EN

Dövlət xəstəxanalarında həkim çatışmazlığı var? – TƏBİB açıqladı

Azərbaycanın müxtəlif bölgələrində dövlət xəstəxanalarına müraciət edən insanlar bəzən dar ixtisaslı həkim tapmaqda çətinlik çəkirlər. Xüsusən də cərrah, travmatoloq və ya anestezioloq kimi mütəxəssislərin çatışmazlığı ilə bağlı şikayətlər səslənir.

Bəs görəsən, ölkədə həkim çatışmazlığı doğrudanmı var və bu problem hansı bölgələrdə daha çox hiss olunur?

Məsələ ilə bağlı Far.Az-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirildi ki, hazırda TƏBİB-in tabeliyindəki 91 publik hüquqi şəxsin 2,701 tibb müəssisəsi var. Bu müəssisələrdə 93,064 işçi çalışır, onlardan 16,923-ü həkimdir:

"Bölgələrdə xüsusilə dar ixtisaslı mütəxəssislər üzrə həkim çatışmazlığı hələ də qalır. Bu problem yalnız Azərbaycan üçün deyil, qlobal səhiyyə sistemləri üçün də aktualdır. Bəzi bölgələr üzrə cərrah, travmatoloq, ortoped, anestezioloq-reanimatoloq, mama-ginekoloq, nefroloq, psixiatr, narkoloq, uşaq cərrahı, uroloq, nevroloq və şüa diaqnostikası üzrə həkim (rentgen və KT üzrə) kimi ixtisaslar üzrə çatışmazlıq qeydə alınır.

Dövlət tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinin ixtisaslarının artırılması, tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eyni zamanda əhalinin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs tərəfindən "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2023-2024-cü illər üçün Proqram" layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində müxtəlif ixtisaslar üzrə işə qəbul olunan 68 həkim-mütəxəssis (uzman) tabeliyimizdəki Abşeron Rayon Mərkəzi Xəstəxanası, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası, Şəki Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Samux Rayon Mərkəzi Xəstəxanası, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Kürdəmir Şəhər Mərkəzi Xəstəxanası, Quba Rayon Mərkəzi Xəstəxanası, Nərimanov Tibb Mərkəzi, Respublika Perinatal Mərkəzi, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Müəssisəsində işə qəbul edilib. Həmin həkim-mütəxəssislər daha çox tələbat olan cərrahi və radioloji profilli, terapevtik və pediatrik profilli ixtisaslar üzrə cəlb olunublar.

Strateji hədəflərimizə uyğun olaraq, ATU tələbələrinin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsi, onlara özlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması, tələbələr üçün maliyyə dəstəyi və sosial təminatın göstərilməsi, tibb müəssisələrində orta tibb heyəti ilə bağlı mövcud boşluqların qismən aradan qaldırılması və gənc həkim mütəxəssislərin ölkə səhiyyəsinə qazandırılması üçün TƏBİB, Azərbaycan Tibb Universiteti ilə də əməkdaşlıq edir. Birgə həyata keçirilən layihə nəticəsində 2023-2024-cü illər ərzində Azərbaycan Tibb Universitetinin 231 tələbəsi TƏBİB-in 13 tabeli tibb müəssisəsində işlə təmin olunub. Belə ki, sözügedən ali təhsil müəssisəsinin yuxarı kurs tələbələri təcrübə keçmək üçün tibb müəssisələrimizə cəlb olunur və daha sonra isə orta tibb işçisi kimi işlə təmin olunurlar. Qeyd edək ki, tələbələr tərəfindən layihəyə çox böyük maraq göstərilmişdir.

"Könüllü TƏBİB" layihəsi isə gənclərin tibb sahəsində könüllülük fəaliyyətini inkişaf etdirmək məqsədilə planlaşdırılıb. Layihənin əsas məqsədi gənclərin erkən əmək fəaliyyətinə cəlb olunmasını təmin etməklə onların peşəkar bacarıqlarını artırmaq, gələcəkdə təhsilini başa vurduqdan sonra TƏBİB-in tabeliyindəki tibb müəssisələrində fəaliyyət göstərmələri üçün maraqlarını yüksəltmək və adaptasiya prosesini asanlaşdırmaqdır.

Layihəyə ilk olaraq Bakı şəhəri üzrə 2023-cü ilin may ayında 2 nömrəli Bakı Baza Tibb Kollecində başlanılmış və 193 tibb kolleci tələbəsi layihənin ilk iştirakçıları olmuşdur. Uğurlu nəticələrə əsaslanaraq layihə Sumqayıt, Lənkəran, Quba, Cəlilabad, Mingəçevir və Gəncə şəhərlərində də tətbiq edilmişdir. 2024-2025-ci illər ərzində isə regionlar üzrə layihəyə 116 tibb kolleci tələbəsi cəlb olunub."

Şahanə Xankişiyeva

Chosen
14
1
far.az

2Sources