EN

“Xəz paltolu Madonna”ları kim hədəfə aldı? – Dəbli kürklərin tarixi çöküşü...

Bir vaxtlar xəzdən hazırlanmış üst geyimləri zənginliyin və sosial statusun rəmzi idi. Xüsusən də tanınmış aktrisaların, müğənnilərin əynində bu bahalı xəzləri görən qadınlar  həsəd aparar, nə vaxtsa geyinə biləcəyi xəyalı ilə yaşayardı. Gəlin xonçasında “şuba” qoyulmasaydı bu, gəlinə hörmətsizlik, dəyərsizlik sayılardı. Güünümüzdə isə xəz geyimləri artıq müasir cəmiyyətin dəyərləri ilə uzlaşmır.

Moda yalnız gözəlliyə deyil, həm də ekoloji məsuliyyətə əsaslanmağa başlayıb. Ona görrə də əvvəllər qarşısında növbə düzülən, içərisində iynə atsan yerə düşməyən mağazalar indi alıcısız, boş qalıb.

Maraq üçün bildirək ki, xəz kürklərin dəb dünyasına daxil olması XVI əsrdən başladı. Bu dövrdə xəz kürkü ancaq kişilər geyinirdi. Lakin XIX əsrdən etibarən xəz qadınların qarderobuna daxil olaraq sosial status göstəricisi olmağa başladı.

Xəz kürklər niyə gözdən düşdü?

Əvvəllər necə istehsal olunduğu gizlədilən xəzlər sonradan anlaşıldı ki, təkcə pulu bahasına deyil, canı bahasına başa gəlirmiş. Xəz daha parlaq və uzunmüddətli qalsın deyə heyvanlar diri-diri soyulurmuş... Sosial platformaların sürətlə yayılması insanları maarifləndirdi. Nəticədə mərhəmət gözəlliyi üstələdi. Xəzə sadiq qalanları isə aktivistlər dinc qoymadı. Xüsusi təşkilatlar xəz sənayesinə qarşı kampaniyalar aparmağa başladı.

Devizlər paylaşıldı, dünənə qədər xəz geyimləri məşhur simalar reklam edidilərsə, artıq onlar da etirazçılara qoşuldular.

Bəzi cəmiyyətlərdə küçədə xəz geyinənlərin üstünə boya, palçıq ataraq onları qısnayırdılar. Hökumət səviyyəsində isə xəz satışını tamamilə qadağan edən ilk ölkə İsraildir. Bundan başqa, Böyük Britaniyadakı xəz fermaları həddən artıq təzyiq qarşısında bağlanmaq məcburiyyətində qaldı. Avstriyada da doqquz federal hakimiyyətdən altısı xəzin istehsalını qadağan edib. Bu ölkələrin heç birinin efirində xəz reklam edilmir, əksinə pislənir.
 

Qeyd edək ki, bir çox məşhur brend (Gucci, Prada, Versace, Chanel və s.) artıq orijinal xəz istifadə etmir. Moda dizaynerləri alternativ materiallara – süni xəz, texnoloji parçaya üstünlük verirlər. Hazırda süni xəzlər həm vizual, həm də toxunuş baxımından orijinala çox yaxınlaşıb.


Üstəlik daha ucuzdur, heyvan öldürülmür və eyni estetik effekti verir. Baxımı və saxlanması daha asandır.

Şəfiqə Şəfa, Bizim.Media

Chosen
26
1
bizim.media

2Sources