EN

Məktəbli avtobusları işə düşüb, qiymətlər müzakirə doğurub - TƏHLİL

Oktyabrın 1-dən etibarən Bakıda məktəblilərin daşınması məqsədilə həyata keçirilən “2school” layihəsinin icrasına başlanılıb. Pilot mərhələdə layihə 8 dövlət və 3 özəl məktəb olmaqla ümumilikdə 11 təhsil müəssisəsini əhatə edir.

Layihə çərçivəsində şagirdlərin məktəbə və evə rahat və təhlükəsiz şəkildə daşınması nəzərdə tutulur. Daşıma xidməti aylıq abunəlik əsasında təşkil olunur və qiymətlər məsafəyə görə dəyişir. İlkin mərhələdə abunə haqqı 100 manatdan başlayır.

 

Qiymətlər valideynlər tərədindən birmənalı qarşılanmayıb

Layihənin icrasına başlandığı gündən etibarən bəzi valideynlər təqdim edilən qiymətlərin yüksək olduğunu bildiriblər. Onların sözlərinə görə, aylıq 240 manatlıq ödəniş təklif olunur ki, bu da taksi xərclərindən daha baha başa gəlir.

“Proqramı yüklədim, uşağım üçün hesablanan aylıq qiymət 240 manat göstərdi. Bu, ailə büdcəmiz üçün ağırdır. Taksi ilə uşağı daha ucuz qiymətə apara bilərəm”, –  valideyn anews.az-a bildirib.

Qiymətlər minimum əmək haqqının 60%-nə bərabərdir

İqtisadçı Rəşad Həsənovun fikrincə, bu cür xidmətlər sosial və logistika baxımından  vacibdir. Lakin təklif olunan qiymətlərin əhalinin alıcılıq qabiliyyətinə uyğunlaşdırılması da önəmlidir.

“10-15 km məsafəyə görə valideynlərdən iki tərəfli daşınma üçün 240 manat alınır. Bu, minimum əmək haqqının təxminən 60 faizinə bərabərdir. 40 nəfərlik avtobuslarda maya dəyəri daha aşağı 35-37 manat ətrafında olur. Balaca tutumlu (10-11 nəfərlik) avtobuslarda bir şagirdin daşınması üçün orta maya dəyəri təxmini 122-123 manata başa gəlir. Bir sürücünün bu prosesə cəlb edilməsi 1000 manata başa gələr. Bunun səmərəli təşkili üçün işlər aparılmalıdır. Qiymət siyasətində şəffaf tenderlər vacibdir ki, rəqabət formalaşsın və qiymətlər optimallaşsın”, – iqtisadçı bildirib.

Qiymətlər sosial  baxımdan ədalətli olmalıdır

Milli Məclisin Təhsil Komitəsinin üzvü Mehriban Vəliyeva qeyd edib ki, hazırda tətbiq edilən abunə haqları çoxuşaqlı və orta gəlirli ailələr üçün ağır maliyyə yükü yarada bilər.

“Aylıq abunə haqqı məsafədən asılı olaraq 180 manatdan 250 manata qədər dəyişir ki, bu da minimum əmək haqqının təxminən 60 faizinə bərabərdir. Xüsusilə çoxuşaqlı və orta gəlirli ailələr üçün bu, ciddi maliyyə yükü deməkdir. Beynəlxalq təcrübə göstərir ki, Avropanın əksər ölkələrində məktəbli avtobusları ya pulsuz, ya da dövlət tərəfindən subsidiyalaşdırılmış şəkildə – daha münasib qiymətlərlə təqdim olunur. Məqsəd yalnız nəqliyyat sıxlığını azaltmaq deyil, eyni zamanda təhsilin əlçatanlığını təmin etməkdir. Sosial ədalətin təmin olunması üçün dövlət tərəfindən qiymətlərin müəyyən hissəsinin subsidiya edilməsi, qazi və şəhid ailələrinə, aztəminatlı və çoxuşaqlı ailələrə daha geniş güzəştlərin tətbiqi, pilot mərhələnin nəticələri əsasında qiymət siyasətinə yenidən baxılması və ictimai müzakirələrdən sonra layihənin geniş miqyasda tətbiqi gərəklidir. Təhsil universal hüquqdur və uşaqların məktəbə gediş-gəlişi də universal əlçatanlıq prinsipi əsasında təşkil olunmalıdır. Əminəm ki, bu layihə uğurla tətbiq olunacaq və dövlətlə vətəndaşların maraqlarını balanslaşdıran yeni bir model formalaşacaq”, –  deputat bildirib.

Bəs yeni  layihə Bakıda tıxac problemini həll edəcəkmi?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Toğrul Nəsirli bildirib ki, “2school” layihəsi nəqliyyatın sıx olduğu məktəbətrafı ərazilərdə avtomobil yükünün azalmasına səbəb olacaq.

“Bu, eyni zamanda uşaqların təhlükəsizliyi baxımından da çox əhəmiyyətlidir. Şagirdlərin eyni nəqliyyat vasitəsi ilə daşınması həm nəzarəti, həm də intizamı artıracaq. Bu, təhsil müəssilərinin yerləşdiyi küçə və prospektlərində nəqliyyat sıxlığının azalmasına səbəb olacaq amildir.”, – Nəsirli qeyd edib.

Layihə SABAH.HUB-un təşəbbüsüdür

“2school” layihəsi SABAH.HUB innovasiya mərkəzi tərəfindən hazırlanıb. Layihənin həmtəsisçisi Orxan Abbasov mərkəzin idarə heyətinin üzvüdür. 

Gülnar Nazimqızı 

Aytac Zeynaova

 

Chosen
9
2
anews.az

3Sources