EN

Azərbaycandan Avropaya elektrik xətti çəkilişinin ilk mərhələsi bitmək üzrədir...


Vüqar Bayramov: “Bütün bunlar Avropanın enerji keçidində mühüm rol oynayacaq”

TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Bu fikirləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında səsləndirib.

Daha sonra dövlət başçısı bunları qeyd edib: “Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən, Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq”.

“Qara dənizin dibi ilə çəkiləcək kabel xətti Cənubi Qafqazla Aİ arasında yeni elektrik bağlantısı yaradacaq”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, zamanında Cənub Qaz Dəhlizinin çəkilməsi indi yeni enerji layihələri üçün yaxşı təməl formalaşdırıb: “Əvvəla, İtaliya Azərbaycanın vacib tərəfdaşlarından hesab olunur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar olub. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə qeydə alınıb: 18 milyard 122 milyon dollar. Bu kəskin artim Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlı idi. 2024-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 24.0 faizi İtaliyanın payına düşüb. Azərbaycan, xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Məlum olduğu kimi, artıq Avropaya elektrik enerjisi ixracı gündəmdədir. İldən-ilə Avropada elektrik enerjisinə tələbat artır. Azərbaycanın quruda 27 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı var. Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji potensialı isə 10 qiqavatdan çoxdur. Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Azərbaycanın gələcəyə baxışında Cənub Qaz Dəhlizinin mərhələli şəkildə yaşıl hidrogenə uyğunlaşdırılması, bərpaolunan enerji sahəsinə geniş sərmayələrin yatırılması və 10 giqavatdan artıq gücə malik külək və günəş enerjisi layihələri üzrə razılaşmaların imzalanması yer alır. Qara dənizin dibi ilə çəkiləcək kabel xətti isə Cənubi Qafqazla Avropa İttifaqı arasında yeni elektrik bağlantısı yaradaraq. Eyni zamanda, Orta Asiyadan Azərbaycan üzərindən Avropaya elektrik enerjisi ixrac ediləcək. Bütün bunlar Avropanın enerji keçidində mühüm rol oynayacaq”.

Vidadi ORDAHALLI

Chosen
75
baki-xeber.com

1Sources