji transfer və yerlərdə istehsal – İtaliyalı şirkətlərin Azərbaycan sahəsində işıqlandırma, enerji emalı, elektrik stansiyaları, transformator və avadanlıqların istehsalının lokalizasiyası imkanları, həmçinin infrastrukturun modernləşdirilməsi. Məsələn, İtaliyalı şirkətlər Mingəçevir kimi regionlarda elektrik stansiyaları, yeni yarımstansiyalar üçün avadanlıq təmin edə bilərlər.

Beynəlxalq əməkdaşlıq və maliyyələşmə mexanizmləri – Avropa İttifaqı, beynəlxalq maliyyə institutları (EBRD, Dünya Bankı), habelə maliyyə bazarlarında yaşıl istiqrazlar və ya “green bonds” vasitəsilə layihələrin dəstəklənməsi.

Qlobal enerji keçidi və iqlim dəyişikliyi ilə mübarizə çağırışları fonunda bərpa olunan enerji mənbələrinin inkişafı dövlətlər üçün prioritet istiqamətə çevrilmişdir. Azərbaycan da bu sahədə “yaşıl enerji” potensialından istifadə edərək enerji mənbələrinin diversifikasiyasına və ixracatının yaşıl komponentlərlə zənginləşdirilməsinə yönəlib. Bu kontekstdə İtaliya Azərbaycanın ən mühüm tərəfdaşlarından birinə çevrilməkdədir. Azərbaycan–İtaliya enerji əməkdaşlığı artıq təkcə neft və qazla məhdudlaşmır, bərpa olunan enerji, texnologiya transferi və karbon neytrallığı kimi strateji istiqamətlərə yönəlmişdir.

V.VƏLİYEV

Chosen
17
sia.az

1Sources