Son dövrlər idman zallarında qəfil ölümlərin və infarkt hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurub. Mütəxəssislərin fikrincə, bu kimi halların arxasında bir neçə əsas faktor dayanır.
Milli.Az xəbər verir ki, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudovun sözlərinə görə, bu hallar əsasən gizli ürək-damar problemlərindən qaynaqlanır. Onun sözlərinə görə, bəzi gənclərdə heç bir əlamət hiss edilməsə də, anadangəlmə ürək qüsurları və ya ritm pozğunluqları ola bilər. Ağır fiziki yüklənmə zamanı bu gizli pozuntular aktivləşərək qəfil ürək dayanmasına səbəb ola bilər. Yaşlı insanlarda isə əsas risklər arasında damar tıxanıqlığı, yüksək qan təzyiqi və diabet kimi xroniki xəstəliklər ön plana çıxır.
Rəşad Mahmudov həmçinin enerji içkiləri və idman əlavələrinin də bu cür hadisələrdə rol oynadığını qeyd edib. Onun sözlərinə görə, bu məhsulların tərkibindəki yüksək dozada kofein, taurin və digər stimulyator maddələr ürək ritmini sürətləndirir, təzyiqi yüksəldir və aritmiya riskini artırır. Bu içkilər, xüsusilə intensiv fiziki fəaliyyətlə birlikdə qəbul edildikdə, ürəyin dayanması və ya infarktla nəticələnə bilər.
Üçüncü mühüm səbəb isə həyat tərzindəki kəskin dəyişikliklərlə bağlıdır. Mütəxəssis bildirir ki, uzun müddət passiv həyat tərzi keçirən, hərəkətsiz olan və zərərli vərdişlərə sahib şəxslərin birdən-birə ağır fiziki məşqlərə başlaması orqanizmi ciddi stressə salır. Bu zaman damarlarda illərlə yığılıb qalmış, lakin aktiv olmayan çökmələr qoparaq damarların tutulmasına yol aça bilər. Nəticədə isə ürək tutması və ya ani ölüm riski yaranır.
Asya
Milli.Az