EN

Ev işləri yaşlı insanların beyninə faydalıdır - Maraqlı araşdırma

Evi yığışdırmaq, yemək bişirmək və ya bağ işləri ilə məşğul olmaq yaşlı insanların beyninin sağlamlığına müsbət təsir göstərir. Bu nəticə BMC Geriatrics jurnalında dərc olunan yeni araşdırmada təsdiqlənib.

E-saglam.az xəbər verir ki, mütəxəssislər uzun müddətdir bilirlər ki, fiziki aktivlik yaddaşı və digər idrak funksiyalarını qoruyur, həmçinin demensiya riskini azaldır. Amma indiyə qədər aparılan araşdırmalar əsasən idman və məşqlərə yönəlmişdi. Yeni iş isə ilk dəfə göstərib ki, evdə görülən gündəlik işlər də beynin boz maddəsinin həcmini artıra bilər.

Tədqiqatda idrak pozğunluğu olmayan 66 yaşlı insan iştirak edib. Onlardan ev işlərinə — təmizlik, yemək bişirmə, alış-veriş, bağ və həyət işlərinə nə qədər vaxt sərf etdikləri soruşulub. Daha sonra onların beyinləri MRT müayinəsi ilə yoxlanılıb. Nəticələr göstərib ki, ev işləri ilə daha çox məşğul olanların beynində boz maddənin həcmi daha böyükdür. Xüsusilə bu artım yaddaş və öyrənmə üçün mühüm olan ön pay və hipokampda müşahidə olunub.

Aparıcı müəllif, Toronto şəhərindəki Baykrest Xəstəxanasının mütəxəssisi Noa Koblinksi bildirib ki, ev işləri az-intensiv aerob hərəkətlərə bənzər təsir göstərir: ürək-damar sağlamlığını yaxşılaşdırır, oturaq həyat tərzini azaldır və eyni zamanda planlaşdırma və təşkilatçılıq bacarıqları tələb edir. Bütün bunlar beynin yeni sinir əlaqələri qurmasına kömək edir.

Alimlərin fikrincə, bu nəticələr gələcəkdə demensiyanın profilaktikası üçün tövsiyələrin yenilənməsinə səbəb ola bilər və yaşlı insanları gündəlik həyatda daha fəal olmağa təşviq etməlidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
17
e-saglam.az

1Sources