EN

Qan qrupunun insult riskinə təsiri: alimlərdən yeni nəticə

Amerikalı alimlərin apardığı genişmiqyaslı tədqiqat insanın qan qrupu ilə erkən yaşda insult keçirmə ehtimalı arasında maraqlı bağlılıq ortaya çıxarıb.

Musavat.com xəbər verir ki, “Neurology” jurnalında dərc olunan araşdırmada müəyyən edilib: qan qrupunun bəzi variantları 60 yaşadək insult riskini artırır, digərləri isə əksinə, azaldır.

Əsas nəticələr belədir: 

A1 geninə sahib şəxslərdə erkən insult riski 16% daha çoxdur.
O1 geninə malik şəxslərdə risk 12% aşağıdır.
B qan qrupu daşıyıcılarında isə bu göstərici təxminən 11% yüksəkdir.

 

Tədqiqat çərçivəsində 17 min insult xəstəsinin və 600 min sağlam şəxsin genetik məlumatları müqayisə olunub. Alimlər bildirirlər ki, qan qrupunun təsiri yalnız 60 yaşdan əvvəl baş verən insultlarda özünü göstərir. Daha yaşlı insanlarda bu bağlılıq müşahidə olunmayıb. Bu isə gənc və yaşlı orqanizmlərdə xəstəliyin inkişaf mexanizmlərinin fərqli olması ilə izah olunur.

Mütəxəssislərin ehtimalına görə, fərqlər əsasən qan laxtalanması və damar fəaliyyətinin xüsusiyyətləri ilə əlaqəlidir. Bu amillər erkən yaşlarda riskin artmasına səbəb ola bilər.

Bununla yanaşı, alimlər vurğulayırlar ki, risk fərqləri mövcud olsa da, ümumi göstərici hələ də nisbətən aşağıdır və xüsusi tibbi tədbirlərə ehtiyac yoxdur. Çünki insultların əksəriyyəti 65 yaşdan sonra baş verir.

Beləliklə, qan qrupu müəyyən rol oynasa da, əsas amillər həyat tərzi, sağlam qidalanma, fiziki aktivlik, eləcə də təzyiq və şəkərin nəzarətdə saxlanılması olaraq qalır. 

 

Musavat.com

Chosen
9
musavat.com

1Sources