EN

Sabiq kapitan: “Qarabağ" ümid verir, bizi inandırır ki, gələn oyunlarda da qələbə olacaq

BAKI, 2 ojktyabr. TELEQRAF

“İlk dəfə qarşılaşanda "Kopenhagen"in imkanları bizimlə müqayisədə daha yüksək idi, daha yaxşı futbolçuları vardı. Amma bu il heç bir cəhətdən rəqibdən geri qalmırdıq. Nə oyunçular, nə komanda, nə də futbol baxımından. Hətta dünən şahid olduq ki, "Qarabağ" daha üstün futbol oynadı”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın sabiq kapitanı Maksim Medvedev deyib.

36 yaşlı veteran futbolçu “Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) II turunda Danimarkanın “Kopenhagen” klubunu 2:0 hesabı ilə məğlub etməsi barədə fikirlərini bildirib.

2017-ci ildə “Köhlən atlar” ÇL-nın qrupuna düşərkən bu komandaya qarşı oynamış Medvedev müqayisə aparıb: “Doğrudan da bütün Azərbaycan xalqı üçün möhtəşəm gecə oldu. “Qarabağ” çox yaxşı çıxış etdi. Dominant futbol oynadı, rəqibdən hərtərəfli üstün olduğunu göstərdi.

Düzdür, mən də “Kopenhagen”ə qarşı oynamışam. Həmin il ilk dəfə Çempionlar Liqasının qrupuna düşmüşdük. “Kopenhagen” onda fərqli idi, dominant futbol oynayırdılar. Biz onlara qarşı oynayanda üstün tərəf onlar idi. Hazırda isə tam formalaşmış komandayıq, favorit də biz görünürdük. “Qarabağ” Danimarka təmsilçisini tam üstələdi”.

Sabiq kapitan komandanın uğurlu nəticələrini davam etdirəcəyinə inamını bildirib: “Komanda tarix yazır. Futbolçular əlindən gələnin ən yaxşısını edirlər ki, yaxşı nəticə göstərsinlər. Ümid verir və bizi inandırır ki, gələn oyunlarda da eyni şey olacaq. Arzu edirəm, zədələrdən, pis gözdən uzaq olsunlar”.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyanın “Benfika” və Danimarkanın “Kopenhagen” klubunu məğlub edərək aktivinə 6 xal yazdırıb. “Köhlən atlar” hazırda turnir cədvəlində 36 komanda arasında 6-cı pillədə yer alır.

Chosen
28
1
teleqraf.com

2Sources