Buxarest, 2 oktyabr, AZƏRTAC
Rumıniyanın Yassı şəhərindəki Petre Andrei Universitetində tarix, mədəniyyət və siyasəti əks etdirən “POLİS” elmi jurnalının Azərbaycana həsr olunmuş xüsusi nəşrinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda Rumıniya Senatının prezidenti Mirça Abrudeanın videomüraciəti səsləndirilib. O, “POLİS”in ölkəmizə həsr olunmuş xüsusi buraxılışın işıq üzü görməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycanı Avropa və Asiya arasında strateji yerləşməsi, enerji resursları və regional təhlükəsizlik arxitekturasındakı rolu sayəsində qlobal dinamik proseslər şəraitində əvəzolunmaz ölkə adlandırıb.
Senator, hakim Milli Liberal Partiyasının (PNL) parlament fraksiyasının sədrinin müavini, Senatın mədəniyyət və media komitəsinin sədri, eləcə də Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaşın da videomüraciəti səsləndirilib. Millət vəkili bu ilin avqustunda Qarabağa rəsmi səfərini xatırlayaraq, əsrarəngiz diyarda Azərbaycanın ruhunu hiss etdiyini qeyd edib. O, Azərbaycanın regionda günü-gündən artan nüfuzunu, aparıcı rolunu vurğulayıb, ölkəmiz ilə Rumıniya arasında münasibətlərin Asiya ilə Avropa arasında iqtisadı körpü rolu oynayacağına əminliyini ifadə edib.
Universitetin senatının sədri, professor Sorin Bokançea Azərbaycana həsr olunmuş “POLİS” jurnalının xüsusi nəşrinin elmi əhəmiyyətini qeyd edib, iki ölkənin akademik dairələri arasında dialoqun qurulması üçün fürsət yaratdığını bildirib.
Səfir Qüdsi Osmanov çıxışında qeyd edib ki, Azərbaycana həsr olunmuş jurnalının xüsusi nəşrində azərbaycanlı doktorantların siyasət, tarix, iqtisadiyyat və beynəlxalq münasibətlər barədə ölkəmizə aid müxtəlif aktual mövzuları dərc olunub. Həmçinin, diplomat bu nəşr sayəsində Rumıniyadakı oxucuların bir addım da Azərbaycana yaxınlaşmasını bildirib. Səfir universitetin rəhbərliyinə, jurnal üzərində əməyi keçən heyətə təşəkkürünü bildirərək, onları Azərbaycanın universitetləri ilə, xüsusən Qarabağ Universiteti ilə əməkdaşlığa dəvət edib.
Universitetin professoru, jurnalın icraçı direktoru Sabin Draqulin jurnalın mədəniyyətlər arası dialoqa töhfə verdiyini bildirib. O, elmi jurnalda Azərbaycanın siyasəti, tarixi və mədəniyyəti aspektlərinə həsr olunmuş məqalələrin rumıniyalı oxucular, o cümlədən regionla maraqlanan tədqiqatçılar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“POLİS” jurnalı beynəlxalq elmi platformalarda indekslənən Rumıniyanın aparıcı nəşrlərindən biridir.
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, Yassı şəhərinin rəhbərliyi, ictimai xadimlər, jurnalistlər, digər ali məktəblərin nümayəndələri iştirak ediblər.
Tədbir Rumıniya mediasında geniş işıqlandırılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest