EN

“Keçən il Romada onu Azərbaycana rəsmi səfərə dəvət etmişdim”

“Bu gün İtaliya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür, biz İtaliya-Azərbaycan Universitetinin binalarının açılışını qeyd edirik. Mən keçən il Romada Prezident Mattarella ilə görüşərkən ona bu haqda məlumat vermişdim və onu Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Şadam ki, cənab Prezident mənim dəvətimi qəbul edib Azərbaycana ikinci dəfə rəsmi səfərə gəlib”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı zamanı deyib.
“Biz səfər çərçivəsində bu gözəl təhsil ocağının açılışını birlikdə qeyd edirik. Əslində, Prezident Mattarellanın rəsmi səfər proqramına bu tədbirin salınması onu göstərir ki, həm İtaliya, həm də Azərbaycan bu sahədəki əməkdaşlığa çox böyük əhəmiyyət verir. Əminəm ki, universitetin gələcəyi çox parlaq olacaq. Bu, nəinki Azərbaycanda, dünya miqyasında öz layiqli yerini tutacaq, universitetin məzunları isə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər. Əminəm ki, burada oxuyan və oxuyacaq tələbələr gələcəkdə Azərbaycanın inkişafına çox böyük dəstək verəcəklər. Çünki sirr deyil ki, hər bir ölkənin inkişafı onun elmi və təhsil potensialından qaynaqlanır.
İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu ölkələri inkişaf etmiş ölkələr edən məhz biliklərdir, təhsildir, texnologiyalardır. Bugünkü dünyada texnoloji inkişaf hər bir ölkənin uğurunu müəyyən edir. Təbii resurslarla zəngin olan ölkələr kimi Azərbaycan, ilk növbədə, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışmışdır. Çünki biz gələcəyə baxmalıyıq. Yenə də deyirəm, neft, qaz, təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar. Bu inkişaf qısamüddətli ola bilər. Uzunmüddətli dayanıqlı inkişaf məhz biliyin, texnologiyanın, təhsilin səviyyəsinin üzərində qurulur. Ona görə biz Azərbaycanda bu sahəyə böyük diqqət yetirərək artıq uzun illər ərzində bir çox önəmli proqramlar icra etmişik”, - İlham Əliyev qeyd edib.
Chosen
9
1
yenilik.az

2Sources