EN

Masallıda qızların təhsili mövzusunda tədbir keçirildi- FOTOLAR » AzadMedia.az


“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir 26 sentyabr 2025-ci il tarixində Masallı rayonunun Dəfinə Liseyində keçirildi.

News365.az xəbər verir ki, tədbirdə liseyin 9–11-ci sinif şagirdləri iştirak etdi. Görüşün əsas mövzusu erkən nikahların qarşısının alınması, qızların təhsildə iştirakının vacibliyi və onların inkişafında hüquqlarının təmin olunmasının əhəmiyyəti oldu. Tədbir Masallı rayon İcra hakimiyyətinin, Elm və Təhsil nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirildi.

Layihənin rəhbəri Elnurə Abuşova çıxışında layihənin məqsədləri və həyata keçirilməsində yerli qurumların əməkdaşlığının əhəmiyyətini vurğulayıb, göstərilən dəstəyə görə təşəkkür edib və mövzunun cəmiyyətimiz üçün aktuallığını xüsusi qeyd edib. Təhsilin qızların həyatındakı rolundan danışan layihə rəhbəri şagirdləri dərslərini yaxşı oxumağa, təhsil almağa səslədi. Dövlətin hər bir vətəndaşın təhsil almasında maraqlı olduğunu, ödəniş üçün tələbə kreditlərinin verilməsini diqqətə çatdıran Elnurə Abuşova çıxışında bildirib ki, “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi 01.08.2025-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qızların İşıqlı gələcəyi naminə maarifləndirmə” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi erkən nikahların qarşısının alınması, qızların təhsilə daha çox cəlb edilməsi və sağlam ailə dəyərlərinin təşviq edilməsidir. Bu məqsədə nail olmaq üçün maarifləndirmə tədbirləri və media kampaniyası vasitəsilə fərqli sosial qruplar arasında davranış və təcrübə dəyişiklikləri təşviqi həyata keçirilib.

Layihənin icrasının nəticəsi olaraq valideynlər, icma liderləri və cəmiyyət arasında erkən nikahın mənfi təsirlərinə dair məlumatlılığın artırılması, qızların təhsilinə dəstək verilməsinə təşəbbüs, gənc qızların öz potensiallarına inanaraq həm təhsil, həm də peşəkar bacarıqlarını inkişaf etdirməyə həvəsləndirilməsinə töhfə verməkdir.

Çıxış üçün söz Ombudsman Aparatının Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılova verilib. Ombudsman Aparatının Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışı zamanı uşaqların hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib. O, Uşaq hüquqları üzrə yaradılmış müvafiq şöbənin və qaynar xəttin fəaliyyəti, uşaqların hüquqlarının hansı hallarda pozulması və bu istiqamətdə aparılan işlər barədə şagirdləri məlumatlandırdı.

Ardınca söz alan “Ümidli Gələcək” təşkilatının nəzdində fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nin rəhbəri Kəmalə Ashumova isə erkən nikahların qızların ruhunda açdığı izlərdən danışdı. Kəmalə xanım qeyd etdi ki: “Erkən nikaha məcbur edilən qızların çoxu uşaqkən uşaq olmağı unudur. Onlar özlərini ailə yükünün, məsuliyyətin altında tapır, arzularını qəlbinin dərinliklərində basdırır. Bu, onların azad seçim haqqının əlindən alınmasıdır.”Kəmalə xanım əlavə edib ki, hər bir qızın güvənə biləcəyi, danışa biləcəyi bir ünvan olmalıdır və “Uşaq Qaynar Xətti” məhz bunun üçün fəaliyyət göstərir. O vurğulayıb: “Bu layihə təkcə qızlara hüquqlarını öyrətmir, onlara ‘sən bacaracaqsan, sən dəyərlisən’ mesajını da verir.”

Tədbirin yekununda iştirakçılarla birlikdə “Uşaq Qaynar Xətti”nə zəng edilib və uşaqlar müraciət prosesini praktik olaraq müşahidə etmişlər. Qaynar xəttin operatorları ilə canlı ünsiyyət yaradılaraq uşaqlara müraciət mexanizmi əyani şəkildə göstərilmişdir. Bununla yanaşı, tədbir zamanı həm uşaqları, həm də valideynləri maraqlandıran suallar səsləndirilmiş, mövzu ətrafında diskussiya aparılmış və bütün suallar ətraflı şəkildə cavablandırılmışdır.

Tədbir yüksək fəallıq və maraqla qarşılanaraq qarşılıqlı müzakirələr və şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşdı.

Chosen
14
7
azadmedia.az

9Sources