EN

“Bakı-Roma əməkdaşlığının dərinləşməsi əməkdaşlığa və sabitliyə töhfə verir” 

Azərbaycan-İtaliya münasibətləri uğurla inkişaf etməkdədir. İtaliya Prezidenti Sercio Matarellanın ölkəmizə sayca ikinci səfəri də müsbət nəticələrlə yadda qaldı. Bu illər ərzində münasibətləri ən yüksək səviyyəyə qədər inkişaf etdirən ölkələrimiz hər zaman bir-birini dəstəkləyib. Qarşılıqlı səfərlər, imzalanan əməkdaşlıq sənədləri real nəticələr verir və bu gün iki ölkə arasında əməkdaşlıq bir çox sahələri əhatə edir. Azərbaycan Prezidenti italiyalı həmkarı ilə görüşdə də bildirdi ki, ölkələrimiz arasında əlaqələr yerləşdiyimiz bölgənin inkişafı üçün də önəmlidir, bizim Avropa İttifaqı ilə əlaqələrimizə müsbət təsir göstərir. Rəsmi Bakı Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasında Romanın göstərdiyi dəstəyi xüsusi qiymətləndirir. TAP layihəsi isə bu gün İtaliyanın enerji asılılığının azaldılmasında xüsusi rola malikdir və bu, Azərbaycanın uğurlu əməkdaşlıq təşəbübsünün növbəti effektiv nəticələrindən biridir.

Prezidentlər ikitərəfli formatda və Avropa İttifaqı ilə bütövlükdə energetika sahəsində yeni layihələrin həyata keçirilməsinə dair müzakirələr apardılar.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti mütəmadi olaraq İtaliyanın ev sahibliyi etdiyi nüfuzlu Çernobbio forumuna da əsas qonaq qismində dəvət olunur. Bu, cənab İlham Əliyevə dost İtaliyanın ehtiramının göstəricisidir.

Yeri gəlmişkən, İtaliya keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Həmçinin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə ilk səfər edən əcnəbi qonaqlar arasında italiyalı diplomatlar ön sırada olub. İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərində aktiv iştirak edir.

Yada salmaq lazımdır ki, münaqişə başa çatdıqdan sonra İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə” qəbul etmişdi. O zaman da İtaliyalı deputatlar işğaldan azad edilmiş ərazilərin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə xəritələrin verilməsilə bağlı çağırış etmişdi. Roma həm də üçüncü tərəflərin Azərbaycan-Ermənistan sülh dialoquna müdaxiləsini pisləyir. Dost İtaliya həmçinin Vaşinqton sammitində əldə edilmiş razılaşmaları da Azərbaycanın uğuru hesab edir. 

Bakıda yeni fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universiteti isə ölkələrimiz arasında dostluq rəmzi kimi xarakterizə olunmalıdır. Hesab edirəm ki, S.Matarellanın bu səfərindən sonra münasibətlərdə yeni uğurlu nəticələr əldə ediləcək. 

Bir sözlə, Bakı-Roma əməkdaşlığının dərinləşməsi əməkdaşlığa və sabitliyə töhfə verir.

Chosen
19
4
sabahinfo.az

5Sources