EN

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA tərəfindən “Akademiyada: biblioqrafik nəşrlər və serialı akademik nəşrlər” adlı tədbir keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türk Dil Qurumunun prezidenti professor Osman Mert, AMEA Rəyasət Heyəti aparatının üzvləri, Akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları, tanınmış elm və mədəniyyət, ictimaiyyət nümayəndələri , KİV mənsubları və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli açaraq bu il şərəfli tarixi inkişaf yolu keçmiş, yetişdirdiyi görkəmli alimləri ilə ölkə və dünya elmində mühüm töhfələr vermiş AMEA-nın 80 illik yubileyindən bəhs edib. O, dövlət başçısının 18 mart 2025-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən Akademiyada silsilə tədbirlərin həyata keçirildiyini bildirib. Alimin sözlərinə görə, AMEA-nın 80 illik yubiley tədbirləri Qarabağ Universitetində, Akademiyanın Naxçıvan Bölməsində, həmçinin tariximizdə ilk dəfə olaraq respublikamızın hüdudlarından kənarda – Türkiyənin Ankara və İstanbul şəhərlərində təşkil olunub. Bundan əlavə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin toplantısında da AMEA-nın yubileyi qeyd edilib.

Akademiyanın 80 illiyi ilə bağlı 52 adda monoqrafiya, biblioqrafiya və tanıtım kitabının nəşrinin nəzərdə tutulduğunu söyləyən akademik İsa Həbibbəyli, onlardan 30-nun artıq işıq üzü gördüyünü nəzərə çatdırıb. Müxtəlif istiqamətləri əhatə edən kitabların bir qisminin AMEA-nın 15 təsisçisi və ilk akademiklərinin həyat və yaradıcılıq yoluna həsr olunduğunu deyib: “Görkəmli şəxsiyyətlərin elmi irsini əhatə edən bu nəşrlər AMEA-nın tarixi yaddaşının qorunub saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, həmin kitabları AMEA təsisçilərinin ‘elmi pasportu’ adlandırmaq olar”.

Sərgidə təqdim olunan görkəmli simaların fəaliyyətinə dair kitabların arxiv sənədləri əsasında hazırlandığını vurğulayan akademik İsa Həbibbəyli, bu nəşrlərin AMEA-nın 80 illiyinə dəyərli töhfə olmaqla yanaşı, yeni yanaşma və təfəkkür əsasında yazılmış mühüm elmi mənbə rolunu oynadığını qeyd edib.

AMEA rəhbəri Akademiyanın 80 illiyi ilə bağlı nəşr olunmuş hər bir kitab haqqında qısa məlumat verərək onların dəyərli və zəngin nəşrlər olduğunu vurğulayıb. Həmçinin son iki ildə Akademiyada işıq üzü görmüş kitablar barədə danışıb: “Ulu Öndər Heydər Əliyev, Məhəmməd Füzuli, Nizami Gəncəvi, AMEA-nın təsisçiləri və görkəmli simaları, sabiq prezidentləri və digər görkəmli şəxsiyyətlər haqqında hazırlanmış kitablar, eləcə də tarixi Qarabağ, Şanlı Zəfər, Türk dünyası, azərbaycançılıq məfkurəsi, milli mətbuatla bağlı hazırlanmış nəşrlər gələcək nəsillər üçün qiymətli mənbə, o cümlədən AMEA kollektivinin səmərəli elmi fəaliyyətinin, gərgin əməyinin bəhrəsi kimi dəyərləndirilməlidir”.

Alim XI Bakı Beynəlxalq Kitab Sərgisinin müasir dünyanın aktual çağırışlarına uyğun olaraq “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr edildiyini və müasir dövrün elmi-mədəni müstəvisində texnologiyanın insan həyatına təsiri ilə bağlı geniş müzakirələr üçün mühüm platforma rolunu oynayacağına əminliyini ifadə edib. Bildirib ki, sürətlə inkişaf edən texnologiyalar fonunda insanın cəmiyyətdəki mövqeyi və funksional rolunun dəyişməsi, süni intellektin və rəqəmsal texnologiyaların insan fəaliyyəti üzərindəki təsirlərinin elmi və fəlsəfi aspektdə dərindən təhlil olunması sərginin əsas istiqamətlərindən birini təşkil edir.

“Bu sərgi Azərbaycan elminin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini nümayiş etdirərək, AMEA-nın 80 illiyi çərçivəsində elmimiz və mədəniyyətimizin dünyada tanıdılmasına, geniş təbliğinə xidmət edir”, – deyə AMEA-nın prezidenti çıxışını tamamlayıb.

Sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov AMEA-nın 80 illik yubileyi münasibətilə hazırlanmış və yenicə çapdan çıxmış “Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı” kitabı haqqında məlumat verib. O, müəllifi olduğu kitabın XI Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş etdirildiyini bildirib.

Akademik Arif Həşimov diqqətə çatdırıb ki, kitabda fəaliyyətini dövrünün real şəraitinə uyğun olaraq həyata keçirən AMEA-nın yaranma və inkişaf tarixinin bir sıra əlamətdar hadisələri işıqlandırılıb. Nəşrdə XX əsrin ilk illərində elmi bir qurum kimi formalaşan Akademiyanın tarixi zərurət və elmi tələblərdən doğan təşəkkül prosesi, onun keçdiyi inkişaf mərhələləri və ölkənin elmi həyatındakı əhəmiyyəti təhlil edilib.

AMEA-nın akademik-katibi kitabda, həmçinin elmi-təşkilati inkişaf, aparılmış islahatlar, Elmlər Akademiyasının strukturu, tanınmış elm və ictimai xadimlərinin fikirləri, formalaşan elmi məktəblər haqqında məlumatların da yer aldığını söyləyib.

Tədbirdə Türk Dil Qurumunun başqanı professor Osman Mert çıxış edərək kitabların insan həyatındakı əvəzsiz rolundan bəhs edib. Bildirib ki, sərgidə nümayiş olunan kitabların bir qismi Türkiyə ilə ortaq dəyərləri özündə əks etdirir. Xüsusilə “Molla Nəsrəddin” kimi əsərlər Türk xalqlarının mədəniyyət tarixi və ortaq milli-mənəvi irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu nəşrlər həm tariximizə işıq salır, həm də gələcəyə baxış imkanı yaradır.

Türk Dil Qurumunun başqanı XI Bakı Beynəlxalq Kitab Sərgisinin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, bu kimi mədəni platformaların xalqlar arasında elmi-mədəni əməkdaşlığı gücləndirdiyini bildirib. O, Türk Dil Qurumu olaraq beynəlxalq sərgidə iştirakdan məmnunluq duyduqlarını ifadə edib.

Daha sonra çıxış edən millət vəkili, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Elnarə Akimova XI Bakı Beynəlxalq Kitab Sərgisinin müxtəlif məfkurəyə, missiyaya və peşəyə sahib insanları bir araya gətirərək fikir və ideya mübadiləsi üçün geniş imkanlar açdığını bildirib. Qeyd edib ki, sərgidə təqdim olunan kitabların bir qismi gələcəyə ünvanlanıb və məhz buna görə də həmin nəşrlər mənəvi həyatımıza gələcəyin aydınlığından işıq salır, cəmiyyətin intellektual inkişafına töhfə verir.

Elnarə Akimova çıxışında, həmçinin Ədəbiyyat İnstitutunun mühacirət ədəbiyyatı ilə bağlı araşdırmalarından danışıb. Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə və digər milli fikir ziyalılarının yaradıcılığının öyrənilməsinin xüsusi önəm daşıdığını söyləyib. Bildirib ki, institutda müstəqillik dövrü ədəbiyyatımızın tədqiqi istiqamətində də əhəmiyyətli işlər görülür, monoqrafiyalar hazırlanır, yeni kitablar nəşr olunur. Bu tədqiqatlar milli ədəbiyyatımızın 100 illik inkişaf yoluna obyektiv münasibəti göstərir.

O, bu kimi layihələrin gələcəkdə davamlı şəkildə həyata keçiriləcəyinə və milli ədəbiyyatımızın zəngin irsinin bundan sonra da yüksək tribunalardan səsləndiriləcəyinə əminliyini ifadə edib.

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva XI Bakı Beynəlxalq Kitab Sərgisinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik və AMEA Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyləri ilə üst-üstə düşməsini əlamətdar hadisə kimi qiymətləndirib.

O, Akademiyanın 80 illik yubileyi münasibətilə Mərkəzi Elmi Kitabxana tərəfindən AMEA-nın təsisçilərinin, görkəmli ellm adamlarının biblioqrafiyalarının çap edildiyini diqqətə çatdırıb.

Aytən Əliyeva bildirib ki, MEK-in biblioqrafik çap məhsulları uzun illərdir Elmi biblioqrafiya şöbəsi tərəfindən hazırlanır. 1964-cü ildən etibarən biblioqraf R.Kazımovun təşəbbüsü ilə “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası altında çoxsaylı biblioqrafik göstəricilər tərtib edilərək çap olunub.

O, bu ildən AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin göstərişi ilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası adı ilə silsilə biblioqrafik göstəricilərin nəşr olunmasının AMEA-nın 80 illik yubileyinə əhəmiyyətli töhfə olduğunu vurğulayıb.

Aytən Əliyeva bu kimi sərgi və tədbirlərin gənc nəslin maariflənməsi və elmi irsə marağın artırılması baxımından vacibliyini vurğulayıb.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev çıxış edərək bəşəriyyətin ən böyük kəşfinin kitablar olduğunu söyləyib. Bildirib ki, Azərbaycan xalqının mənəvi dünyasında kitab həmişə özünəməxsus dəyərli yer tutub, kitaba hər zaman böyük sevgi və hörmət olub.

“İnsanların yaratdıqları kitablarda yığılıb, nəsildən nəsilə, əsirdən əsrə keçib və bəşəriyyət bu kitablar sahəsində inkişaf edərək yeni mərhələyə keçib”, – deyə o, əlavə edib.

Professor Qəzənfər Paşayev AMEA-da, eləcə də Ədəbiyyat İnstitutunda son illərdə akademik İsa Həbibbəylinin rəhbərliyi ilə görülən işləri diqqətə çatdırıb, sərginin işinə uğurlar arzulayıb.

Qeyd edək ki, “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunan XI Bakı Beynəlxalq Kitab Sərgisi 7 oktyabr 2025-ci il tarixinədək davam edəcək.

Chosen
12
2
veteninfo.az

3Sources