EN

Qərbi Azərbaycan müəllimlərinin xatirə kitabı təqdim olundu- FOTOLAR

Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” adlı kitabın təqdimatı keçirildi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə Qərbi Azərbaycandan olan müəllimlərin xatirələrinə əsaslanan yeni kitab çapa hazırlanaraq oxuculara təqdim olundu.

Oktyabrın 1-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr”  adlı kitabın təqdimatı keçirildi.

Yeni nəşrdə Qərbi Azərbaycandan olan müəllimlərin şəxsi və ailəvi xatirələri, tarixi məqalələri və yaddaş salnaməsi toplanıb. Kitab həm müəlliflərin özlərinin, həm də valideynlərinin yaşadıqları hadisələr əsasında formalaşıb. Burada Qərbi Azərbaycanın tarixi torpaqları, xalqımızın orada əsrlər boyu yaşaması, deportasiya faciələri, mədəniyyət abidələrinin məhv edilməsi və xalqımıza qarşı törədilən vandalizm faktları ətraflı təsvir olunub.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu nəşri yalnız bir kitab kimi deyil, həm də bir yaddaş salnaməsi kimi dəyərləndirdi və bildirdi ki,müəllimlərimizin xatirələri gələcək nəsillərə ötürüləcək tarixi bir vəsaitdir. Kitab Qərbi Azərbaycan həqiqətlərinin daha geniş yayılmasına xidmət edəcək.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında müəllimlərin xatirələrinin təkcə şəxsi yaddaş olmadığını, həm də xalqımızın milli yaddaşının bir parçası olduğunu, gələcək nəsillərin formalaşmasında müəllimlərin ən mühüm rolu oynadıqlarını vurğuladı. Onların doğma yurda dair yazdıqları xatirələrin  tariximizin öyrənilməsi üçün çox qiymətli olduğunu qeyd etdi.

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə bu xatirələrin yalnız tarixi deyil, həm də hüquqi baxımdan mühüm olduğunu, xalqımızın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinə töhfə verdiyini qeyd etdi.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, deputatlar Vüqar Rəhimzadə və Ceyhun Məmmədov çıxışlarında müəllimlərin yazılarını həm təhsil tarixinə, həm də Qərbi Azərbaycan yaddaşına əlavə dəyər gətirən mühüm bir töhfə adlandırdılar.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova və Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov isə qeyd etdilər ki, kitab pedaqoqların yalnız müəllim kimi deyil, həm də yaddaş daşıyıcısı və tarix şahidi kimi fəaliyyətini ortaya qoyur.

Sumqayıt şəhər 39 nömrəli məktəbin direktoru Bəxşeyiş Ələmşahov çıxışında kitabda əks olunan xatirələrin gələcək nəsillərə yurd sevgisini, milli kimlik hissini ötürəcəyini bildirdi.

Layihə meneceri və kitabın tərtibçisi Rövşən Ağayev çıxışında bildirdi ki, müəllimlərin yazdıqları bu xatirələr təkcə şəxsi hisslər deyil, həm də tarixi sənəd kimi dəyərləndirilməlidir.

Qeyd edək ki, təqdim olunan kitab pedaqoqlar, ziyalılar və Qərbi Azərbaycan yaddaşını öyrənmək istəyən bütün oxucular üçün nəzərdə tutulub.

Chosen
5
news365.az

1Sources